Məlum oluduğu kimi, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Müşavirədə sosial-iqtisadi sahədə bir-birinin ardınca atılan addımları, o cümlədən, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi, minimum əməkhaqqı, pensiya, təqaüd və sosial müavinətlərin artırılmasını islahatların yeni mərhələsi kimi qiymətləndirən dövlət başçısı qarşıdakı dövrdə həlli vacib məsələlərdən danışıb, 3 mühüm sahə - iqtisadiyyat, kənd təsərrüfatı və səhiyyə üzrə yeni sosial-iqtisadi modelə keçidin anonsunu verib. Qeyd olunub ki, milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlar üzrə strateji yol xəritələri ilə bağlı görülən işlərin icra vəziyyəti təhlil edilib, milli iqtisadiyyatın perspektivi ilə bağlı müzakirə aparılıb. Yeni sosial iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsini, əlverişli biznes mühitinin inkişaf etdirilməsini nəzərdə tutur. Yeni sosial-iqtisadi model bugünədək yaradılan baza əsasında, həyata keçirilən islahatların davamı olaraq tətbiq edilir.
Kənd təsərrüfatı sahəsində elan olunan yeni islahat kursunda isə məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi, kənd təssərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin artırılması, kənd təssərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasıdır. Bu məqsədlər üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın tətbiqi ilə bağlı hüquqi və institusional tədbirlər görülməsi, ixracın çeşidinin artırılması və bazarlarının diversifikasiyası və digər addımların atılması nəzərdə tutulur.
Tibbi sığorta sahəsində islahatlar da Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biridir. İcbari tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarının səhiyyə xidmətlərinə əlçatanlığın təmin etmək, tibbi xidmətlərin keyfiyyətini və əhatəsini genişləndirmək məqsədi güdür. Azərbaycan əhalisinin bütün təbəqələri həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər.
Dövlət başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən də danışıb. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq.
Mövzu ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası dövlətimizin müxtəlif sahələr üzrə yürütdüyü siyasətin cari yekunlarını xalqa və dünya birliyinə təqdim etmək baxımından əhəmiyyətlidir. O, "Trend"ə bildirib ki, əslində, iclasda səsləndirilən fakt və rəqəmlər Azərbaycan ictimaiyyəti və obyektiv dünya müşahidəçiləri üçün təəccüblü və gözlənilməz deyil: "İclasda bildirilən fikir və aparılan təhlillər ötən ilin aprelində prezident seçkilərindən sonra Pezident İlham Əliyevin iki əsas vədinin tam şəkildə doğrulduğunu sübut etmək baxımından daha maraqlıdır. Dövlət başçısı seçkilərdən sonra yeni iqtisadi modelə keçid ediləcəyini və aparılan islahatların 2019-cu ildə daha böyük nəticələr verəcəyini söyləmişdi. İclasda təsdiqləndi ki, bu ilin ilk üç ayı bütün sosial-iqtisadi sahələrdə nəzərəçarpan nəticələr verib və bu uğurlar birmənalı olaraq 2018-ci ildən həyata keçirilən yeni islahatlar siyasətinin nəticəsi kimi meydana çıxıb".
Baş redaktorun sözlərinə görə, iqtisadiyyata 2,8 milyard dollardan çox investisiya yatırılması, əsas istehsal və xalqa xidmət sferalarında böyük artımı sübut edən digər rəqəmlər həqiqətən Azərbaycanın böyük inkişaf potensialına malik olduğunu və aparılan ağıllı siyasətin sayəsində potensialların fasiləsiz surətdə real gücə çevrildiyini nümayiş etdirir: "Azərbaycan qədər inkişaf edən ikinci ölkənin olmadığını bildirən prezident bununla həm Azərbaycanın əldə etdiyi hərtərəfli nəticələrə, həm kifayət qədər daxili güc mənbələrinə malik olduğumuza, həm də islahatlar və iqtisadi inkişaf strategiyasının çox dəqiq seçildiyinə əsaslandı. Azərbaycanda islahatların alternativi olmadığını deyən dövlət başçısının real və əsaslı mövqedən çıxış etdiyini sadə məntiqlə aydın izah etmək mümkündür. İslahatlarsız Azərbaycan beynəlxalq nəqliyyat və logistika layihələrinin icrasında əvəzsiz rol oynayan ölkəyə çevrilə, sosial müdafiəyə yüz milyonlarla vəsait ayıra bilməzdi".
A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev iclasda bir neçə sahə üzrə yeni modellərə keçid ediləcəyi barədə qəti mövqeyini açıqlayıb: "Bu modellərin mahiyyətinə görə böyük maliyyə tutumuna malik olduğunu nəzərə alsaq, məlum olur ki, prezident bunların icra ediləcəyinə əmin olmaqla bərabər, həm də Azərbaycanın öz maliyyə ehtiyatlarının dinamik artımına dönməz təminat yarada bildiyini göstərib. Şübhə yoxdur ki, dünyada bu baxımdan bizimlə müqayisə oluna bilən az sayda ölkə var. Dövlət başçısı hərtərəfli iqtisadi inkişafın əsas hədəfinin insan faktoru ilə bağlı olduğunu dünyaya nümunəvi model kimi təqdim edib".
Baş redaktor vurğulayıb ki, Azərbaycan prezidenti iqtisadi inkişafın vüsəti ilə Dağlıq Qarabağ probleminin həlli prosesini məharətlə əlaqələndirə bilib: "Əslində, İlham Əliyev "güclənən iqtisadiyyat - güclənən ordu - güclənən diplomatiya" məntiqini Azərbaycan üçün çox güclü təsir mövqeyi kimi nümayiş etdirib. Bu mənada dostlar da, düşmənlər də prezidentin "Qarabağ məsələsində mövqeyimiz dəyişməyib" bəyanatını sürətlə güclənən iqtisadiyyata malik Azərbaycanın dəyişməz mövqeyi kimi qəbul edib".
A.Quliyev əlavə edib ki, Nazirlər Kabinetinin bu iclasının ölkədə ictimai etimadı möhkəmləndirmək baxımından dəyərli olan başqa bir cəhəti də var: "Prezidentin nitqi bir daha cəmiyyətdə əminlik yaratdı ki, indiyə qədər anonsu verilmiş bütün sosial-iqtisadi layihələr tam icra edildiyi kimi, hazırda təqdim edilmiş layihələr də uğurla həll ediləcək. Ümumilikdə, iclas ölkədə xalqın prezidentə inam və dəstəyini yeni pilləyə yüksəltmək gücünə malikdir".
C.ABASOV