|
|
|
|
Avqustun 31-də Bakının Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsilə bağlı avtobusun sürücüsü həbs edilib.
Bu haqda 525.az saytına Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, cinayət işi üzrə prokurorluğun və daxili işlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.
Cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq davam etdirilir.