(Əvvəli ötən şənbə saylarımızda)
Antonin kimi mənim üçün şəhər və vətən Romadır, bir insan kimi isə – dünyadır.
Mark Avreli
Hindistana getmək üçün Qərbə tərəf üzmək barədə müraciətini ilk dəfə 1475-1480-ci illərdə etmişdi. O, bunu doğma Genuyasının hökumətinə və tacirlərinə ünvanlamışdı. 1483-cü ildə o, bu təklifi Portuqaliya kralı II Juana etsə də, monarxdan rədd cavabı almışdı. 1485-ci ildə Kolumb öz oğlu Dieqo ilə birlikdə İspaniyaya gəldi. Bir il sonra o, öz layihəsi ilə hersoq Medina-Selini maraqlandıra bildi, o, isə öz növbəsində Kolumbu öz dayısı kardinal Mendosa ilə tanış etdi. Axırıncı isə katolik krallar olan Ferdinand və İzabella tərəfindən onun qəbul edilməsinə köməklik göstərdi. Kolumb eyni təkliflə 1488-ci ildə İngiltərə kralı VII Henriyə də müraciət etmişdi.
1486-cı ildəki görüşdən sonra kraliça bu işi baş müsahibinə həvalə etdi. Görüşdə Kolumbun böyük səfərinə kraliça İzabella xüsusilə böyük maraq göstərdi və səyyah onu özünün himayəçisi hesab edirdi. 1504-cü ildə sonuncu səfərindən qayıtdıqda kraliçanın öldüyünü eşitdikdə çox məyus oldu, axı o, özünün əsl himayəçisini, onun kəşflərinə xüsusi qayğı göstərən bir tac sahibini itirmişdi.
Monarxlar Kolumbun təkliflərini öyrənmək üçün “adamları və dənizçiləri” nəzərdən keçirməkdən ötəri xüsusi komissiya yaratdılar. Komissiya onu dörd il gözlətdi, bu da komissiyanın lazımınca baş çıxarmaması və üstəlik, onun üzvlərinin baxışlarının mühafizəkarlığı ilə əlaqədar idi. Dörd il ərzində Kolumb sarayın arxasınca bir şəhərdən digərinə keçirdi. Yalnız Salamanka universitetinin professorunun – tacın varisi Don Xuanın müəlliminin köməyi ilə saray xəzinəsindən bir qədər pul aldı və 1489-cu ildə öz səyahəti üçün nəzərdə tutulan məbləği saraydan çıxarmağa nail oldu.
Lakin sonrakı ili komissiya onun xeyrinə olmayan məruzə təqdim etdi. Kral və kraliça onu bütünlüklə rədd etməsələr də, Kolumb hiss edə bilərdi ki, bəlkə də onun İspaniyada qonaq olması sona çatır.
Sonra Palosdakı gəmi sahibi Pintson onu partnyorluğa götürmək barədəki xahişini qəbul etdi. Səfərin xərci olduqca böyük idi. Ona rıtsar titulu verilməli və o, böyük admiral və vitse-kral təyin edilməli idi.
1491-ci ildə Kolumbun Ferdinand və İzabella ilə görüşü təkrar şəkildə Sevilyada baş tutdu. Görüşün nəticəsi yenə də ürəkaçan deyildi. Bu vaxt tac sahiblərinin başı İspaniyada axırıncı müsəlman dövləti olan Qranada ilə müharibədə qarışmışdı. 1491-ci ildə Kolumb böyük maqnat, yüzə qədər ticarət gəmisinin sahibi Medina-Sidoniyaya müraciət etdi, lakin kömək barədə ondan da rədd cavabı aldı.
1492-ci ildə güman ki, Fransaya və ya İngiltərəyə getmək istədi, lakin dostları kral və kraliçanı inandırdılar ki, mərhəmət göstərib onu yada salsınlar və bu vaxt onun bütün tələbləri müsbət qarşılandı.
1492-ci ildə artıq Qranada məğlub edilmişdi. Təntənə sevincini yaşayan kral Kolumbun tələblərini “həddən artıq böyük və qəbul edilməyən hesab etdi”. Lakin ona qarşı ilk mərhəmətli addımı yenə də kraliça İzabella atdı. Kral əri ilə kraliçanın maliyyə işləri ayrılıqda aparıldığından, İzabella bu şansın nə Portuqaliyanın, nə də Fransanın əlinə düşməməsi üçün layihənin baş tutmasından ötəri hətta “mən öz daş-qaşlarımı girov qoya bilərəm” ehtimalından çəkinmədiyini də bildirmişdi.
30 aprel 1492-ci ildə kral cütlüyü Kolumba “don” titulu (bu, onu zadəgan edirdi) verdilər və onu da bildirdilər ki, okeanın o tərəfinə səyahət layihəsi uğurlu olsa o, Dəniz-okean admiralı və kəşf etdiyi və ya ələ keçirdiyi torpaqların vitse-kralı olacaqdır.
Kolumba Martin Alonso Pintson çox kömək etdi. Səyahətə çıxan gəmilərdən biri – “Pinta” ona məxsus idi və onu öz hesabına səfərə hazırlamışdı.
Nəhayət, 3 avqustda üç gəmidə – “Santa Mariya”, “Pinta” və “Ninya” adlı gəmilərdə Kolumbun komandası Palosdan üzməyə başladı. Doqquz gün sonra Kanar adalarına çatdılar və qərb tərəfə istiqamət götürdülər. Bütöv ay ərzində hava və əhval-ruhiyyə həm yaxşı, həm də pis tərəfə dəyişilirdi. 12 oktyabr 1492-ci ildə gecə yarısı o, “Pinta”nın burnundan torpağı gördü. Səhər şəfəqində bakirə gözəllik və təzə rəngli torpaq, tapdıqlarından şadlanan ispanlar qarşısında açıldı. İki kapitanla və ekspedisiyanı müşayiət edən qulluqçularla birlikdə Kolumb kral bayrağını sahilə çıxardı. O, bayrağı yerə sancdı və torpağı Ferdinand və İzabellanın mülkiyyəti elan etdi. Bu yer Baham adalarından “Quanaxani” adası idi, onu ispanlar San Salvador adlandırdılar. O, bu yeni torpaqların Şərqi Asiya – başqa sözlə, Yaponiyanın və ya Hindistanın ətrafı olduğunu hesab edirdi. Sonralar avropalılar bu yeni kəşf edilmiş əraziləri Vest-İndiya, hərfi mənada “Qərbi Hindistan” adlandırdılar. Bu Avropada uzun müddət Ost-İndiya və ya hərfi mənada “Şərqi Hindistan” adlandırılandan fərqləndirmək üçün belə söz birləşməsi işlədilirdi.
Gördüyü hər şey Kolumbu inandırırdı ki, o, xəritələrdə aşağı tərəfdə göstərilən “Şərqin qurtaracağındakı adalar” arasındadır. Yerli adamların burnunda qızıl nümunələrini görəndə, o, buranı tərk etdi ki, “bəlkə də Çipanqu (başqa sözlə Yaponiya) ətrafına gələ bilməyi” gerçəkləşdirməyə tələssin.
Bir həftə ərzində o, ispan adları verdiyi gözəl adaların arasında var-gəl etdi, bu vaxt ümid edirdi ki, “Allah ona qızılın harada olduğunu göstərəcəkdir”. Ona sahib olmaq müasir dildə iqtisadi inkişaf adlana bilərdi. O, həm də quldarlıq barədə, çox sayda qul ələ keçirmək barədə fikirləşirdi. Hər yerdə xaç qaldırırdı.
Hələ ekspedisiyanın təşkili barədə Kolumb Ferdinanda və İzabellaya müraciətində yazmışdı ki, o, Çipanquya üzmək istəyir, oradan Kataya, daha sonra isə oradan hər iki Hindistana getmək niyyətindədir. Katay – “Çin” demək idi, Çipanqu adı altında isə Yaponiya başa düşülürdü. Yaponiya barədə Marko Polo xatirələrində elə uydurmalar söyləmişdi ki, bu istənilən adamı ora yollanmağa həvəsləndirərdi. Guya ki, orada “evlərin daşı təmiz qızılla örtülmüşdür”. Beləliklə, Kolumb özünün ilk məqsədi kimi, çox vaxt deyildiyi tək heç də Hindistanı deyil, Yaponiyanı hesab etmişdi.
Onun ada sakinləri ilə keçirdiyi “bal ayı” yeddi yerli məskunu zorla başqalarından ayırıb, götürməklə sona çatdı. Tuzemlər bu vaxt fikirləşməyə başladılar ki, ispanlar öz davranışlarına görə kanniballardan bir qədər az tiran xüsusiyyətlərinə malikdirlər. Kanniballar isə cənubdakı uzaq adalardan gəlib onları tutub aparır və yeyirdilər. Kolumbu inandırmışdılar ki, həmin kanniballar böyük bir xanın təbəələridir. Bu “fakt” onu inandırmışdı ki, ada sakinlərinin Kuba kimi xatırladıqları həmin böyük ada Çipanqunun özüdür. O, bir nəfər ispanı göndərdi ki, həmin xanla danışıqlar aparsın.
Lakin elçi nə xanı, nə də qızıl mədənini tapa bilmədi. Lakin Kolumb böyük sərvət mənbəyi olan tütünü kəşf etdi. San-Salvador adasında yerli sakinlər olan aravaklar ona “quru yarpaqları” – tütünü hədiyyə verdilər. Bu adamların bəzilərində qızıl qırıqları görəndə, Kolumb qiymətli metalın mənşəyini öyrənməyə can atdı. Cənuba tərəf hərəkət edərək Baham adalarının tərkibinə daxil olan yeni adaları kəşf etdi. Onların sakinlərindən də Kuba barədə bəzi şeylər öyrəndilər. Sonra onlar Kubaya gəlib çıxdılar. Lakin burada onlar nə qızıl, nə ədviyyat, nə də heç bir iri şəhər tapmadılar.
Donanma yenə üzməyə başladı, güclü şərq küləyi nəticəsində “Pinta” gəmisi yoxa çıxdı. Kolumb isə qorxurdu ki, “Pinta” gəmisində üzən Pintson qızıl mədənini kəşf edə və beləliklə, şöhrəti onun əlindən qopara bilər. İtmiş gəminin kapitanını axtaranda indi Haiti adlanan yerə gəlib çıxdı. Kolumb bu adanın gözəlliyinə valeh olub, onun adını dəyişdirərək Espanyola qoydu, bu söz “ispan adası” mənasını verirdi. O, ada sakinlərini fərasətlərinə, işgüzarlıqlarına və gözəlliklərinə görə tərifləyirdi.
Güclü külək “Santa Mariya” gəmisini sahilə atdı və gəmi yararsız hala düşdü. “Pinta” da artıq onun sərəncamında deyildi. Adamların hamısını “Ninya” gəmisində geri qaytarmaq mümkün olmayacaqdı. O, Villa de la Navidad məntəqəsini yaratdı və 38 adamı orada qoydu. Kolumb onları bir illiyə tərk edib, 1493-cü ilin yanvarının əvvəlində İspaniyaya döndü.
İki gün sonra “Pinta” gəmisi “Ninya”ya qoşuldu. Kolumb Pintsonun izahatını rədd etdi və onu qəsrin qapısından asmaqla hədələdi. Pintson buna belə cavab verdi: “Mən ona layiqəm, çünki səni indi qərar tutduğun şərəfə qaldırmışam”. Pintson onun adamları arxada, adada qoymasını da qəti şəkildə bəyənmədi. Nəhayət, 16 yanvar 1493-cü ildə onlar Avropaya üzdülər. Yolda tufan baş verdi. Öz kəşfinin naməlum qalacağını düşünən Kolumb əhvalatı yazıb kağızı dənizə tulladığı zənbilə qoydu. Dörd gün ərzində o, yatmadı. Pis qasırğalar gəmilərə hücum edirdi. Martın 4-də gəmilər Taq çayına girdi. Portuqaliya kralı onu böyük şərəflə qəbul etdi.
Pintson isə tezliklə Palosa gəlib çıxdı. O, krala və kraliçaya Kolumb barədə loyallığı əks etdirən məktub yazdı. Lakin ağır səfərdə taqətdən düşdüyündən o, 20 martda öldü. Kolumb da krala və kraliçaya məktub yazdı. Onlar, nəhayət, onu saraya gəlməyə dəvət etdilər. Portuqaliya kralının belə bir tədbiri görəcəyindən qorxub, ikinci ekspedisiyanı nə qədər mümkünsə tez göndərmək istədilər. Roma Papasından kəşf edilmiş İndiyaları onlara verən iki bulla qopara bildilər. Papa Qərbin hələ kəşf edilməmiş torpaqlarını da İberiyanın iki hakimiyyəti arasında böldü. Atlantik okeandan qərbdə olan ərazilər İspaniyaya, şərqdə olanlar isə Portuqaliyaya çatacaqdı.
Aprelin sonunda kral və kraliça onu təntənəli şəkildə qəbul etdilər. Monarxlar onu salamlamaq üçün ayağa qalxdılar və ona stul təklif etdilər. Bu, imtiyazlar və şərəf axınının yalnız başlanğıcı idi.
Onun narahatlığı “İndiya” işlərinə yepiskop Xuan de Fonsekanın başçı təyin edilməsi ilə başlandı. Saray məktubları Kolumbu və yeni rəisi tələsməyə çağırırdı. İkinci səfərdə 17 gəmi, 1000-dən 1500-ə qədər adam iştirak edəcəkdi. Maddi maneələr kifayət dərəcədə qorxulu idi, lakin əsas narahatlıq bu iki adamın arasındakı, həm də onların iki qulluqçusunun arasındakı fərqlər idi. Kolumb bütövlükdə ona nəzarət edilməsinə qarşı çox səbirsiz idi.
Kral və kraliça əlavə olaraq İndiyaların xristianlaşması və əhalinin maddi rifahına nail olunması vəzifələrini qoymuşdular. 25 sentyabr 1493-cü ildə donanma Kadisdən yola düşdü. 3 noyabrda sahili gördülər. Lövbər saldıqdan sonrakı gün onlar Qvadelupa adalarını kəşf etdilər. Lakin Kolumb qitəni axtarırdı. O, həmçinin Espanyolada qoyub getdiyi adamlar barədə həyəcan keçirirdi. Nəhayət, ora gəlib çatanda yerli başçılar tərəfindən ispanların məhv edildiyini öyrəndilər. O, göstəriş verdi ki, qırılmış adamların basdırdıqları qızılları axtarsınlar. Sonra o, adada daha yaxşı baza yaratmaq üçün üzdü, bir aya qədər hərəkət etdi və axırda bir tərəfi seçib orada Yeni Dünyadakı ilk Avropa şəhəri olan İzabellanı saldı (bu ad sonra Dominikan respublikasının şimal sahilindəki yaşayış məntəqəsinə verildi).
La Navidaddakı xəstəlik barədəki xəbərlər sarayda ona olan etimadı azaltdı. Kəşf belə bəlaya və ağır haqq ödənilməsinə layiq idimi? 29 martda İzabellaya geri dönəndə ərzağın istidən xarab olduğunu, adamların ac və hirsli olduğunu gördü. O, çalışdı ki, onları dəyirman tikməyə məcbur etsin, onda gətirdiyi buğda üyüdülməli idi. Bundan imtina edənləri o, cəzalandırdı. Kolumb bir neçə adamı dar ağacından asmışdı.
Plutarx yazır ki, onu vicdansız adlandırmaqla söyən arqoslulara Sparta çarı Kleomon demişdi: “Siz məni söyə bilərsiniz, sizin cəzanızı vermək isə mənim səlahiyyətimdədir”. Kolumb heç də Kleomondan geri qalmırdı, daha sərt cəza növlərini seçirdi.
Baxmayaraq ki, vəziyyət İzabellada və Santo Tomasda heç də yaxşı deyildi, Kolumb üç karavella ilə İspaniyaya yola düşdü, yenidən İzabellanı qardaşının himayəsi altında qoydu. Kolumb Kubanı tədqiq etmək istəyirdi, lakin xristianlığa keçirilmiş hinduların təkidi ilə cənub tərəfə üzüb 5 mayda Yamaykanı kəşf etdi və onu Santyaqo adlandırdı. Bir neçə günə Kubaya qayıtdı ki, onun materik olub olmadığını öyrənsin. Onun qərarı tezliklə sona çatdı, o, qərara gəldi ki, Kuba qitədir. Hər bir adama and içdirdi ki, onlar bu fikirdən üz döndərsələr dillərini qoparıb çıxaracaqdır. Yamaykanın cənub sahilləri boyu üzməyə başladı. O, xəstələndi və bir neçə gün ölüm təhlükəsi altında idi. Kralın və kraliçanın buraya gələn nümayəndəsi Espanyolada yerli əhalinin qiyam ərəfəsində olduğunu gördü, çünki Kolumb onlara qızıl vergi qoymuşdu. Nümayəndə ilə Kolumbun münaqişəsi beş ay çəkdi və vitse-kralın məğrurluğu xeyli dərəcədə alçaldı. Kolumb adalar arasında bir neçə həftə qaldıqdan sonra Avropaya üzüb Kadisdə lövbər saldı.
(Ardı var)