|
|
|
|
Bir neçə il öncə bir qrup gənc Gürcüstanın Baş nazirinə açıq məktub ünvanlamışdılar. Cəsarətli addım idi, ancaq...
Məktubda Azərbaycan məktəblərinin bağlanması, təhsilin gürcü dilində olması (yalnız Azərbaycan dilinin hər gün 1 saat tədris olunması istisna olmaqla) xahiş də deyil, TƏLƏB edilirdi, belə bir addımın Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasına müsbət təsir etməsi əsaslandırılırdı. Xəyallar gerçəkləşir, statistika, faktlar öz-özünə danışır: 2008-2009-cu illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı 124 idisə, 2017-2018-ci illərdə 82 azərbaycan məktəbi qalıb, 2026-2027-cı illərdə isə gözlənti 40 Azərbaycan məktəbidir.
Gəlin Gürcüstan dövlətinin etnik azərbaycanlılar üçün yaratdığı imkanları nəzərdən keçirək. Gürcüstanda orta təhsil 12 ildir. 12 il ərzində hər gün orta məktəbdə gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisədə kifayət qədər artırılıb. Gürcüstanda 1-ci sinfə gedən bütün şagirdlərə, şəhərdə, ucqar kənddə yaşamasından asılı olmayaraq dövlət kompüter (netbook) verir. Kompüter şagirdlərə "Facebook"da qeydiyyatdan keçib, şəkillər yükləyib "like"ları saymaq üçün verilmir. Kompüterdə gürcü, ingilis, riyaziyyat, rəsm və s. fənləri daha dərindən və daha asanlıqla mənimsəmək üçün xüsusi proqramlar yüklənib.
Sovet İttifaqı dağılandan sonra ölkədə iqtisadi, sosial, siyasi böhran yaşanırdı, dərsliklər bir nəfərə çatanda digərinə çatmırdı. İndi isə dərsliklər pulsuz verilir, Azərbaycan dilində tədris olunan fənlərlə (tarix, coğrafiya, riyaziyyat və s.) bağlı dərsliklərin 30 faizi gürcü dilindədir. Yəni şagird 12 il ərzində gürcü dilini dövlət dili kimi öyrənir, üstəlik, Azərbaycan dilində öyrəndiyi digər dərsliklərin 30 faizi gürcü dilindədir (tarix, coğrafiya, riyaziyyat və s. dərsliklər sırf Azərbaycan dilində deyil, gürcü dilində qısa xülasəsi də verilib).
"Qayğıkeş" Təhsil Nazirliyi etnik azlıqlar üçün orta məktəblərdə gürcü dilini daha da yaxşı öyrənmək üçün başqa bir yol da fikirləşib. Xüsusi treninq keçmiş, gürcü dili müəllimləri orta məktəblərə gürcü dili tədrisini təkmilləşdirmək üçün göndərilir (həmin müəllimlər adi müəllimlərlə müqayisədə yüksək maaşla da təmin edilir).
12 il ərzində gürcü dilininin tədrisinə və dərs saatlarının artırılmasına baxmayaraq, dərsliklərin 30 faizinin gürcü dilində olmasına, xüsusi treyninq keçmiş müəllimlərin səyinə baxmayaraq, yenə də gürcü dilini öyrənə bilməyən və bu dəfə artıq abituriyentlər üçün qayğıkeş dövlət "1+4" proqramını fikirləşib hazırladı. Yəni tələbə 1 il müddətində yalnız gürcü dilini öyrənir (haşıyə: xarici dili 6 aya öyrənməyə söz verən nə qədər kurslar tanıyırsınız, deyilmi?), sonra isə bakalavr pilləsində təhsilini digər gürcü tələbələrlə eyni masa arxasında, eyni auditoriyada davam etdirir.
Gəlin, indi də riyazi biliklərimizi imtahana çəkək: 12 il orta məktəb, 1 il hazırlıq, 4 il bakalavr = 17 il. İndi bu yazdıqlarımı oxuyan öz-özünə düşünəcək ki, görəsən, bu Borçalı camaatı nə yeyib-içir ki, 17 il ərzində bu qədər imkanlarla bir dili öyrənə bilmir? Hələ internetin, yeni texnologiyanın, smartfonların yaratdığı imkanları bir kənara qoyaq (online dil öyrənmə imkanları, lüğətlərin smartfonlara yüklənməsi, TV və s.).
Bəlkə məsələnin kökünə varmaq, problemin nədə olmasını araşdırmaq lazımdır. Dövlət etnik azlıqlar üçün bu qədər imkanlar yaradır. Elə Azərbaycan məktəbləri var ki, orada gürcü dili fənnini gürcü tədris edir (təsəvvür edin, ingilis dilini bu dilin doğma daşıyıcı olan ingilisdən, amerikanlıdan öyrənirsiniz). Bir dəfə sual verən olmur ki, bəs bu müəllimlər sinfə daxil olanda nə işlə məşğul olurlar, 12 ilini nəyə sərf edirlər? Təhsil Nazirliyi nə üçün tez-tez yoxlamalar, monitorinqlər aparmır?
Bizim gənclər Baş nazirə məktub yazanda bəlkə elə bunları qeyd etmək lazım idi ki, dövlətimiz etnik azlıqlar üçün bu qədər qayğı göstərir, çalışır, bəlkə arada bir monitorinqlər də aparılsın. Bu məsələni TƏLƏB etməyə haqqımız olsa da, xahiş də edib məktubda yazmaq olardı.
Əlbəttə, bu gün dövlətin bu səylərinin nəticəsi var, gürcü dilini gürcüdən də gözəl bilən gənclərimiz, imtahanlarda gürcüdən də yaxşı nəticə əldə edən gənclərimiz var, gürcü dilində danışanların sayı gənclər arasında ilbəil artır (yaşlı nəslin nümayəndələrini nəzərə almıram, onları qınamağa, mühakimə etməyə haqqımız da yoxdur, çünki onların dövründə bir VƏTƏN var idi - SSRİ, hər yerdə də istifadə olunan dil RUS dili idi). Bütün bunlarla yanaşı orta məktəblərində ciddi monitorinqlər olsa, gürcü dilini tədris edən müəllimlər VİCDANla dərs keçsələr, şagirdlərin orta məktəbi bitirdikdən sonra 1 il hazırlıqda oxumasına qətiyyən ehtiyac qalmaz!
Azərbaycan məktəblərinin saxlanılması, ANA dilində təhsil hava-su qədər vacibdir. Fədəkar ziyalımız Həsən bəy Zərdabi demişdir: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir".
ANA dilini nəinki qoruyub saxlamaq, Baş nazirə ünvanlanan məktubda Azərbaycan dilinin ikinci dövlət dili olmasını TƏLƏB etmək lazım idi, nəinki Azərbaycan məktəblərinin bağlanmasını.
3.5 milyonluq Gürcüstan əhalisinin yarım milyonunu etnik azərbaycanlılar təşkil edir. Bu gün İsveçrə kimi dünyanın ən inkişaf etmiş ölkəsində insanlar 4 rəsmi dildə danışırlar. 4 rəsmi dil İsveçrəyə yaşayış səviyyəsinə, iqtisadi inkişafına və digər göstəricilərinə görə bütün reytinq cədvəllərində 1-ci yerdə qərarlaşmasına heç də mane olmur.
Azərbaycan məktəblərində kadr çatışmazlığı
Məktəblərdə kadr çatışmazlığı bu gün hamımızı narahat edən ən əsas məsələlərdən biridir.
Bu gün riyaziyyat, fizika, kimya, Azərbaycan dili və ədəbiyyatı və s. fənləri Azərbaycan dilində tədris edən kadrların əksəriyyəti yaşlı insanlardır (Allah ömür versin onlara!). Cavan kadrlar azlıq təşkil etsələr də, aralarında bəzi qeyri-peşəkarlar da var (öz işinin peşəkarı olan gənclərimizi inkar etmirik). Bəzən yaşlı kadrlara "Sovet dönəminin qalıqları" kimi baxıb onların əziyyətini ayaq altına atırlar. Ancaq unutmaq lazım deyil ki, məhz həmin "Sovetin qalıqları" adlandırdığınız müəllimlər 90-cı illərdə aylarla maaş almadıqlarına baxmayaraq (Bəli, acı reallıq budur: aldıqları bir aylıq maaşa bir çörək almaq mümkün idi), məktəbdə təhsil-tədris prosesini dayandırmamışdılar, bütün çətinliklərə baxmayaraq, fədakarcasına elin-obanın çətin günlərində övladlarımızın təhsil almasına çalışmışlar, məktəbdən ayrılmamışdılar. Bu gün gənc və yaşlı kadrlar birgə, müştərək işləyib təcrübələrini bir-birilə bölüşməlidir.
Bu gün Azərbaycan dilində fənləri tədris edən peşəkar kadrlara çox böyük ehtiyac var. Hər kəs ilk növbədə öz ANA dilini mükəmməl bilməlidir. Gürcü məktəblərinidə təhsil almaq ANA dilinin ölməsinə, gələcəkdə isə bir millət kimi yox olmağa, gürcüləşməyə gətirib çıxaracaq. Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesindəki tragikomik vəziyyət cəmiyyətimizdə bir reallıq olaraq qalır.
Təəssüf ki, bəzi valideynlər övladlarını bilərəkdən gürcü məktəblərinə qoyurlar və düşünürlər ki, belə olan halda gələcəkdə onların iş tapması daha asan olacaq. Ancaq düşünmürlər ki, Gürcüstanda işsizlik səviyyəsi çox yüksəkdir, gürcülər özləri belə iş tapmaqda çətinlik çəkirlər (gürcü dili gürcülərin ana dili olmasına baxmayaraq). Valideynlər düşünmürlər ki, Azərbaycan məktəblərini bitirənlərin çox üstünlükləri var, Azərbaycan, Türk, gürcü (17 il gürcü dilini Azərbaycan məktəbində öyrənmək üçün kifayət deyilmi?), ingilis, rus dillərini çox da əziyyət çəkmədən bilmiş olacaqlar. Valideynlər düşünmürlər ki, bu gün Gürcüstana ən çox investisiya edən şirkətlərin əksəriyyəti türk və Azərbaycan şirkətləridir və həmin şirkətlərdə əsas tələblərdən biri də Azərbaycan və türk dillərində səlis, səhvsiz yazıb və danışmaq əsas şərtlərdən biridir. Valideynlər düşünmürlər ki, gürcü dili 3.5 mln. əhalinin dövlət dilidir (bu əhalinin də 500 mini azərbaycanlılardır), Gürcüstandan kənarda bu dil heç kimə lazım deyil. Sual olunur əziz valideynlər: övladlarınız nəyə görə yalnız işsizlik səviyyəsi yüksək olan Gürcüstan daxilində iş axtarmalıdır (?), axı beynəlxalq təcrübə qazanmaq imkanı Azərbaycan məktəbini bitirənlərdə daha üstündür.
Gürcüstanda əsası qoyulacaq Azərbaycan Pedaqoji Universitetin mövcud problemin həllində rolu
Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan pedaqoji universitetinin əsasının qoyulmasına nail olmaqdır (əlbəttə ki, belə bir universitetdə Azərbaycan dilində digər fənləri mənimsəməklə yanaşı, gürcü dilinin öyrənilməsi də nəzərdə tutulmalıdır). Bu, yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər. Təklif olunan variantlardan biri kimi Gürcüstanda hansısa bir universitetin nəzdində balaca bir bölüm və ya departamentin yaradılmasıdır, ancaq bu, effektiv nəticə verməyəcək. Digər təklif olunan variantlardan biri tələbələrin Qazax və ya Bakıda təhsil alıb Gürcüstana qayıtmasıdır, hansı ki, bu da lazımi nəticəni verməyəcək. Çünki həmin tələbələr 4-6 il Gürcüstandan uzaqda olmaqla gürcü dilində bildiklərini də unudacaqlar. Gürcüstanda əsası qoyulmuş Azərbaycan Pedaqoji Universitetində isə tələbələr 4 il ərzində Azərbaycan dilində öyrənməklə yanaşı, gürcü dilini də öyrənəcəklər. Tələbələri Azərbaycana göndərmək əvəzinə, Azərbaycandan müəllimləri Gürcüstana dərs deməyə dəvət etmək daha məqsədəuyğun olardı.
Azərbaycan dili - Gürcüstanda ikinci rəsmi dil
Gürcüstanda yaşayan azərbaycanlılar çoxluq təşkil edən ən böyük etnik azlıq hesab edilir.
Etnik azlıq kimi ANA dilində həm orta məktəbdə, həm də ali məktəbdə təhsil almağa hər cür haqqımız və hüququmuz çatır desək, yanılmarıq.
Gəlin, beynəlxalq təcrübəyə baxaq. Bir neçə rəsmi dili olan başqa ölkələri də misal gətirmək olar: Belçika (3 rəsmi dil), Kanada, Hindistan, Belarusiya, Finlandiya və sair. Ölkədə üstünlük təşkil edən milli azlıq kimi (bu bölgənin aborigen əhalisi kimi) düşünürəm ki, bizim də ANA dilimiz Gürcüstanda rəsmi dil kimi qəbul edilməlidir və buna nail olmaq üçün varqüvvəmizlə çalışmalıyıq (bizim millətin vəkilləri ilə birlikdə). ANA dilinin rəsmi dil kimi qəbul edilməsi gürcü dilini öyrənməmək anlamına gəlmir, yenə də 17 il ərzində ana dili ilə yanaşı, gürcü dilinin də öyrənilməsi davam edəcək.
İlbəil Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalmaqdadır, ANA dili ölmək üzrədir, kadr çatışmazlığı ilə əlaqədar bu problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. Gələcək fəsadlardan yayınmaq üçün indidən həyacan təbili çalmaq və hərəkətə keçmək mütləqdir.
Aygül İSAYEVA
İqtisadiyyat üzrə fəlsəfə doktoru