|
|
|
|
Qarabağla bağlı araşdırmaları, xüsusəndə Ağdam şəhərinin son yüzillik inkişafına həsr etdiyim tədqiqatla bağlı elmi mənbə və arxiv materialları ilə tanış olmaqla yanaşı, yerli sakinlərlə görüşür, “ruhlar şəhərini” heç olmasa virtual olaraq gəzirəm. Bu müddət ərzində rastlaşdığım ən ağır, bəlkədə dəhşətli məqam onda oldu ki, altıyüz metrlik “MVD” döngəsini küçənin dörd sakini ilə az qala bir aya yaxın müddətə gəzə bildik. Yazının bir hissəsini çapa verəndən sonra yada düşdü ki, Azərbaycanın dama üzrə çempionu Zəminə İbrahimova da burada yaşayıbmış...
Diqqətimizdən yayınan məqamlar yəqin ki, həm yaşımızla, həm də yaddaşımızla bağlıdır. Bu istiqamətdə aparılan ideoloji işi də qənaətbəxş saymaq olmaz. Odur ki, indidən, heç olmasa yaşlı nəslin nümayəndələri və ziyalılarımızla görüşməli, Ağdamla bağlı istənilən məqamlara aydınlıq gətirməliyik...
Bəli, bu gün Ağdam haqqında yazmaqla gənc nəslə şəhər haqqında müəyyən fikirlər çatdırmaq hər birimizin borcudur. Növbəti yazımızı Ağdamın birincilərinə, bu şəhərə rəhbərlik etmiş şəxslərə həsr etmək qərarına gəldik.
...1923-cü ildən yeddi il ərzində Ağdam Qəza mərkəzi olub. O dövrdə qəza rəhbərləri haqqında müəyyən bilgilər əldə etmək mümkün olmamışdır. Demək olar ki, topladığımız əsas məlumatlar Ağdamın rayon mərkəzi kimi fəaliyyəti ilə bağlıdır.
İlk olaraq qeyd edək ki, 1930-cu ilin avqust ayından inzibati rayon olaraq ərazi vahidi kimi formalaşdırılarkən Ağdamda ilk birinci katib vəzifəsini Vəliyev familiyalı şəxs icra edib. Vəliyev haqqında hər hansı bilgi əldə edə bilməsək də onu öyrənə bildik ki, 1936-cı ilin əvvəlinə kimi, o bu vəzifədə çalışmışdı. 1936-cı ildən onu bu vəzifədə tanınmış kinorejissor Ceyhun Mirzəyevin əmisi, əslən Gülablı kəndindən olan İbrahim Mirzəyev əvəzləyib.
1938-ci ilin may ayının 15-18-i aralığında rayonda keçirilən Ağdam RPK-nın V konfransı partiya komitəsinin birinci katibi işləmiş İbrahim Mirzəyevin fəaliyyətinin təftiş edilməsi ilə başlamışdı. İ. Mirzəyev 2 il ərzində partiyaya cəmi 30 nəfərin qəbul edilməsində, sıralarında 2500 nəfər olan komsomol təşkilatından lazımi şəkildə yararlanmamasında ittiham olunmuşdu. Konfransdan sonra keçirilən plenumda Ələkbər Eminov birinci katib seçilir. Qeyd edək ki, Ələkbər Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuş, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-ci ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsada təhsili yarımçıq qalmışdı. Eminov 1932-ci ildə partiya sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə, 1936-1938-ci illərdə Naxçıvanda komsomol təşkilatında çalışmışdı. 1938-ci ilin mayında isə Ağdam rayon partiya təşkilatının birinci katib seçilən Ə.Eminov, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdı.
1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir. Müşavirədə rayon təhsil şöbəsindəki problemlər müzakirə olunur və onun həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırılır. Qeyd edilən tədbirdə RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak etmişdi. Bu Ə.Eminovun iştirak etdiyi sonuncu tədbir olur. Bundan sonra o uzunmüddətli kursa gedir. Ələkbər Eminovun yerinə isə rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin (ZDS İK) sədri Fətullazadə seçilir. Fətullazadə bu vəzifədə müharibə başlananadək, iyun ayınadək, qala bilir. Martın 23-də Fətullazadənin yerinə, yəni Ağdam ZDS İK-nə isə Xosrov Vahabzadə seçilir. 1941-ci ilin sentyabr ayından Ağdam RPK-nın birinci katibi vəzifəsinə bundan əvvəl rayonda nəşr olunan “Lenin yolu” qəzetinin redaktoru işləyən Yusif Yusifov seçilir. Yusif Yusifov partiya işini tərk etdikdən sonra Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, tarix elmələri doktoru kimi ciddi elmi araşdırmaları olmuşdur.
1948-ci il fevralın 7-8-ində rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov birinci katib seçilir. M. Orucov 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuş, 1935-ci ildə APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək Jdanov (indiki Beyləqan ) RPK-nın birinci katibi seçilir. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülür. Ağdamdan sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
1951-ci ilin noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M.Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir. Məmməd Əliyev əslən Ağdamın Xıdırlı kəndindən olub, uzun müddət rayonda məsul vəzifələrdə çalışıb. O bu vəzifədə, 1952-cü ilin dekabrın 26-a kimi qala bilir. Onun rayon prokuroru ilə çəkişməsi, habelə şəhərə qeydiyyatla bağlı ciddi nəzarətin olması ilə bağlı atdığı addımlar, sonda M.Əliyevin vəzifəsinin itirilməsi ilə nəticələnir. Qeyd edək ki, M.Əliyev bu vəzifəyə Yevlax RPK-nın ikinci katibi vəzifəsindən gəlmişdi. RPK-nın həmin gün keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. H. Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuş, Qazaxda pedaqoji kursu,1948-ci ildə Azərbaycan qiyabi Pedqoji İnstitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK-nın birinci katibi vəzifəsinə seçilir.
1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir. O, bu vəzifədə cəmi altı ay işləyəsi olur. Sonralar T. Mustafayev Mingəçevir şəhərinin təhsil sistemində çalışdığı deyilir.
1963-ci ilin yanvarın 11-də Ağdam Kənd İstehsalat Partiya Komitəsinin birinci konfransında Behbud Səmədov Kənd İstehsalat Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçilir. Məhz həmin ildə rayonların birləşdirilməsi baş verir, Ağdam və Ağcabədi rayonları birləşdirilir. Bununla yanaşı rayon partiya komitələri kənd istehsalat partiya komitəsi adlanır.
1964-cü il iyun 5-də Ağdam Kənd İstehsalat Partiya Komitəsinin plenumu keçirilmiş və birinci katib Behbud Səmədovun fəaliyyəti ciddi tənqid olunmuş və irəli sürülən əsas iddia kadrların seçilməsində, yerləşdirilməsində ciddi səhvlərə yolverildiyi, kadrlar seçilərkən onların işgüzarlıqları və şəxsi keyfiyyətləri nəzərə alınmadığı qeyd olunur. İlk olaraq plenum Behbud Səmədovu birinci katib vəzifəsindən azad etmiş və onun yerinə Xosrov Ağayevi təyin etmişdi. 1965-ci ildə dekabrında Ağdam RPK-nın növbəti konfransı keçirilir. Konfransdan sonra keçirilən plenumda Nadir Abbasov birinci katib seçilir.
1970-ci ili iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Nadir Abbasov başqa işə keçməsi ilə əlaqədar birinci katib və büro üzvlüyündən azad edilir. Xatırladaq ki, Nadir Abbasov alicənab insan olaraq, savadlı kadrlara qarşı çox diqqətcil olması ilə fərqlənmişdi. Sonradan Ağcabədi və Salyan Rayon Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış, partiya və hökumət qarşısındakı fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Qeyd edək ki, 1970-ci ildə Nadir Abbasovun yerinə Həsən Əliyev birinci katib vəzifəsinə seçilir. Bu vəzifəyə elm sahəsindən gələn H.Əliyevin dövrü müəyyən gərginliklərlə müşaiyət onunsada, şəhərdə bir sıra işlər həyata keçirilmişdi.
1975-ci ildən –1980-cı ilin aprelinədək Ağdam RPK-nın birinci katibi vəzifəsini Telman Orucov icra edir. T. Orucov oz savadı və idarəçilik qabiliyyəti ilə digər birincilərdən seçilmişdi. T. Orucov 1980-cı ildə irəli çəkilərək komitə sədri təyin edildiyindən, Ağdam RPK-nın birinci katibi vəzifəsindən azad edilir.
1980-cu ilin aprelindən 1988-cu ilin noyabr ayına kimi Ağdam RPK-nın birinci katibi işləyən Sadıq Murtuzayev rəhbərlik etdiyi dövrü şəhərin tarixində ikinci qızıl dövr hesab etmək olar. Məhz bu illərdə şəhərin ümumittifaq və beynəlxaq aləmdə tanınmasında, o cümlədən şəhərin görkəminin yaxşılığa doğru dəyişməsində ciddi addımlar atılmışdır.
1988-cu noyabr 28-də bu vəzifəyə Aydın Quliyev seçilir. Əslən ağdamlı olan Aydın Quliyevin atası Manaf Quliyev uzun müddət rayonda bir sıra məsul vəzifələrdə çalışmışdı. Aydın Quliyevin rəhbərlik etdiyi dövr gərgin siyasi bir vaxta düşür. Ağdam ZDS İK-nın (rayispolkom) sədri vəzifəsindən 1983-cü ildə Gədəbəy RPK- nın birinci katibi vəzifəsinə irəli çəkilən A.Quliyev beş ildən artıq bir dövrdə Gədəbəydə yadda qalan işlərin həyata keçirdiyi deyilir. 1990-cı ilin yanvar 4-də o Ağdam RPK-nın birinci katibi vəzifəsini tərk etməli olur. Bundan sonra Ağdam RPK-nın birinci katibi, sonralar 1991-ci il sentyabrın 14-dən Sov.İKP-nın fəaliyyəti dayandırıldıqdan sonra eyni zamanda rayon sovetinin sədri vəzifəsini Səyyaf Verdiyev icra edir. Həmin dövrdə rayon sovetinin sədrinin müavini vəzifəsini isə Nofəl Mirzəliyev icra edirdi. 1991- ci ilin oktyabrından rayon icra hakimiyyətləri haqqında əsasnamə təsdiq edildikdən sonra, Səyyaf Verdiyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir. O, yeni strukturda təyin edilən ilk icra başçısı olur. 1992-ci ilin fervralın 25-dən həmin ilin iyul ayının 17 –ə kimi Gündüz Axundov, 1992-ci ilin iyul ayından 1993-cü ildə iyun ayının 15-ə kimi bu vəzifəni Nadir İsmayılov icra edəsi olur. İyul-avqust aylarında isə müvəqqəti olaraq Qasım Kərimovda rayon icra hakimiyyətinin başçısı vəzifəsini icra etmişdi. Ancaq onun təyinatı ilə bağlı hər hansı sərəncam olmamışdır. 1993-cü ilin avqust ayının birindən Ağdam RİH- başçısı vəzifəsi Səyavuş Vəliməmmədova həvalə edilir. O da əslən Ağdamın Əhmədavar kəndində idi. S.Vəliməmmədov bu vəzifədə 1994-cü ilin iyun ayının 22-ə kimi qala bilir. Sonra bu vəzifə müvəqqəti olaraq 1993-cü ilin oktyabrından başçının birinci müavini vəzifəsində işləyən Həsən Sarıyevə həvalə edilir. Əvvəlcə səlahiyyətlətlərini icra edən Həsən Sarıyev 1995-ci ilin avqustun 15-dən bu vəzifəyə təyin edilir. On dörd il bu vəzifəni icra edən H.Sarıyev hələlik ən uzunömürlü icra başçısı sayılır.
2009-cu ilin sentyabrın birindən Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Nizami Sadıqov təyin edilir. Sələfindən fərqli olaraq N.Sadıqovun rəhbərliyi ilə qısa müddət ərzində Ağdamın işğal altında olmayan ərazilərində bir sıra ciddi layihələr həyata keçirilmişdir. Sultanbud təpəsində Bayraq meydanının salınması, kəndlərə qaz xəttlərinin çəkilməsi, xüsusəndə Ağdam Dövlət Dram Teatrının və Şur ansamblının fəaliyyətinin uzun müddətdən sonra bərpa edilməsi diqqəti çəkən addımlardandır...
Beləliklə, Ağdama 1930-cu ildən bu günədək rəhbərlik etmiş şəxslər barəsində müəyyən məlumatları diqqətinizə çatdırdıq. Ötən 83 il ərzində Ağdama 24 nəfər rəhbərlik edib. Göründüyü kimi, Qasım Kərimovun ay yarımlıq qeyri-rəsmi fəaliyyətini nəzərə almasaq, ən az-altı ay müddətində Tapdıq Mustafayev və Gündüz Axundov, ən cox isə-14 il ərzində isə Həsən Sarıyev rəhbərlik edib. Yerli ziyalılar ötən dövrdə ən yadda qalan rəhbərlər sırasında isə Məmməd Əliyevin, Hümbət Mustafayevin, Nadir Abbasovun və Sadıq Murtuzayevin adlarını çəkirlər. Qeyd edək ki, hazırda fəaliyyətdə olan Ağdam RİH başçısının da fəaliyyəti gələcəkdə onun adının da bu siyahıya düşəcəyindən xəbər verir...