Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunan "Azərbaycan dilçiliyi: reallıqlar, tələblər" Respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, ADPU-nun tanınmış, görkəmli, şöhrətli alimləri çoxdur. Onların arasında professor Əbdüləzəl Dəmirçizadə xüsusi yer tutur.
Professor Ə.Dəmirçizadə Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib. O, Azərbaycan dili tarixinin ilk tədqiqatçısıdır. Görkəmli alimin ədəbi dilimizin tarixinə həsr etdiyi elmi əsərləri Azərbaycan dilçiliyi tarixində mühüm əhəmiyyət kəsb edir.
Həyatını Azərbaycan dilinin tədqiqinə və təbliğinə həsr edən mahir tədqiqatçı Ə.Dəmirçizadə öz elmi qənaətlərini "Azərbaycan dili tarixi xülasələri", "M.F.Axundov dil haqqında və Axundovun dili", "Azərbaycan dilinin tarixi", "Azərbaycan ədəbi dilinin inkişaf yolları", "Kitabi-Dədə Qorqud" dastanının dili", "Azəri ədəbi dilinin tarixi", "Azərbaycan dilinin tarixi qrammatikası" və digər kitablarında təsdiq etmişdi. Onun elmi-pedaqoji fəaliyyəti zəngin və çoxcəhətlidir. Böyük alimin fundamental elmi əsərlərinə ulu öndər Heydər Əliyev yüksək qiymət verib.
Konfransda məruzələrlə çıxışlar olub.
Bildirilib ki, Ə.Dəmirçizadə Azərbaycan dilçiliyində məktəb yaratmış alimlərimizdən biridir.
S.QARAYEVA