Xırdalan şəhər 5 saylı tam orta məktəbi hər zaman önəm verdiyi xeyriyyə tədbirlərini davam etdirir.
Məktəbdə 6-cı sinif şagirdlərinin təşəbbüsü ilə "Ümid" xeyriyyə aksiyası keçirilib. Aksiyanın başlıca məqsədi fiziki və əqli qüsurlu uşaqlarla görüşüb onları sevindirmək olub. Belə ki, tədbirdə şagirdlərin valideynləri tərəfindən hazırlanan müxtəlif şirniyyat məhsulları məktəblilər tərəfindən xeyriyyə məqsədilə satılıb və yığılan maddi vəsaitə Saray qəsəbəsi 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evindəki uşaqlar üçün müxtəlif hədiyyələr alınıb.
Hədiyyələrin təqdim edilməsi zamanı keçirilən görüş tədbir iştirakçılarının böyük sevincinə səbəb olub. Tədbirdə giriş sözü ilə çıxış edən Xırdalan şəhər 5 saylı tam orta məktəbin direktoru Şahin Yusifov həm məktəblilərə, həm də valideynlərə öz minnətdarlığını bildirərək şagirdlərin bu təşəbbüsünü alqışladığını qeyd edib. İnternat evinin rəhbərliyi isə öz növbəsində göstərilən dəstəyə və xeyriyyə aksiyasına görə məktəb heyətinə təşəkkürünü çatdırıb.
ŞAHANƏ