|
|
|
|
Məlum olduğu kimi, fevralın 25-də Prezident İlham Əliyev sosial-iqtisadi sahədə həyata keçirilən son islahatlar və onların ilkin nəticələrini qiymətləndirmək üçün müşavirə keçirib.
Dövlət başçısı çıxışında ilin birinci ayının sosial-iqtisadi göstəricilərinə nəzər yetirib, aparılan islahatların nəticələrini, o cümlədən, büdcə gəlirlərinin artmasını təbii olaraq müsbət, sevindirici hal kimi qiymətləndirib. Cari ilin əvvəlindən əldə olunan əlavə vəsaitlərin ilk növbədə sosial sahəyə - əhalinin, xüsusilə həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönəldilməsinə qərar verdiyini və bu istiqamətdə bir sıra addımların atıldığını diqqətə çatdıran dövlət başçısı bütün bunlarla kifayətlənmək fikrində olmadığını, bu istiqamətdə daha çox fəaliyyətin həyata keçiriləcəyini, diqqətin daha da artırılacağını nitqində ifadə edib: "Aparılan islahatlar öz gözəl nəticələrini verir... Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək".
Prezidentin sözlərinə görə, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib: "Təkcə ilin birinci ayında daxilolmalar kəskin artıb. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplayıb. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplayıb və ümumi daxilolmalar 105 milyon manat artıb, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir".
Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şəraitin yaradıldığını deyən ölkə rəhbəri bildirib ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb: "Yəni bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək... Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq".
Bu il minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırıldığını deyən dövlət başçısı bu istiqamətdə imzaladığı müvafiq sərəncamın 600 min insanı əhatə etdiyini diqqətə çatdırıb. "Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz", - deyən prezident minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflərin hazırlanması üçün müvafiq göstərişlər verdiyini bildirib.
Daha sonra vətəndaşları narahat edən bəzi məsələlərə toxunan ölkə rəhbəri çoxmənzilli binalarda yaşayan insanların sənədləşmə və qeydiyyat problemi ilə üzləşdiyini deyib, bu istiqamətdə müvafiq sərəncamı imzaladığını xatırladıb, aidiyyatı orqanların məsələ ilə məşğul olduğunu, məsələnin tezliklə öz həllini tapacağına əminliyini bildirib.
Eyni zamanda, problemi kreditlərin həlli və sosial müavinətlərin artırılması istiqamətində müvafiq işin aparıldığını qeyd edən dövlət başçısı yaxın zamanlarda bu məsələlərin də öz həllini tapacağına inandığını deyib: "Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq".
Müşavirədən sonra isə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayan Prezident İ.Əliyev verdiyi anonsları çox qısa vaxtda həyata keçirməyə çalışdığını göstərib.
Sənədə əsasən, yaşa görə sosial müavinətin məbləği 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması qərara alınıb. Habelə ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması sərəncamda öz təsdiqini tapıb. Bundan başqa, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılmasına qərar verilib.
Həmçinin, dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılır, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir.
Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması sərəncamda öz əksini tapıb.
Bunlarla yanaşı, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması qərara alınıb.
Sərəncamın icrası ilə əlaqədar görüləcək işlərə dair əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bildirib ki, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı dövlət başçısının daha bir humanist təşəbbüsünün nəticəsi olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərin ardıcıl xarakter aldığını göstərir.
Nazir qeyd edib ki, sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir: "Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim edəcək".
S.Babayev bildirib ki, sərəncam, eyni zamanda, Prezident təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb: "Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi yer alıb".
Nazir diqqətə çatdırıb ki, sənəddə bu məqsədlə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi üçün də normativ hüquqi aktların layihələrinin on beş gün müddətində hazırlanıb dövlət başşısına təqdim edilməsi tapşırılır.
S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə, qeyd olunan müavinət və təqaüdlərin cari ilin aprelin 1-dən artırılması nəzərdə tutulur: "Bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq".
Prezidentin yeni sərəncamını şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamla sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək: "Bu və eləcə də əvvəlki artımlar ilə bağlı bizə daha çox ünvanlanan suallar içərisində əlliliyə görə pensiya və sosial müavinət məbləğlərinin necə artırıldığı ilə bağlı sorğu daha çox qeyd olunur. Qeyd edək ki, minimum pensiya artırıldıqdan sonra "Əmək pensiyaları haqqında" qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb olub. Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir. Məsələn, yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırılıb. Nəzərə çatdırım ki, əvvəllər bu rəqəm ümumi səbəbdən əlillər üçün 82 manat, müharibə əlilləri üçün 101 manat, "Çernobıl AES-də hərbi xidmətlər əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manat idi. Amma əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan az idisə, o zaman pensiya məbləğinin hansı məbləğ olmasından asılı olmayaraq 160 manata çatdırılacaq. Bu o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bu, daha yüksək ola bilər. Buna görə də, öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımızın onların aldıqları vəsaitin pensiya yoxsa, müavinət olmasına diqqət yetirmələri vacibdir".
"Bəs, fiziki imkanı məhdud olan şəxs hansı hallarda pensiya və sosial müavinət alır?" sualına cavabında isə V.Bayramov qeyd edib ki, əmək pensiyası haqqında qanuna əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir: "II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən, həmçinin, hərbi qulluqçulara, o cümlədən, müddətli həqiqi hərbi xidmət qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Sosial müavinat haqqında qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır".
Ceyhun ABASOV