"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti (ASC) meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi, 2018-ci ildə də müvafiq tədbirlər həyata keçirib".
Bu sözləri ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov ilin yekunlarını şərh edərkən deyib. O bildirib ki, hesabat ilində Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890 kub metr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.
Qeyd olunub ki, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kub metr həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 milyon kub metr həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kub metr şax-daş və faşın, 2,9 min kub metr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kub metr həcmində təmir işləri yerinə yetirilib.
Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən, dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.
Bildirilib ki, 2018-ci il iyunun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğsunun və ondan sonrakı 4,95 kilometrlik hisəsinin açılış mərasimi keçirilib. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 hektar torpaq sahəsinə suvarma suyu çatdırılıb.
Həmçinin qeyd olunub ki, aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Goranboy, Şabran və Xaçmaz rayonlarının ərazisində yaradılan aqroparklarda torpaq sahələrinə suvarma suyun verilməsi üçün nəqledici boru kəməri çəkilib, torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görülüb. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün Türyançay və Ağçay çayları üzərində suqəbuledici və digər qurğuların tikintisi üzrə hazırlıq işlərinə başlanılıb. Qax rayonunda yaradılan Aqroparka məxsus 888 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün müvafiq işlər görülüb.
Vurğulanıb ki, Azərbaycan prezidentinin 2018-ci ilin martın 12-də imzaladığı sərəncam ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulan 300 ədəd quyusunda qazma işləri tamamlanıb.
Əlavə olunub ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC 2019-cu ildə də suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirəcək.
CEYHUN