Eşq və məhəbbət... İnsanın daxili aləminə axan, könülü həmsöhbət alan duyğular... Buna insana məna qazandıran, bəşəri, ilahi və məcazi haldan-hala keçmə vəziyyəti də deyilə bilər. İçində dostluq, sevgi, xoşbəxtlik və daha bir çox insani xüsusiyyətlərin gizləndiyi sirli dünya... Üstünə qoyduqca artan bu duyğu, bəzən mərhəmətin, bəzən şəfqətin, bəzən də himayənin adı.
Eşqin sadəcə bəşəri yönünü görən, başqa sevgiləri və sevgililəri kənarda tutan sevgililər günü deyə bir gün var. Finlandiyada “Dostluq günü”, İsveçdə “Qəlblər günü”, bizdə də Valentin günü adları ilə qeyd olunur. Hansı adla qeyd olunduğu çox önəmli deyil. Elə insan var ki, özünə sevgili axtarır, elə insan da var ki, özünü sevgiliyə həsr edər. Əslində, “Sevgili” dediyimiz insanı hədiyyələrlə, çiçəklərlə xatırlamazdan əvvəl, qəlbimizdə xatırlamalı deyilikmi?! Üstəlik, bunu bir günə bağlamadan, hər gün etməmiz gərəkməzmi?! Elə bu daimi xatırlama, bizi paklığa, əxlaqa, təmizliyə və qurtuluşa aparır. Bu da bizim, özünə sevgili axtaranmı, yoxsa özünü sevgiliyə qurban edənmi olduğumuz gerçəyini tərəziyə qoyacaq. Örnək istəyirsinizsə, buyurun;
Özünə sevgili axtaranın hekayəti
Qədim zamanlarda bir padşahın çox gözəl bir qızı var idi. Kasıbın biri onu görüb aşiq olmuşdu. Getdiyi hər yerdə sevdiyindən bəhs edirdi. Xəbər sürətlə yayıldı və sultan bunu eşitdi. Aşiqi hüzura çağırdı və dedi:
– Ya ölkəmi tərk et, ya da səni öldürəcəyəm. Qərarını tez ver.
Zavallı adam düşündü və getməyə qərar verdi. Sultan adamın cavabını eşidib, cəlladları çağırdı. Adamı öldürtdü. Vəzir dedi ki:
– Hünkarım, günahsız adamı niyə öldürtdün?
– Çünki o həqiqi aşiq deyildi, saxtakar idi. Əgər gerçək aşiq olsaydı, başının kəsilməsini seçərdi. Əgər başının kəsilməsini seçsəydi, yerimdən qalxıb, taxtımı ona verəcəkdim.
Demək ki, öz həyatını sevgilisindən daha çox sevən insan eşq davasına qalxmamalıdır.
Özünü sevgiliyə həsr edənin hekayəti
Qədim zamanlarda bir padşahın gözəl bir qızı vardı. Uzunsaçlı bir dəliqanlı ona aşiq oldu. Gecələri məşuqunun həsrətilə ah edir, gözlərindən yağmur kimi yaşlar axıdırdı. Bunu eşidən Sultan, dəliqanlının dərhal tutulub şəhər meydanına gətirilməsini, orada saçlarından bir atın quyruğuna bağlanıb, bədəni parça-parça olanadək sürükləndirilməsini əmr etdi. Xalq ürək ağrısı ilə meydana toplandı. Hər kəs yığışandan sonra, bir əsgər dəliqanlının saçlarından tutub, atın quyruğuna bağlamaq istəyərkən, cavan onun əlindən qurtulub, padşahın hüzuruna qaçdı və ayaqlarına düşdü:
– Ey aləmə ədalət verən sultan, – dedi – səndən bir diləyim var, bir parça məni dinlə!
Sultan hirslə dedi:
– Canını bağışlamamı istəyirsənsə, boşa özünü yorma, indi səni öldürtməkdən daha önəmli bir arzum yoxdur. Saçımdan sürüklətmə, bir anda öldürəcək bir yol tut deyəcəksənsə, əhd etdim, sənin qanını at nallarına çiynədəcəyəm. Yox, qızınla bir neçə dəqiqə olsun yalnız qalım deyəcəksən, artıq onun üzünü görə bilməyəcəksən.
– Xeyr, ey hər etdiyini gözəl görən sultan, – dedi dəliqanlı, – canımı bağışlamanızı istəmirəm sizdən. Qızınızı mənə göstərməyəcəklərini də artıq bilirəm. Atların ayağı altında sürüklənmə mövzusuna gəlincə, buna da etirazım yoxdur. Mənim sizdən istəyim tamamilə başqadır.
– Söylə, o zaman nədir diləyin?
– Diləyim o ki, məni onun atının ayağına bağlayıb sürüklət. Çünki mən o ay üzlünün yolunda ölüncə ancaq diri ola bilərəm.
Sultan onu bağışladı və qızı ilə evləndirib, ölü könlünə can verdi.
Sevgililər Gününün anlamını dərinləşdirmək lazımdır. 14 fevral insanların sadəcə sevgililərini deyil, isminin başına “Sevgili” sözcüyünü qoya biləcəklərini də deyil, ən sevgilini anlamalarının zamanı...