|
|
|
|
Fevralın 25-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları anılıb.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva 26 fevralın Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu vurğulayıb. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən, 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst olmasını, 1275 dinc sakinin girov götürülməsini, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmamasını, 8 ailənin tamamilə məhv edilməsini, 25 uşağın hər iki valideynini itirməsini diqqətə çatdırıb. Akademik bildirib ki, o dəhşətli qırğına yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verildi. G.Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq qəbul etdiyi bəyannamələrdən də söz açıb.
Direktor Xocalı soyqırımı ilə bağlı bu yaxınlarda Şərqşünaslıq İnstitutunda, biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində olmaqla, iki bukletin nəşr edildiyini, ümumiyyətlə isə, 20-ci əsrdə Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktları ilə bağlı institutda indiyədək 30-a yaxın kitabın çap olunduğunu bildirib.
Tədbirdə institut əməkdaşlarından Səməd Bayramzadə, Dünyamalı Vəliyev və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını vurğulayıblar.