|
|
|
|

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans keçirilib.
İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili"nə həsr olunmuş konfransda millət vəkilləri, səfirlik nümayəndəlikləri, tanınmış ədəbiyyatşünaslar, yazarlar və jurnalistlər iştirak ediblər.
Tədbirdə Nəsiminin özbək dilində çap olunmuş kitabının təqdimatı da keçirilib.
Konfransı giriş sözü ilə açan "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva İmadəddin Nəsimi sözünün qüdrəti və Özbəkistan ziyalıları ilə birgə ədəbiyyat sahəsində görülən işlər barədə məlumat verib: "Mən çox sevinirəm ki, böyük Türk şairi, Azərbaycan şairi, Şərqin, eləcə də dünya ədəbiyyatının böyük fəxri sayılan İmadəddin Nəsimiyə həsr olunmuş konfransda sizlərlə görüşürəm. Bildiyiniz kimi, bu ili dövlət rəhbəri, cənab İlham Əliyev "Nəsimi ili" elan etdi və Nəsiminin 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, hər şeydən əvvəl Nəsiminin şair olaraq sözə dəyər verdiyi məqamda onun haqqıdır. Düşünürəm ki, sizin bu gün bizimlə görüşməyiniz, eyni zamanda, biz bu tədbiri Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir bəyin köməkliyi ilə keçirməyimiz böyük bir məna daşıyır. Biz bir neçə ay öncə Özbəkistanda olmuşduq. Orada həm Hüseyn Cavidin əsərinin təqdimatını keçirmişdik, həm də Cavidə həsr olunmuş böyük bir tədbir Nizami Gəncəvi adına Pedaqoji İnstitutda baş tutmuşdu. Biz birlikdə ictimai-siyasi, tarixi, azərbaycançılıq, eləcə də maarifçilik mövzuları ilə bağlı layihələrə imza atırıq. Bunlar hamısı bir kitab şəklində öz əksini tapır. Digər tərəfdən, ədəbi əlaqələri, ədəbiyyatın özünü, ədəbi şəxslərin yaradıcılığını da diqqətdə saxlayırıq. Bu da bizim ədəbiyyat səhifəmizdə və saytımızda əks olunur. Bundan başqa, bizim qəhrəmanlığa, hərbi vətənpərvərliyə, eyni zamanda, Məmməd Araza, Hüseyn Cavidə həsr olunmuş layihələrimiz işıq üzü gördü. Bu layihələr dar bir çərçivədə qalmadı.
Bu, bizim Özbəkistan ziyalıları ilə başladığımız növbəti layihəmizdir. Mən inanıram ki, bu layihə davamlı olacaq. Çünki Azərbaycan-Özbəkistan ədəbi əlaqələri Türk tarixinin özü qədər qədimdir və illərlə bu əlaqələri kəsməyə, sındırmağa çalışsalar da, zərrə qədər buna nail ola bilməmişlər".
S.Vəliyeva əlavə edib ki, bu gün Nəsimi yaradıcılığının Özbəkistan ziyalıları ilə birgə keçirilməsi, eyni zamanda, Nəsimi yaradıcılığının Özbəkistan ədəbiyyatına təsiri və Özbəkistan ədəbiyyatından Nəsimidən ruhlanaraq yazan şairlərin tədqiqat olaraq axtarılması, üzə çıxarılması bu xalqların həm ruh, həm qan, həm də yaradıcılıq əlaqələri etibarı ilə bir-birindən ayrılmaz olduqlarını bir daha sübut etdi: "Sözsüz ki, İmadəddin Nəsiminin Türk dünyasına, dünya ədəbiyyatına, ümumiyyətlə Şərq ədəbiyyatına təsiri qaçılmaz idi və "haqq mənəm, haqq məndə təzahür edir" deyərək haqq aşiqi olan Nəsimi həm də ilahi eşq uğrunda ikinci bir şəhid şairdir. Nəsiminin Əlişir Nəvai yaradıcılığına təsiri və onun yaradıcılığının tətbiqində artıq başqa şairlərə də təsirini hiss edirik. Nəsimi ilahi tərəfindən seçilən bir adam idi. Bu da bizim klassiklərə təsir etməyə bilməzdi. Xüsusilə qeyd etmək lazımdır ki, Nəsiminin əxlaqi, estetik kateqoriyalara münasibəti də İlahidən gələn idi. İnsanın təkcə üz gözəlliyini nəzərdə tutmurdu. Nəsimi insanın daxili və zahirinin vəhdətdə gözəl olması fikrini irəli sürüb. Bu fikir getdikcə Nəsimi yaradıcılığından bütün xalqların yaradıcılığına keçməyə başladı və özbək xalqları, türkdilli xalqlar içərisində bir evdə böyüyən qardaş-bacı qədər bizə yaxın olan özbək ədəbiyyatında qabarıq şəkildə özünü büruzə verdi".
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, Nəsimi kimi şairlər türk dünyasını birləşdirən bağlardır: "Nəsiminin böyüklüyü ondadır ki, o dövrdə ana dili olan türk dilini ərəb və fars dilləri səviyyəsinə qaldıra bilmişdi. Nəsimi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ən böyük söz ustalarından biridir. Onu bütün türk dünyasında sevir və öz şairləri sayırlar. Eyni zamanda, özbək ədəbiyyatına onun böyük təsiri olub".
Tərcüməçi, alim Tahir Qahhar "İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi" məruzəsi ilə çıxış edərək bildirib ki, Nəsimi və özbək ədəbiyyatı mövzusu çox geniş mövzudur, alimlər bu mövzuda hələ çox araşdırmalar aparmalıdır: "Min illik yazılı özbək ədəbiyyatında hürufilikdən yazan şairlər olsa da, onlara Nəsimi kimi geniş yer verməyiblər".
Daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov, tarixçi, publisist Şuxrat Salamov və AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və başqaları çıxış edərək Nəsimi sənətkarlığı və Nəsimi poeziyası fonunda Azərbaycan-Özbəkistan münasibətlərindən danışıblar.
Çıxışlardan sonra Azərbaycan həqiqətlərini Özbəkistanda, eləcə də dünyada tanıtdığına görə tarixçi-publisist Şuxrat Salamova "Kaspi" mükafatı, özbək nümayəndə heyətinin üzvlərinə isə "Kaspi" qəzetinin və Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olunub.
Şahanə MÜŞFİQ




