Qəhrəmanlar
Ən çox sevdiyim iki qəhrəman var: İsa Peyğəmbər və Qaliley. İsanı ona görə sevirəm ki, o sağ üzünə vurulan şillədən sonra sol üzünü çevirib, bununla da bəşəriyyətə sübut elədi ki, əzab nə qədər əbədidirsə, dözüm bir o qədər əbədidir.
Qalileyi ona görə sevirəm ki, “yer fırlanır” ideyasına görə tövbə etsə də, məhkəmədən sonra sakitcə “onsuz da, fırlanır” deyib. Qaliley xalq və din önündə öz qanununa qarşı çıxdı, amma Allah və öz vicdanı önündə isə o qanunu təsdiqlədi. Allah da əsrlər sonra xalqın və “din”in yox, Qalileyin həqiqətinin real olduğunu dünyaya əyan etdi. Qalileyin ironik etirazından sonra hələlik bəşər əhlinin bu cür etinasız “üsyan”ı, məncə, görünməyib.
Tanrı insanı misal göstərir
Knut Hamsunun “Pan” romanını oxuya-oxuya o qədər məqamlar mənə doğma gəldi ki... Yazıçı sevginin hissdən əmələ, əməldən düşüncəyə qədər (tutduğun işlərin dərki) uzanan yolu unikal təsvir edir. Maraqlıdır ki, bütün süjeti rəvayətlərə əsaslanaraq qələmə alır və romanın ideyasından da açılır ki, əslində, roman elə ayrı-ayrı rəvayətlərin məcmusu, mifoloji sürət olan Panın yeni dövrdə ifadəsidir. Bəs onda nə mənası var roman yazmağın, əgər orda yeni ideya və göstəricilər yoxdursa, əsər sadəcə rəvayətini açılışıdırsa? Əlbəttə, var. Ona görə ki, rəvayət olmuşun, romandakı süjet hazırda olanın, oxucunun oxuyacağı isə onu gələcəkdə gözləyən həyatın malıdır. Ona görə də rəvayət və süjet birləşib bir oxucu gələcəyi qurur. Mənsə həmin sevginin hissdən əməl, əməldən düşüncəyə qədər uzanan yolunu təsvir edən hissələrdən birini diqqətinizə çatdırmaq istəyirəm.
“Qızı Qalaya dustaq etdilər...
– Sən nə edirsən, ay qız, nəyə gülürsən?
– Hələ də xatırlayıram...
vaxtsa keçir...
– Nə edirsən, ay qız? Nəyə gülürsən?
– Süfrəyə onun adını tikirəm.
– Kimin adını? Səni həbs edənin?
– Hə, iyirmi il əvvəl görüşdüyüm adamın.
– Onu hələ də xatırlayırsan?
– Hə, necə vardısa, elə də xatırlayıram.
vaxtsa keçir...
– Sən nə edirsən, dustaq qadın?
– Mən çalışıram, amma tikişi əvvəlkitək görə bilmirəm, amma divardakı əhəngi qazıyıram, bu əhəngdən ona bardaq düzəldəcəm?
– Sən kimdən danışırsan?
– Sevgilimdən, məni qalaya salan adamdan.
– Səni həbsxanaya saldığı üçün gülümsəyirsən?
– Düşünürəm ki, o “Baxın sevgilim bardaq göndərib, otuz ildə məni unutmayıb” – deyəcək.
vaxtsa ötür...
– Necə olur ki, əllərini yanına salıb rahatca gülümsəyə bilirsən?
– Mən çalışıram, çalışıram, amma gözlərim tutulub, odur ki, mən ancaq düşünə bilirəm”.
Əsər boyunca təbiət vurğunu kimi təsvir edilən Pan obrazı birdən-birə qadın aşiqi simasında qarşımıza çıxır və bu qəfillik heç də təəccüb doğurmur. Bu dəyişimi yazıçı elə ustalıqla edir ki, sanki əllərini arxasında gizlədib ovcunda çöp dəyişir... Bir ideya budur. İkinci ideyasa insan daim başqalarının yaşadığını özünə örnək seçmək məcburiyyətindədir, sanki Tanrı insanları bir-birinə misal göstərir. Hamı başqasına görk kimi yaşayır.
Faust qalibkən, Faust məğlubkən
Avqust Yuhan Strindberqin “Tənha” romanında Hötenin “Faust” barədə belə bir məqam var: “Birinci hissədə Allah Savlla təkbətək döyüşdən zəfər çalan Faust, ikinci hissədə Pavelin qarşısında məğlub durumda dayanır. Bax mənim Hötem budur”.
Bir əsər daxilində qalibiyyətlə məğlubiyyətin bir-birinə bu qədər yaxın olması halı insanda heyrət doğurmaya bilmir. Amma bütün bunlar nə qədər mistik güclə başa gəlsə də, mahiyyət etibarı ilə soyuqqanlılıqla başa çatır. İtaətin qalibliyi qələbə kimi görünür və sanki təklik tərənnüm edilir. Nəzərə alsaq ki, Höte “Faust”u qocalığında yazıb, onda belə nəticəyə gəlmək olar, o öz itaəti ilə qələbəsini təmin edirdi. Nəticədən asılı olmayaraq isə insan qələbə üçün vuruşur. Necə? Höteyə görə gənclikdəki fiziki güc, yaşlaşanda mənəvi gücə məğlub olur. Gənckən fiziki güc qələbə çalır, yaşlaşanda isə mənəvi güc qalib olur. Beləliklə, insan hər dönəmdə öz-özünə bir dəfə qalib gəlmiş, bir dəfə də məğlub olmuş olur. Bu klassik heç-heçə öz imtahanından keçib və Tanrının sınağından çıxıb mənəvi pilləyə ucalmağın ən kamil yolu sayılır.
Adəmin novatorluğu
İnsan bütün dönəmlərdə dəyişimi izləməyə çalışıb, ona görə də bütün aliliklər üçün ibtidailər marağını itirmir, primitivləşmir. Adəm isə ənənəviliyi özü yaratdı, o nəyi təkrar etdisə öz ənənəsinə çevirdi. Eyni zamanda öz dövrünə aid bütün yenilikləri yaratdı: almanı yeməyi də, qovulması da, qadına inanması da, şeytana aldanması da, yeni idi, o yaşadığı ilk hissləri, hərəkətləri həm də yaradırdı. Bu mənada, ondan daha yenilikçi adam tapmaq bir qədər müşkül görünür.
Qocalıq
Yaşlaşandan sonra müğənnilərin sevgi kliplərində özləri yox, cavan aktyorlar rol alırlar. Yaşlı müğənnilərsə sadəcə mahnı oxuyurlar. Məsələ budur: cavanlıqda insan öz nəğməsini oxuyur, yaşlaşandasa kimlərinsə...
“Ədəbiyyat boş şeydir”
Əgər bir yazıçı əsərində ciddi fanilik, ölüm aurası yaradıbsa, bir qəbiristanlığı əməlli-başlı təsvir edə bilibsə, deməli, az-çox anlayır ki, bu gözəlim cahandan ovuc-ovuc qızılları, topa-topa pulları axirətə aparmayacaq. Amma bunları (ölüm, dünyanın hədərliyi) yazandan sonra, yenə də sərvət ovuclayırsa və axşam oturub fanilikdən yazırsa, deməli, məqsədi ədəbi nümunələr yaratmaq yox, ədəbiyyatın boş şey olduğunu sübut etməkdir. Onlar sözün, ədəbiyyatın nəyisə dəyişməkdə, ədaləti bərqərar etməkdə gücsüz qaldığını göstərirlər. ...bu mənada, bəzi yazıçılar elə bilirlər ki, fani olanların fövqündə olan ədəbiyyat vasitəsi ilə tarixləşirlər, ancaq anlamırlar ki, onlar şüuraltı olaraq “ədəbiyyat boş şeydir” ideyasını sübut etmək üçün yazırlar.
Kamyu “Qeydlər”ində bu məsələ barədə belə yazırdı: “Biri həyat, digəri isə yaradıcılıq üçün hesablanan iki istedad olmur. Bu birinə də, o birinə də kifayət edir. Əmin ola bilərsiniz ki, istedad yalnız süni və qeyri-səmimi əsərlərin yaranmasına sərf olunubsa, o zaman ona sərf olunan həyat da boş və dəyərsiz imiş”.
Bizim “dünyəvilər”
“Azərbaycanın Çexovu”, “Azərbaycanın Kafkası”, nə bilim “Azərbaycanın Pamuku” deməklə, biz milli yazıçılarımızı heç də hörmət minbərinə mindirmirik.
İndiki ədəbi reallıqda bu yazıçılar üçün cür ucuz bənzətmələr, bu cür “oxşamalar” alman malının, eyni markada Çində istehsalı qədər ucuz qiymətdir. Pis cəhət nədir, odur ki, bizim bəzi yazıçıları hansısa tanınmış əcnəbi yazara bənzədəndə, onu böyük yazıçıların “Azərbaycan variantı” adlandıranda ürəklərinə yağ kimi yayılır, pişik istidən xoşallanan kimi bərk xoşallanırlar. Suyunun, suyunun suyunda “təmizlənmək”lə biz nə qədər təmiz görünürük? Bu cür müqayisələr təxminən “Azərbaycanlı Şaban” qədər biabırçı bir şeydir. Bir də belə sözlərdən əriyənlər düşünməlidir ki, görəsən, Yusif Səmədoğluna niyə Azərbaycanın Bulqakovu demirlər?!
Mükafatın adına söz çıxartmaq
Bizim bəzi yazarların bir bəlası da mükafatlarla bağlıdır. Bir var mükafat almaq istəyi, bu çox yaxşı hissdir, yazıçının qiymətləndirilməsi yaxşı haldır. Bir də var, adının, ədəbi imzanın almaq istədiyin mükafatla qoşa çəkilməyini istəmək. Bu təxminən ona bənzəyir ki, gözün düşən, ancaq bir şey edə bilmədiyin qadının adına söz çıxardırsan. Bəzən bizim bəzi yazarların mükafat almaq yox, mükafatın adına “söz çıxartmaq” azarları göz deşir.
Yaralı xatirələr
lll
Atam can verən gün bizi (qardaşımı və məni) dayımgilə aparmışdılar ki, onun ölümünü görməyək. Axşam bizi evə gətirəndə, küçədə qonşumuzu gördüm. Həmişə mənimlə pis davranan o qonşu oğlan mehriban-mehriban danışanda başa düşdüm ki, onun mənə yazığı gəlir və atam ölüb...
lll
Mənim bir “orqanım” sizlərdən artıqdır. İranda həbsdə olanda ağlamaqdan gözümün altında bir şırım əmələ gəlmişdi. Şərti olaraq o yerə “göz yaşı yeri” deyirdim..
lll
Dostumun xərçəng xəstəliyindən əziyyət çəkən anasına baş çəkməyə getmişdim. Qadın mənə dedi ki, “Fərid, ölümdən qorxmuram, qorxuram ki, ölsəm, bir də heç vaxt oğlumu görə bilməyəcəm”. Özümü saxlaya bilmədim, gözlərim doldu və eşiyə çıxdım...
Eşikdə Leonid Andreyevin “Yeddi Məhbusun hekayəsi” povestində edama aparılan qəhrəmanın fikri yadıma düşdü: “Mən ölümdən qorxmuram, mənim həyata heyfim gəlir”.