... Rejissor Nicat Kazımov bir neçə il öncə məşhur nağılın motivləri əsasında yazdığım “Qoğalın sərgüzəştləri” pyesimin “Sevgi” parkında valideyn himayəsindən məhrum olunmuş uşaqlara göstəriləcəyini deyəndə çox sevindim. Oktyabrın 4-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sevgi” parkında heyvanların müdafiəsi gününə həsr olunmuş tədbir keçirilməli idi, bizim tamaşa da elə həmin gün göstəriləcəkdi balacalara. Uşaqlar dil açıb danışan və bu dəcəl qoğalı “hoppp” edib yemək istəyən heyvanlara baxıb özləri üçün nəticələr çıxarmalıdırlar.
***
Bizim Qoğal, yəni Anar Seyfullayev şəhərin mərkəzində, aktyorların yolunu açmaq üçün Rəşid Behbudovun adını daşıyan küçənin maşınlarının qarşısını kəsir... Bunu bir az da oynayaraq edir, yol polisi obrazına girir və aqressiv sürücülər də bu “oyuna” sadəcə gülümsəyirlər. Elə biz də uzun iş prosesinin əvvəlində bu məzəli səhnədən şənlənirik. Baxıb düşünürəm, sənətin yolu nə zaman asan olub ki?!
***
Bir vaxt Gənc Tamaşaçılar Teatrının “Bir gecənin nağılı” tamaşasını çox bəyənmişdim. Əsas rollardan birini Zülfiyyə Alhüseynova canlandırırdı, indi elə fürsətkən Zülfiyyə xanımla bu tamaşa haqqında danışıram. Sevgiyə inanmayan üsyankar bir qız aşiq olmuşdu, vurulmuşdu gözümüzün önündə. Özü də tamam təsadüf nəticəsində tanış olduğu adama. Tələbələrimin bu tamaşadan sonra necə ağladıqlarını heç unutmuram. Zülfiyyə xanım da bu əsərin məhz gənclərə ciddi təsir etdiyini deyir və Ramil Məmmədov bu sevgi mövzusunda zarafatlaşır aktrisa ilə. Qoğalın babasını və nənəsini canlandıran aktyorlar qoca qrimində bir-birinə qısqanclıq nümayiş etdirirlər. Tamaşada nənə qonşuya getmək istəyən ərini məzəmmət edir - niyə məhz o qonşuya getmək istəyirsən? - deyib sorğu-suala tutur onu. İndi Ramil də bu məqamı yada salıb zarafatlaşır. Amma zarafat bir kənara, məgər bu qısqanclığın yaşa filana dəxli var?!
***
Aktyorlarımız bütün tamaşanı uşaqlarla əl-ələ oynayırlar az qala. Təkcə balacalar yox, böyüklər də onlara qoşulur, telefonlarına çəkir, rəqslərə qatılırlar. Səhərdən bu yana çəkilişdən, məşqdən çıxan, xeyli hazırlıq prosesi keçən aktyorların necə ürəklə, həvəslə uşaqları əyləndirməsindən təsirlənirəm. Nicat Kazımov da aktyorlarla əl-ələ verib dövrə vurur, aranı qızışdırır. Baxıb fikirləşirəm, bu, sadəcə oyun deyil, həyat tərzidir. Sənəti həyat tərzinə çevirən insan bütün fiziki ağrıların, yorğunluğun fövqündə görür bu işləri.
YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ