|
|
|
|
Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində təkcə bu ilin iki ayı ərzində həyata keçirilən tədbirlər inqilabi dəyişikliklər kimi xarakterizə olunur.
Azərbaycanın dövlət başçısının ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar insanlar tərəfindən böyük razılıqla qarşılanıb. Bu, bir tərəfdən Azərbaycanın sosial dövlət olduğunu, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyirsə, digər tərəfdən ölkə rəhbərinin öz xalqına münasibətinin, insanların daha yaxşı yaşaması üçün çalışdığının göstəricisidr. Eyni zamanda, Azərbaycan dövlətinin gücünü, iqtisadi inkişafını təsdiqləyən amildir. Ölkənin gəlirləri artdıqca, iqtisadi cəhətdən inkişaf etdikcə, əldə edilmiş vəsait məhz vətəndaşın daha yaxşı yaşamasına, sosial təminatının gücləndirilməsinə yönəldilir.
Həqiqətən də cari ilin iki ayı ərzində həyata keçirilən tədbirlər, qəbul edilmiş qərarların miqyası ölçüyəgəlməzdir. Aydın olan budur ki, surətli temp davam edəcək və daha yaxşı nəticələrə şahid olacağıq. İki ay ərzində qeyd edilən istiqamətdə görülmüş işlərə qısa nəzər salmaq zəruridir.
Azərbaycan prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşləri və orada şəhidlərimizin ailə üzvlərinə göstərdiyi dərin hörmət və ehtiram hələ də cəmiyyətdə müzakirə olunmaqdadır. Həmin gün isə dövlət başçısının imzaladığı yeni fərmanla şəhid vərəsələrinə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişləndi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən, 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırıldı. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur.
Yaxın zamanlarda isə bütün şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar. Belə ki, dövlət başçısı şəhid ailələri ilə görüşündə bundan sonra da şəhid ailələrinin sosial məsələlərinin daim diqqət mərkəzində olacağını, onların yeni mənzillərlə təmin olunacağını xüsusi vurğulayıb. Sonrakı fərman və sərəncamlarla şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı. Dövlət qayğısı təkcə həssas təbəqələri deyil, əhalinin bütün təbəqələrini əhatə edir. Belə ki, pensiyaların, təqaüdlərin, minimum əmək haqlarının artırılması, Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı sərəncamlar deyilənləri sübut edir.
Bir neçə gün əvvəl isə prezidentin sosial müavinətlərin artırılması, ardınca məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması barədə imzaladığı sərəncamlar da başlanılmış yeni və böyük bir mərhələnin davamıdır.
Xüsusilə, prezidentin sosial müavinətlərin artırılması ilə bağlı sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addım hesab edilə bilər. Belə ki, bu sərəncam 600 min insanı əhatə edir və onlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılması deməkdir. Bununla həm də sosial müdafiə tədbirlərinin əhatə dairəsi daha da genişlənmiş oldu.
Qeyd edək ki, fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də əhalinin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyinə dair mühüm mesajlar verildi, həmçinin, əhalini narahat edən vacib bir məsələ, problemli kreditlərlə bağlı məsələnin həlli istiqamətində araşdırmaların aparıldığı vurğulandı.
Millət vəkili Musa Quliyev "525"ə bildirib ki, Prezident İlham Əliyev həmişə söyləyr ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz, uğurlarımız vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına yönəldilir. Deputat deyib ki, cənab prezidentin müşavirədə də söylədiyi kimi, nəzərə alsaq ki, 2014-cü ildən üçüncü dünya sosial-iqtisadi böhranından sonra Azərbaycanda manatın devalvasiyası baş versə də, qısa müddət sonra, yəni 2017-ci ilə qədər ölkədə sabitləşmə dövrü başladı: "2018-ci il dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda iqtisadiyyatın yüksəlişi dövrü kimi bizim tariximizə düşdü. Və iqtisadiyyat yüksələndə təbii ki, dövlətin maliyyə gücü də, maddi potensialı da artır. Bu il isə cənab prezident söylədi ki, Azərbaycanda sosial sahədə çox fərqli bir il olacaq. Yəni bütövlükdə sosial müdafiə sistemində inqilabi dəyişikliklər aparılacaq bir il olacaq. Biz artıq bunların ilkin əlamətlərini, nümunələrini görürük. Ötən ilin sonundan başlayaraq ölkədə sosial müdafiənin gücləndirilməsi ilə bağlı cənab prezident tərəfindən olduqca böyük və tarixi əhəmiyyətli işlər görülür, sərəncamlar və fərmanlar imzalanır. Keçən ilin sonunda ölkə başçısı öz ad günündə min məcburi köçkün ailəsi üçün Abşeron rayonunda salınmış yaşayış kompleksinin açılış mərasimində iştirak etdi. Daha sonra 2019-cu ilin ilk ayında bir qrup şəhid ailələrini qəbul etdi, onlarla görüşdü və bu görüşdən sonra imzaladığı sərəncamla 1997-ci ilə qədər şəhid olmuş, lakin sığorta haqqını almamış, yaxud da o dövrün məzənnəsi ilə sığorta haqqını almış 12 min 750 nəfərə 11 min mantlıq birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı və dövlət büdcəsindən bu məqsədlə təxminən 130 milyon manat vəsait ayrıldı. Bunun ardınca cənab prezident tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncam verdi, daha sonra minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncamı oldu. Ardınca ölkə rəhbərinin tövsiyəsi ilə Milli Məclisdə əmək pensiyaları haqqında qanuna dəyişiklik edildi, minimum pensiyanın məbləği də 116 manatdan 160 manata qaldırıldı. Bunlar hamısı inqilabi xarakterli dəyişikliklərdir. Bəli, əvvəlki illərdə də 5-10-15 faiz artımlar olurdu. Amma birdən-birə 100 faiz, 80 faiz artım heç bir dövlətdə baş vermir. Sonrakı dövrdə cənab prezident əhalinin yenə də sosial rifahına birbaşa təsir göstərən, yeni tikilən mənzillərin qısa müddət ərzində sənədləşməsi, özəlləşdirilməsində olan maneələrin aradan qaldırılması ilə bağlı da fərman verdi və Fövqəladə Hallar Nazirliyinə 2 ay müddətində araşdırmalar aparılması tapşırıldı. Bu ilin sonuna kimi təxminən 300 min insanın yaşadığı mənzillərə onların yaşayış hüququnu tanıyan sənəd veriləcək. Biz fevralın 25-də prezidentin müşavirəsini izlədik, sonra isə ölkə rəhbəri əhalinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi ilə bağlı yeni sərəncam imzaladı. Həmin sənəd 600 minə yaxın vətəndaşın sosial rifahının yaxşılaşmasına yönəlib və bütün istiqamətlərdə sosial müavinətlər artırıldı. Bəziləri 100 faiz, bəziləri 80 faiz. Təxminən indiyə kimi sosial müavinətlərə dövlət büdcəsindən 400 min manat vəsait ayrılırdısa, artıq bu məbləğ 800 milyona çatdırıldı".
Millət vəkili hesab edir ki, bütövlükdə prezidentin son iki ayda apardığı bu islahatlar nəticəsində 2 milyon 200 nəfərin həyat şəraiti yaxşılaşıb: "Eyni zamanda, dövlət başçısı dünən birbaşa anons verdi ki, hökumət çox ciddi bir məsələnin üzərində də işləyir, bu da vətəndaşlarımızı narahat edən məsələlərdən biri idi. Yəni 2015-ci il devalvasiyasından sonra banklardan götürülən dollar kreditlərinin, başqa sözlə, problemli kreditlərin həlli ilə bağlı dövlət ən optimal bir yolu seçəcək. Burada həm vətəndaşlarımızın, həm də bankların, yəni özəl sektorun maraqlarını dövlət təmin edəcəkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti hər an Azərbaycan vətəndaşının arxasındadır Cənab prezident hər an Azərbaycan vətəndaşının sosial rifah halının güclənməsi barədə düşünür və sosial müdafiə dövlət başçısının diqqəti və qayğısı altındadır. Və prezident müşavirədə qeyd etdi ki, bu artımlar il ərzində davam edəcək. Biz istər minimum əməkhaqqı, istər pensiyaların daha da artmasının şahidi olacağıq, hədəfimiz də Azərbaycanı inkişaf etmiş dövlətə çevirməkdir, buna da prezidentimizin rəhbərliyi altında nail olacağıq".
Millət vəkili Aydın Hüseynov isə bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, fəaliyyətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yüksəldilməsidir. Bütün siyasi fəaliyyət, nailiyyətlər məhz bu məqsədə yönəlibdir: "Biz doğurdan da Prezident İlham Əliyevin fəaliyətinə nəzər salanda görürük ki, insan amili, insan kapitalı, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, onların işlə təmin olunması, əmək haqlarının artırılması, bütövlükdə sosial məsələlər bu siyasətin əsasını təşkil edir. Biz görürük ki, ölkənin iqtisadi qüdrəti artdıqca, iqtisadi potensialı yüksəldikcə, bu, ilk növbədə vətəndaşlarımızın rifah halına yönəlir. Əmək haqlarının, təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artırılması, eyni zamanda, şəhid ailələrinə, onların vərəsələrinə birdəfəlik yardımın ödənilməsi, qaçqın və məcburi köçkün ailələrinin, Qarabağ veteranlarının, əlillərinin sosial qayğısının gücləndirilməsi və s. nümunələr dediklərimizi sübut edir".
A.Hüseynov düşünür ki, əmək haqlarının, təqaüdlər, pensiyaların, sosial müavinətlərin artması, ümumiyyətlə sosial sferada həyata keçirilən bütün tədbirlər önəmlidir: "Amma eyni zamanda, vətəndaşın rahatlığı əmək haqlarının yaxşı səviyyədə olması ilə yanaşı, digər məsələlərin də təminini ehtiva edir. Bu gün ölkəmizdə elektrik enerjisi, qazla, su ilə tam şəkildə təminat, geniş internet şəbəkəsinə çıxış, əlverişli infrastrukturun yaradılması və digər tədbirlərin hamısı Azərbaycan vətəndaşlarının rahatlığı, daha yaxşı yaşaması üçün edilir. Eyni zamanda. bu gün cəmiyyətdə insanlarımızı narahat edən hər hansı bir sual varsa, cənab prezident tərəfindən onlara reaksiya verilir. Çox düşünülmüş addımlar atılır. Bu addımlar populizm naminə deyil, vətəndaşın birbaşa maraqlarına hesablanmış addımlardır. Düşünülmüş, elmə əsaslanan, gələcək perspektivləri özündə ehtiva edən fərmanlar, sərəncamlar imzalanır, dövlət proqramları qəbul edilir. O da bəllidir ki, problemli kreditlərlə bağlı vətəndaşlarımızın sualları, müəyyən narahat nöqtələr var idi. Bunun da aradan qaldırılması üçün prezident göstəriş verib. Bank, maliyyə sektoru elə bir həssas və incə sektordur ki, burda atılan addımlar çox düzgün hesablanmalıdır. Əgər tutaq ki, biz vətəndaşlarımızın maraqları çərçivəsində məsələni həll etmək istəyiriksə, kompleks yanaşma olmaldır. Cənab prezident bununla bağlı hökumətə tapşırıq verib. İnanıram ki, bu istiqamətdə vətəndaşlarımızı problemli kreditlərlə bağlı qane edecək, razı salacaq düzgün qərar qəbul ediləcək. Bütövlükdə həyata keçirilən siyasətin bir hədəfi var: bu da Azərbaycan vətəndaşının daha yaxşı yaşamasıdır".
PƏRVANƏ