“AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”
Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan gənc alimlə söhbətimizin məğzini qonaq olduğu ölkənin milli və dini münasibətlər baxımından Azərbaycanla müqayisəli təhlili, bu aspektdən oxşar və fərqli cəhətlərin, eləcə də ümumilikdə tolerantlıq anlayışının fəlsəfi dəyərləndirilməsi, həmçinin Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzədək təşəkkül tapıb yayılan müxtəlif dinlər, məzhəblər haqqında tarixilik prinsipi izlənməklə fəlsəfi mülahizələr, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyi və bununla bağlı təkliflər təşkil edir.
İlahiyyatçı alim Elsevər Səmədovun bildirdiyinə görə, Sovet İttifaqının tərkibinə girməzdən əvvəl Azərbaycanda üç min məscid fəaliyyət göstərirmiş: “1930-cu illərin axırlarında isə Azərbaycanda cəmi 17 məscid fəaliyyətdə qalmışdı ki, bunun da on biri şiələrə, ikisi sünnilərə, dörd məscid isə namazların qılınması üçün sünni və şiələrə aid məscidlərdi. Sovet dövründə Azərbaycanda da ziyarətgahlar, türbələr dağıdılır, yerlə-yeksan edilirdi. Dini mərasimlərin, bayramların keçirilməsi qadağan edilirdi. Hətta dinlə heç bir əlaqəsi olmadığına baxmayaraq milli bayramımız Novruz da “dini bayram” adlandırılaraq 1930-cu ildən etibarən qadağan edildi. 1935-ci ildə Bakının ən mühüm məscidlərindən “Təzə Pir”, “Məmmədli”, “Hacı baba”, “Qasım bəy” kimi məscidlər bağlandı. 1936-cı ildə Bakıda təkcə “Kərbəla Abdulla” məscidi fəaliyyət göstərirdi. Şəkidə 30 məsciddən 20-si dağıdılmışdı. 1934-cü ildə Bakıdakı Bibiheybət məscidi tamamilə dağıdılmışdı.
1920-ci ilin mayında məktəblərdə və mədrəsələrdə dini inacların öyrədilməsi, ibadətlərin və digər dini mərasimlərin icrası qadağan edilmişdi. Dövlətin elan etdiyi vicdan azadlığı prinsiri kağız üzərində qaldı. Fəaliyyət göstərən məscidlər də formal xarakter daşıyırdı. Yəni heç bir müsəlmanın bu məscidlərə gedib ibadət etməsinə müsbət yanaşılmırdı. Çünki “Allahsızlar Cəmiyyəti” var gücü ilə işləyirdi. Üstəlik gizli polis təşkilatlarının zülm və işgəncə qorxusu qarşısında da heç kim məscid getməyə cürət edə bilmirdi. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan xalqı milli-mənəvi, dini dəyrələrin qorunması uğrunda mübarizə apararaq inanclarını, duyğularını, etiqadlarını qorumaq üçün səy göstərib. Doğrudur, bu o qədər də asan başa gəlməyib. Bütün bunlar milli-mənəvi, dini dəyərləri özündə əks etdirən bir çox ziyalılarımızın fədakarlığı , bəzən də canı-qanı bahasına qorunub. Bütün təzyiqlərə rəğmən Azərbaycan xalqı da islami dəyərlərə uyğun yas məclislərini, Mövlud, Aşura və sair kimi mərasimləri böyük həyəcanla həyata keçirib. Ateist təbliğat nə qədər güclü olsa da dini dəyərləri yox edə bilməyib. İnsanlar məscidlərə gedə bilməyəndə də ibadətlərini evdə gizli şəkildə yerinə yetiriblər.
Dinə qarşı təzyiq kommunist partiyasının ideoloji vəzifəsi olub.
SSRİ imperiyası mövcud olduğu 70 il müddətində vətəndaşların dini duyğularını ələ salıb. Dindarları geri qalmış, əfsanələrə inananlar olaraq göstərməklə onları insanların gözündən salmağa çalışıblar. Bütün bunlar insanların dini duyğularını məhv etmək üçün istifadə edilən metodlardır. Sovet ideologiyası təkcə xalqların maddi nemətlərini ələ keçirməklə kifayətlənməyib onların mənəviyyatlarına da əl uzadıb. Söz vedlikləri vicdan və din azadlığı heç bir zaman həyata keçirlməyib. Azərbaycan xalqı bu illərdə qonşu xalqlara nəzərən daha çox təzyiqlərə və zülmlərə məruz qalıb”.
E.Səmədov Azərbaycanın müstəqillik qazanandan sonra qısa müddət ərzində yenidən milli və dini dəyərlərinə sarılaraq 70 il ərzində yaranmış boşluğu doldurmağa çalışdığını deyib: “Azərbaycan qloballaşan dünya ilə ayaqlaşmağa çalışaraq bir çox sahələrdə uğurlar qazanıb. Dünyaya inteqrasiya olunma yolunda Azərbaycan respublikası bütün sosial, mədəni, iqtisadi və digər sahələrdə dünya standartlarına uyğun bir şəkildə yenidən qurulmağa başlanıb. O cümlədən də din sahəsində bir çox mühüm addımlar atılıb. Azərbaycanın öz milli adət-ənənə, dini yaşam tərzinə, əsrlərlə davam edən xalqın ruhuna hopmuş mənəvi dəyərlərinə yenidən müraciət etməsi təbii bir prosesdi. Çünki xalq bu yaşayışı, mənəvi dəyərlərə qayıdışı çoxdan arzulayırdı. Belə ki olduqca az bir müddət ərzində cəmiyyətdə İslama qarşı maraq artıb. Əhalinin bütün təbəqələrində İslamın təbliği və təqdir etdiyi mənəvi dəyərlərin, əxlaq normalarının və davranış qaydalarının yeni məna və dəyər qazandığı görülməkdədir. Bu xüsusda ümummilli lider Heydər Əliyev 1998-ci il 9-11 dekabr tarixlərində Bakıda keçirilən “İslam mədəniyyəti Qafqazda” mövzulu beynəlxalq simpoziumdakı çıxışında da deyib: “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə, İslam dininə, İslam mədəniyyətinə aid olmağımızla fəxr edirik”. Dövlət siyasətində dinin və din xadimlərinin yerləri müəyyən olunub. Azərbaycanda dövlətin din və dindarlara münasibəti müstəqillikdən sonra dəyişib. Ulu öndər bununla bağlı da belə qeyd edib: “Din və din xadimləri sanki çox incə, həssas maddədən yaradılıblar. Onların özlərinə xas davranışları və dünyagörüşləri var. Onlarla işləyərkən mütləq bu xüsusları nəzərə almaq lazımdır. Cəmiyyətə mümkün qədər başa düşülən bir dillə xitab etmək lazımdır ki, Azərbaycan dövləti dünyəvi dövlət olsa da ateist dövlət deyildir. Ancaq bizə dost olmayanlar belə düşünə bilərlər. Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizdən ayrı düşünmürük. Ancaq din münasibətləri şəffaf, başadüşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olmalıdır. İndi siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə aparılmalıdır. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər insanın fərdi mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır”.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI