Barat VÜSAL
Azərbaycan Yazıçılar Birliyi Qazax
bölməsinin sədri
Yerin, Göyün, Kainatın, təbiətin qanunlarını, bəşəriyyətin tarixini öyrənən elmlərlə yanaşı bir elm də var. Bu, Ədəbiyyat elmidir.
İnsanı öyrənir!
İnsansa öyrənildikcə öyrənilməmiş qalır.
Amma bilinən və bilinməyən bir həqiqəti də etiraf etməliyik: “Ədəbiyyatın nə qədər ciddi elm olduğunu hələ yazıçı adı daşıyanlar da kifayət qədər bilmirlər” (İsa Muğanna).
Bütün bunlara baxmayaraq daha böyük bir çətinlik də hələ ki, ortalıqda meydan sulayır. İnsandan başqa hər şeyin öz cildində olduğu dünyada insan olmaq nə qədər çətindirsə yazıçı olmaq ondan da çətindir.
Oğuz türkündən söz düşəndə o saat “Qara başım sənə qurban” sözlərini xatırlayıram.
...Ədəbiyyat bizdən qara baş istəyir, qaravaş yox!
Yazıçı Natəvan Dəmirçioğlu ədəbiyyata “qara başım sənə qurban!” amacıyla gələnlərdəndir. O, “qara başım sənə qurban!” deyənlərin, qara başı olanların yazıçısıdır.
Onun əsərlərinin dili nənələrimizin danışdıqları nağılları, söylədikləri oxşamaların dili qədər şirindir, oynaqdır, inandırıcıdır. O, kiçik bir detalla böyük bir mənzərənin assosasiyasını yarada bilir.
Natəvanın 30-40 yaşlarında yazdıqları 80-100 yaşlı İnsanın dünya görüşünün, ağrı-acılarının, xatirələrinin, həyat tərzinin təcəssümüdür. “Türkün mifoloji düşüncə tərzi, Türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki ilkin Türk dini-Tanrıçılıq görüşləri, aydın dil və yaddaşda qalan obrazlar: 90-cı illər nəslinə mənsub olan Natəvan Dəmirçioğlunun yazılarında bunları gördüm”. (N. Cəfərov)
Yazıçının “Üç nöqtə” povesti Şəhriyardan gətirilən aşağıdakı misalla, bir epiqrafla başlayır:
Bu gecə bir mən oyağam, bir Tanrı,
Məndən aşağı kimsə yox, Ondan da yuxarı.
Və sonra müəllifin ithaf olaraq yazdığı sözlər bütün əsərlərinin epiqrafı ola bilər. “Bütün olmuş, olan, olacaq ucalarımızın, ulularımızın, durularımızın ruhuna bağışlayıram bu yazını”
...Böyük yazıçıları həyat böyüdür, deyirlər.
Yalandır!
Böyük yazıçıları nənələr böyüdür!
Natəvan Dəmirçioğlunun əsərlərini oxuduqca düşünürsən: Adamın anası olması çox azdır. Adamın adamı olması çox azdır. Adamın nənəsi olsun gərək!Ölməz şairimiz Nüsrət Kəsəmənli demişkən “yaxşı ki, dünyada nənələr varmış!”
Puşkinin nənəsi kimi!
Səməd Vurğunun nənəsi kimi!
Asif Atanın nənəsi kimi!
Elə bəndənizin nənəsi kimi!
Başqalarının gözəl nənəsi kimi!
Puşkin yazdığı əsərlər üçün nənəsi Arina Radionovnaya borclu olduğunu etiraf etmişdir.
Səmədin nənəsi Ayişə qarı 6 yaşında anasını itirmiş nəvəsini ürəkləndirmək üçün və vaxtsız itirdiyi ərinin ruhunu sevindirmək üçün at minərmiş. Özü də Madyan at yox, erkək at!Gecələr başının altına tapança qoyub yatarmış.
Asif Ata xatırlayırdı: “Nənəm ağlayanda tək ağlayardı...”
...Məndən şairmi çıxardı, nənəmin oxşamalarıyla böyüməsəydim.
Nənə nəfəsinə sığınıb yaşayanlardan, böyüyənlərdən biri də Natəvan Dəmirçioğlu olub. O nənə ki, təzə Aya baxanda salavat çevirərmiş.
Natəvan anasını çox erkən itirib. 12 yaşında. Bu qız uşağı üçün heç bilirsinizmi ki, necə böyük faciədir. Üstəlik, onun digər 5 bacısı üçün. ”...O dərddəndi gözlərinin duruluğu, təmizliyi, bir də sonu görünməyən sakitliyi” (“Yetim”)
Qardaşı olmayıb Natəvangilin!
Yox, səhv elədim. Olub! Olub! Bəs ermənilərlə dava başlayanda Azərbaycanda ilk dəfə əyninə dava paltarını geyib döyüşə yollanan, sonralar dünyasını vaxtsız dəyişmiş Vəfa kim idi?!
Bəli, Vəfaydı bu qızın (Natəvanın) qardaşı! Dəmirçi kişinin oğlu!
Natəvanın təxəllüsünə baxmırsınız? Dəmirçiqızı əvəzinə “Dəmirçioğlu!” Bu sadəcə bir təxəllüs deyil. Elə Natəvanın özü də yerinə, yurduna, elinə-obasına, xalqına, millətinə oğuldur! Yaşadığı ömrüylə! Fədakar ömrü-günüylə, könlüylə, yaradıcılığıyla!
Tanınmış yazıçıdır, yaradıcılıq uğurlarına görə Prezident təqaüdçüsüdür. Jurnalistdir, çox gözəl yetirmələri var. Alimdir, ali məktəb məllimidir. Gözəl anadır, özü dediyi kimi ürəyinə yaxın insanla ailə qurub, gözəl ailəsi, övladları var.
Böyük ürəyinə, insanlığına, ruhlar dünyasının adamı olmasına söz ola bilməz. Belə insanlar haqqında adətən deyirlər ki, anam-bacım olsun!
Amma mənə elə gəlir ki, Natəvanın səsi ana səsindən çox nənə səsini xatırladır. Nədənsə o səs ana səsindən çox nənə səsinə bənzəyir. Daha çox yaşlı olmasıyla, daha çox qədimliyiylə. Elə bil yazıçı Natəvan deyil. Yazıçı- o Səsdir!
Və “Hər şey o Səsdən başlayır...Oy...Tanıdım, Qobustan qayalarındakı Qavaldaşın səsidir!” (“Üç nöqtə”)
...Natəvan Dəmirçioğlunun əsərlərində başqa nənələrin obrazı da ürəklərdə, yaddaşlarda beləcə əzizdir, xatirəsi uca tutulmaqdadır.
“Beli əyilmiş qoca nənəsi əlindəki kösövlə sönmüş ocağı qurdalayır, üfürür, yandırmaq istəyirdi. Bir ağzı da nəvəsini oxşayırdı:
–Bunu verənə şükür! Balamın balası balımdır, baldan şirindir, oğlumdur, noğlumdur. Beş qızın üstündə bunu verən özü saxlasın. Göydən səbətlə düşüb bu balam!” (“Səbət”)
Səbətdən söz düşmüşkən N. Dəmirçioğlunun ən gözəl fəlsəfi tutumlu əsərlərindən biridir bu! “Səbət” əsərinin müəllifi səbətin olmasına tərəfdardır. Lakin içinin necə gəldi doldurulmasının əleyhinədir.
N. Dəmirçioğlu həmçinin çalışır ki, insanların başı səbət “doldurmağa” qarışmasın. Səbətin içi də Nurla, İşıqla dolsun! Elə insanların da!
İçin nurla doldumu sənə səbət lazım gəlmir. Çünki səbət maddiliklə, nur mənəviyyatla ilgilidir.
Təsədüfi deyil ki, N. Dəmirçioğlunu yetgin bir yazıçı kimi ən çox üzə salan, oxuculara sevdirən “Səbət” əsəri olub.
“Səbət” əsərini oxuduqca ağlıma qəribə fikirlər gəlib.
İnsan bəlkə səbətdən yaranıb?! Onçün də Səbət düzəltməklə məşğuldur?! Onçün də Səbəti doldurmaqla məşğuldur?! Ancaq özündən ötrü yox, başqasından ötrü. Bəlkə Allah da cənnətdə insanı Səbətin içində yaradıb və Yerə atıb?
Amma özündən ötrü yox, (Cənnətdən, Göydən ötrü yox!) Yerdən ötrü...
Bütün müsibətlər də elə burdan başlamadımı?
Yoxsa oğlu qocalmış atasını Səbətə qoyub qurda-quşa atmağa aparardımı?
Yoxsa gözəl ailəsi, gözəl vəzifəsi ola-ola gözəl bir kişi bazarlığa gedib, səbəti doldurub başqa bir “gözəlin” yanına tələsərdimi?
Yazıçının yozumuna görə Yer kurəsi özü də içi dolu bir səbətdir.
Hər şey ola bilər...
...Bu da bir danılmaz faktdır ki, xalqa, millətə bağlı insanlar özləriylə işıq daşıyırlar, zinrik qaranlıqlar içində də işıqda yaşayırlar.
Peyğəmbərimiz məhz belə bir qənaətə gəlmişdi:”Mən İşığa çıxdım. Mən daha İşıqda yaşayıram”.
Yazıçı Bernard Beber də yalnız böyük əsərlər müəllifi olmaq üçün yazıb-yaratmırdı. Deyirdi ki, “Çalışıram ki, insanlar nuru dərk etsinlər”.
Natəvan Dəmirçioğlunun əsərlərində işıq var, nur var! İçi Tanrı eşqiylə, Tanrı işığıyla (Tanrı nuruyla) doludur.
12 yaşında anadan yetim qalsa da, içindəki işıq ona pıçıldayıb ki, bu, o qədər də ağır dərd deyil. ”Ağır dərd odur ki, Allahdan yetim qalasan”.
Sonralar Natəvan daha da ağır bir dərddən qorxmuşdu. Xalqın, millətin Allahdan (Nurdan!) yetim qala biləcəyindən!?
O insan adına qaraltılıq edənləri, başını girliyənləri, min oyundan çıxanları sevmir. İşığı sevir! İnsanın işıq olmasını istəyir. Anadan olurmuş kimi insanın təzədən işıqdan doğulmasını istəyir.
Başqaları yığdığı yatırı-var-dövləti sevir. O, İnsan adlı, İşıq adlı, Nur adlı Dövləti sevir!
“Yetim” povestində günahsız yerə tutulub üst-üstə 2 dəfə 15 il iş almış bir kişi kəndə qayıdanda “öldürdüyü” adamın qapısına gedir. Onun artıq saçlarına dən düşmüş oğluyla qarşılaşır. “Mən günahkar deyiləm” deyib geri qayıdanda evin qoca qarısı ilə (Ölənin anasıyla)rastlaşır. Ahıl qarı ona “qatil, nəyə gəlmisən?” demək əvəzinə çoxdan sınıb çilik-çilik olmuş ürəyiylə “Düşmən evindən ha getmirsən, a bala, bir stəkan çay iç, get” deyəndə, bu qarının içindəki dədə-babalarımıza, əcdadlarımıza, xanım-xatın nənələrimizə xas kişilik xarakteri heykəl olub ucalır oxucunun gözündə. Nəzərimizdə Viktor Hüqonun “Səfillər” romanındakı insanpərvər yepiskon obrazı canlanır.
Bir dəfə o yepiskon qarışqanı tapdamamaq üçün kənara çəkilmiş və yıxılıb ayağı sınmışdı.
N. Dəmirçioğlunun bütün əsərləri milli – mənəvi dəyərlərin qorunması, hifz edilməsi amacına xidmət edir.
Məişətdə işlədilən qab-qacaq şeylərindən tutmuş, yemək, içmək, geymək şeylərinə qədər hər şey guya geridə qalan Asiyanın “öndə” gedən Avropanı hər dəfə üstələməsidir. O, adicə su qabı olan sənəyin belə ruhunun incidilməsini istəmir.
“Sənə yüz yol demişəm, sənəyi yerə yavaş qoy” (“Dözüm”).
“Sovet hökuməti” bizim buxara papağımızı, Kəlağayımızı, Sazımızı, atımızı-hələ silahımızı demirəm – onu tamam aldı. Amma bu dörd şeyi bizdən qopardı. Çünki bu dörd ilə biz özümüzə çox oxşayırıq. Buxara papaq qeyrətdi, kişilikdi, kəlağayı xanımlıqdı, Saz ruhdu, at da namusdu, hünərdi” (“Kəlağayı”)
Bir sözlə, N. Dəmirçioğlu milli dəyərləri dəyərləndirən yazıçıdır. Milli adət-ənənələrimizin itməməsi üçün, türk ruhunun, türk dilinin, aşınmaması üçün canını belə qurban verməyə hazır olan yazıçıdır.
N. Dəmirçioğlu sufi ruhlu, sufi düşüncəli, sufi yaddaşlı yazıçıdır. O, öz əsərlərini sanki gizli bir dillə (kodla!) yazır. Sözlə yox, hisslərlə, baxışlarla, qaibanə duruşlarla, yerişlərlə “işləyir”
Hələ göz yaşı və gülüşlə demirəm!
Onun ifadələri doğrudan da başdan-başa qaibanə ifadələrdir. Əsərlərində elə yerlər var ki, o sözləri ancaq qeybin dilini bilənlər yazırlar. Təpədən-dırnağa yazıçı olanlar yazırlar.
Natəvan Dəmirçioğlu yazıçıdır!
N. Dəmirçioğlu insan qəlbinin sirlərinə vaqifdir. Bu, nəylə bağlıdır?
Onunla bağlıdır ki, ”Sevən sevgilisiylə (Allahla- Nurla) bir olduqca ona yüz minlərlə sirr açılır” (C. Rumi. )
lll
...Dünyanın məhvəri çoxdan əyilmişdi.
Nənəsinin tapşırığıyla 5 yaşlı bir qız uşağı öylərinin yanından axan arxdan yarpız yığmağa getmişdi.
Ayağını soyunub suya girmişdi, Sürətlə axan sulara baxmış, dəliliyi tutmuş qan beyninə “vurmuşdu”.
Arx aşağı yox, arx yuxarı “at çapmağa” başlamışdı.
Aşağıya doğru axan sulara baxmaq istəmirdi. Çünki aşağıya doğru su elə bil, ”əyilə-əyilə” axırdı.
Vaxtın da nə təhər keçdiyini bilməmişdi. Çünki vaxt da onun yanından “əyilə-əyilə” keçmişdi.
Geri qayıdanda iki adamın aralarında çəkdikləri çəpərin üstündə bir-birini qırdığını, yavalaşdığını görmüşdü.
Onda o, bu əyrilikləri, naqislikləri düzəltmək istəmişdi. Gücü çatmamışdı. Göyə baxmışdı. İnanmışdi ki, bir gün buna gücü çatacaq...
Evə gələndə görmüşdü ki, nənəsi göyə baxa-baxa əlini dizinə çırpıb deyir:
– A bala, a-az, indiyəcən hardaydın?
Sakitləşmişdi. Elə bilmişdi ki, nəvəsi onun göylərə baxdığına görə gəlib çıxmışdı.
Bəlkə də...
N. Dəmirçioğlu deyir: “Nə varsa insanın qarnındadır. Gözləri isə axtarır. Əllərinə keçəni qazanda qaynadırlar. Qaynayan qazanlar ortaya gəlmir.
Göylərə baxan yoxdur!”
Yəni adamlar Allahdan (İşıqdan, Nurdan, Göydən!) qorxmurlar.
C. Rumi isə göyə baxmağın anatomiyasını gözəl bilirdi və göyə çatmağın sirrini bildiyi üçün deyirdi:”Ölün! Ölün! Bu eşqin yolunda ölün! Ta ki, yenidən diriləsiniz. Qurtarın, qurtarın bu torpaqdan canınızı!Ta ki, göylərə çatsın əliniz!”
İnsanlarsa insandan çox, içi necə gəldi doldurulmuş səbətə oxşayır. Danmağa nə hacət! “İtirib özündə özünü insan!” (M. Araz)
5 yaşında dünyanın (elə insanın da!) əyriliyini düzəltmək istəyən qız indi 50 yaşında ayağı yalın halda daha coşqun sulu arxlara girmək istəyir, dünyanın və insanın bütün əyriliklərini hələ də düzəldəcəyinə inanmaq istəyir!
Və hələ göylərə baxan var. Lap bir nəfər də olsa, üç- beş nəfər də olsa!
Biri elə Natəvan Dəmirçioğlu!
...Natəvan Dəmirçioğlu göylərə baxa-baxa yaşayır!
...Natəvan Dəmirçioğlu öz əsərlərini göylərə baxa-baxa yazır!
P. S “Mən hər gecə hamıdan muğayat olmaq üçün yatmıram. Qaranlıq otaqda durub sönən çıraqlara baxıram. Ən sonuncu çıraq sönəndə öz çırağımı yandırıram ki, şəhərimiz işıqsız (Çıraqsız )qalmasın” (Həllac Mənsur).
Demək, Həllac Mənsur da (Onun kimilər də) Göyə baxa-baxa görürmüş öz müqəddəs işlərini. Demək, bu, Ruha bağlı adamların köhnə, müqəddəs adətidir, borcudur.
...Göylərə baxanlar belə olurlar!