|
|
|
|
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
Bu barədə ASC-dən verilən məlumatda qeyd olunub.
Bildirilib ki, əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu ilin birinci rübündə də bu mərkəzlərə "Azərsu"nun təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı artıb.
2019-cu ilin yanvar-mart aylarında "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində fəaliyyət göstərən "Azərsu"nun xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26850 müraciət edilib. Daxil olmuş müraciətlərin 13182-i "ASAN xidmət", 13668-i isə "ASAN Kommunal" mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox ödənişlər haqqında məlumatların verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı müraciətlər edib.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində "Azərsu"nun müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən "Azərsu" ASC "ASAN Kommunal" mərkəzlərində də təmsil olunur. Ümumilikdə, 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 220 minədək müraciət daxil olub.
Hazırda "Azərsu" ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki "ASAN xidmət", həmçinin, 1 və 2 saylı "ASAN Kommunal" mərkəzlərində təşkil olunub.
CEYHUN