Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili" elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə bildirilib ki, nazirlik də bu əlamətdar hadisə ilə bağlı üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər təşkil etməyi planlaşdırır.
Məlumata görə, 2019-cu ildə ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində Nəsiminin həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecələr, müsabiqələr təşkil ediləcək. Ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium və seminarlar keçiriləcək. Həmçinin, təhsil müəssisələrində Nəsiminin bədii irsini və yaradıcılığını əks etdirən kitab və fotosərgilərin təşkili nəzərdə tutulub.
Bundan əlavə, il ərzində ali təhsil müəssisələrində Nəsiminin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələri elmi jurnallarda dərc olunacaq.
S.QARAYEVA