Fikir düşüncələri
“Sanki kimsə bıçağı götürüb və yer üzündən hər şeyi silib, lakin evlərin bünövrələrini saxlayıb... Orda yaşayan ermənilər satıla biləcək hər şeyi daşıyıb...Ən dəhşətli xarabalıqlar Ağdamdadır...Bu şəhər indi vaxtilə Yaponiyanın atom bombasından zərər çəkmiş Naqasaki şəhəri kimi məhv edilib....”
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın bu günlərdə mediaya açıqlamasındakı bu məqamı sətirbəsətir, sözbəsöz oxudum. Bəlkə 10 dəfə, bəlkədə daha çox, oxumağımın sayı hesabı yox idi. Amma nə faydası, oxumaqla torpaq geri qaytarılmır....
lll
Azərbaycan son iyirmi ildə regionun aparıcı dövlətləri sırasına qoşulmaqdadır. Az qala bugünkü Avropaya da meydan oxumaq niyyətindədir. Belə bir iddiada olmağı hər bir dövlət arzulasada, şans hər kəsə verilmir.
Lakin göründüyü kimi bütün sahələrdə müəyyən irəliləyişlər olsada, təəssüf edirəm ki, bu irəliləyiş Qarabağ cəbhəsində hiss edilmir. Sanki hansısa bir qüvvə bizi Qarabağdan uzaqlaşdırır. Və ən dəhşətlisi odur ki, sanki elə bu qüvvə də Qarabağı beyinlərdən silmək arzusu ilə yaşayır. Bu, yəqinki, tək məni deyil, bütün əlli millyonluq AZƏRBAYCANLINI narahat edir...
İyirmi ildə iyirmi santimetr torpağımızı qaytara bilməməyimiz mənən adamı sıxır, rahat buraxmır. Görən bu günkü nəsil torpağı qaytara bilməsə, bəs onda yeni dünyagörüşlə böyüyən nəsil bizə nələri deyəcək. Bilirikmi?
Biz iyirmi ili beləcə torpaqsız yola verdik. Heç olmasa növbəti iyirmi illikdə hər hansı addım ata biləcəyikimi? Axı yola verdiyimiz iyirmi ildə çox iş görə bilərdik. Amma az iş gördük. Məni qorxudan odur ki, belə getsə Ağdamsız, Şuşasız və Qarabağsız böyüyən gəncdə sabah qarabağlı mentaliteti, qarabağlı səsi, siyasəti və ən nəhayət “daşdan pul çıxarma” ideologiyası qalmayacaq. Sabah bu gəncdən Xankədi haqqında soruşanda deməyəcəkmi ki, söhbət “Gənclik”dəki möhtəşəm restorandan gedir. Və ya Şuşa haqqında soruşanda Təbriz küçəsindəki restoranı göstərib deməyəcək ki, o şəhər yox, restorandır. O cümlədən digər işğal altında olan yaşayış məntəqələrini... Bax bu məni qorxudur...
Biz bir milyon qaçqın və məcburi köçkünümüzün, habelə torpaqlarımızın iyirmi faizinin işğal altında olmasını əzbər bilirk. Bəs bu abzasın üçüncü, beşinci və onuncu cümləsini niyə demirik. Axı əlimizdə Ermənistan silahlı dəstələrinin törətdikləri vəhşilikləri isbatlayacaq yüzlərcə, minlərcə fakt var. Bu faktları təhlil edib, məgər ictimai müzakirəyə vermək olmazdımı. Siyasilərimiz fikirlərini daim “lazım gələrsə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik” demələri ilə yekunlaşdırırlar. Deyirəm, Aqil müəllim demişkən “bəlkə elə özümüz bu “Lazıma ” minnətçi düşək ki, gəlsin...”
lll
Həqiqətən iyirmi ildə çox iş görə bilərdik. Bu gün ölkəmizin giriş qapılarından tutmuş paytaxta qədər nə bir yerdə sosial reklama, nə də ki, Qarabağ haqqında bilgilərə rast gəlməzsən. Bu gün böyüyən gəncin Ermənistan silahlı dəstələrinin ölkəmizə vurduqları maddi-mənəvi ziyanın həcmi haqqında bilgisi yoxdur. Axı torpaqlarımızın iyirmi faizini itirsəkdə Azərbaycanda Qarabağın yeri və çəkisi otuz faizi keçirdi. Bunu izah edəsi yüzlərlə tarixi sənəd var. Bugünkü gənc bilirmi ki, Qarabağın ölkəmizin tarixi inkişafında rolu böyük olub. Dünyada üçüncü yaşayış məskəni Qarabağda aşkar edilib. Ölkəmizdə dəvəçliyin və üzümçülüyün inkişafı məhz buradan başlayıb. Azərbaycanın ən məşhür maşın sənətkarları Ağdamda olub. Hələ mən məşhur dəri sənətkarlarını demirəm. Dünyada ikinci Çörək Muzeyinin Ağdamda yaradılmasını, Qarabağ atlarının dünyada yayılan şan şöhrətini də bu sıraya əlavə etsək siyahının nə qədər böyüdüyünü görə bilərik.
Ölkəmizdəki ilk məktəblər sırasında Şuşa, Füzuli və Ağdamda açılan təhsil ocaqlarındandır. Ağdamın perspektiv inkişafının məhz baş plana uyğun aparılması və bu planın hələ 1940-cı ildə müzakirəyə çıxarılmasından xəbərimiz varmı. Bu gün böyüyən gənc sabah Ağdam alındığı halda hansı hərəkət etməli olduğunu bilirmi. Və ya Ağdama, Şuşaya və işğal altında olan digər yaşayış məntəqələrinə necə gedəcək...
Bilmir, çünki nə itkilərimizi, nə də tariximizi lazımi səviyyədə təbliğ edə bilməmişik.
lll
Ağdam Çörək Muzeyinə həsr etdiyim ilk tədqiqatımda muzeyin yaranmasında və fəaliyyətində əməyi olan 52 nəfərlə görüşmüşdüm. Görüşdüyüm şəxslərin səksən faizi, içi özüm qarışıq muzeyə girişi xatırlamaqda çətinlik çəkdik. Yəni, yada sala bilmədik ki, muzeyə daxil olduqdan sonra hansı istiqamətə getməliyik. Artıq yaddaşımızdan bu məqamlar silinib. Etiraf etməliyik ki, səbəb bir tərəfdən yaşla bağlıdırsa, digər tərəfdən bu mövzuların tədqiq və təhlil olunmaması, o cümlədən yazıya köçürülməməsi ilə bağlıdır.
lll
İyirmi ildə atmadığımız addımlardan biri də, Ermənistanın yürütdüyü siyasətin iç üzünü açıb ortaya qoya biləcək ermənişünaslıq mərkəzinin yaratmamığımızla bağlıdır. Keçmiş sovet dönəmində SSRİ Elmlər Akademiyasının nəzdində ABŞ və Kanada adında bir institut fəaliyyət göstərirdi. ABŞ-da da eyni məzmunlu SSRİ adlı institut var idi.
Bu indi də belədir. Özünə rəqib bildiyin ölkənin inkişaf strategiyasını, problemlərini və digər məsələlərini öyrənmək məqsədi ilə strateji mərkəzlər fəaliyyət göstərir. Bu yazılmamış qanunlardan biridir. ABŞ, Rusiya, Çin və digər inkişaf etmiş ölkələr məhz bu səbəbdən bir-birilərini yaxşı tanıyır və tanıdığına görə də addım atırlar. Biz isə iyirmi ildir torpağımızı həyasızcasına işğal altında saxlayan, minlərlə azərbaycanlını məhv edən bir ölkənin iç üzünü dünyaya isbat etmək üçün hələ də bu tipli strateji mərkəz yaratmamışıq.
İkinci bir tərəfdən bu gün Azərbaycanın erməni dilində təbliğinə yer ayırmırıq. Bu təbliğatın elektron mediada, istərsə də, internet mediasında aparılması daha önəmlidir. Bu gün sərhədyanı ərazilərdə belə təbliğatın sistemli şəkildə aparılmasına ciddi şəkildə ehtiyac duyulur...
Düşmənə ancaq onun öz dilində danışıb qalib gəlmək olar, fikrimcə...
lll
Bu arada bir məqamı qeyd edim ki, 2012-ci ildə Xocalı soyqırımının tanıdılması ilə bağlı atılan addımlardan diqqətimi çəkən məhz dövlət başçısının da qatıldığı yürüş oldu. Bəlkə, elə bu cür sülhməramılı yürüşü Qarabağa təşkil edək. Sülhməramlı bir siyasətlə. Davasız-şavasız...
Bəlkə, ilkin olaraq Qərvəndə, Xaçın çayın burada olan körpüsünədək gedək. Xalqın tələbini, istəyini göstərmək üçün.
Həm də Qarabağa yol məhz buradan başlayır axı...
Yekun olaraq deyim ki, biz bütün cəbhələrdə qazandığımız uğurları Qarabağa kökləməliyik. Xüsusəndə ideologiya sahəsində. Bundan sonra “ən dəhşətli xarabalıqlar”la üz üzə qalmamaq üçün hər zaman Qarabağı qaytarmaq barəsində düşünməli, hər birimiz çalışdığımız sahədə problemin həllinə dəstək verməliyik.