|
|
|
|
Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistem hazırlayıb. Bu gün Təhsil Nazirliyində xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı keçirilib.
525.az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, şəxs elektron ərizə ilə müraciət etdikdən sonra ona təhlükəsizlik kodu veriləcək. Müraciətçi həmin kodla sistemə daxil olaraq, öz ərizəsinə baxılma vəziyyətini öyrənə biləcək:
“Bu sistem əsasında müraciət edən şəxsə sənədlərindəki hansısa çatışmazlıq və ya sənədlərinin qəbul olunub-olunmadığı barədə məlumat verilir. İstənilən dövlət və qeyri-dövlət müəssisəsi bu sistemdəki məlumatlar barədə mütəmadi olaraq informasiya əldə edə biləcək. Müraciətçinin ərizəsinə o, bütün sənədləri doldurduqdan və müvafiq dövlət rüsumunu (15 manat) ödədikdən sonra baxılır”.
M.Mərdanovun sözlərinə görə, elektron sistemin yaradılması şəffaflığın təmin edilməsi yönündə atılan addımlardan biridir. Bu sistemin tətbiqi nəticəsində artıq diplomunu tanıtmaq istəyən şəxsin nazirliyə gəlməsinə ehtiyac qalmayacaq: “Sistem hələ aktiv deyil. O yalnız müəyyən düzəlişlər edildikdən və tam bəyənildikdən sonra istifadəyə veriləcək”.
S.QARAYEVA