Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsində çox mühüm rol oynayır və komitənin işinin irəli aparılması üçün gərgin əmək sərf edir.
Bu fikri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının myanmalı iştirakçısı Su Su bildirib.
Myanmalı nümayəndə deyib ki, sessiyanın keçirildiyi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir: “Bizim üçün burada hər cür şərait yaradılıb. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.
Su Su qeyd edib ki, bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan dünyada mədəni və tarixi irsin qorunmasına mühüm töhfə verir. Komitəyə üzv olan hər bir ölkənin bu işə töhfə verməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da, öz növbəsində, komitədə çox mühüm rol oynayır, onun işinin irəli aparılması üçün gərgin əmək sərf edir.
Qonaq Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək deyib: “Ölkənizdə ilk dəfədir ki səfərdəyəm, insanlar çox mehriban və qonaqpərvərdir. Bakıya səfərdən zəngin təəssüratlarla qayıdacağam”.