Çin Dövlət Şurası Mətbuat Bürosunun Çin informasiya internet mərkəzinin saytında Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasovla müsahibə dərc olunub.
ADU-dən verilən məlumata görə, R.Abbasov Azərbaycanda çinşünaslığın inkişaf tarixi, Azərbaycan-Çin dostluq və əməkdaşlıq cəmiyyətinin fəaliyyəti, özünün elmə gedən yolu, sinoloq, Çin dili üzrə hərbi tərcüməçi peşəsinin seçimi barədə danışıb.
Rafiq Abbasov həmçinin, Konfutsi İnstitutunun elmi, tədris və ictimai fəaliyyəti, tarixi İpək yolunun dirçəlməsi ilə qlobal əhəmiyyətə malik “Bir kəmər-bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verib.
O, ADU-nin Konfutsi İnstitutunun nəşr etdiyi, Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, çoxtərəfli əməkdaşlığı gücləndirmək, inkişaf etdirmək məqsədi ilə prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına, Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplu, Azərbaycan tarixində ilk Çin dili dərsliyi haqqında məlumat verib.