|
|
|
|
Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədovun 70 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə musiqişünas alimin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 80-dən artıq elmi məqalə və yazıları müxtəlif respublika və beynəlxalq nəşrlərdə çap edilən T. Məmmədov, eyni zamanda, müxtəlif internet-proyektlərin müəllifi və rəhbəridir. T. Məmmədovu ictimai xadim, pedaqoq və əsl elm xadimi kimi xarakterizə edən natiq deyib ki, yubilyar hər zaman yeni ideyalara açıq, novator şəxs kimi tanınıb. Vurğulayıb ki, T. Məmmədovun musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri var. O, hər zaman yeni ideyalar aşılayan yaradıcılığı ilə yorulmadan çalışıb. Onun redaktoru olduğu “Musiqi dünyası” jurnalı sənət üçün çox işlər görüb.
Yubilyarın insani keyfiyyətlərindən söz açan F. Əlizadə, ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının fəxri fərmanı yubilyara təqdim edilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı yubilyarın pedaqoji və elmi fəaliyyətindən danışıb: “Tariyel Məmmədov, həm Bəstəkarlar İttifaqının, həm də Aşıqlar Birliyinin idarə heyətinin üzvü kimi çox dəyərli ziyalıdır. O, sözün həqiqi mənasında, aşıq sənətinin sirlərini də dərindən bilir. Tariyel Məmmədov xalq musiqisinin öyrənilməsi və tədqiq olmasında da çox dəyərli işlər görüb. Onda əsil alim təvazökarlığı var. Onun tədqiqat əsərləri başqa ölkələrdə çox qurula təqdim olunur. Bundan sonrakı yaradıcılığında Tariyel Məmmədova uğurlar arzulayıram”.
Tədbir çərçivəsində professorlar Rəna Məmmədovanın “Tariyel Məmmədovun elmi fəaliyyəti”, Kamilə Dadaşovanın “Tariyel Məmmədovun elmi yaradıcılığı aşıqşünaslığın yeni mərhələsi kimi”, Könül Nəsirovanın “ Musiqi dünyası” jurnalında Tariyel Məmmədovun fəaliyyəti” və Cəmilə Həsənovanın “Azərbaycan musiqisində müasir texnologiyaların tətbiq edilməsində Tariyel Məmmədovun rolu” adlı məruzələri dinlənilib.
Sonda Tariyel Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir konsert proqramı ilə davam edib.