Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi yekunlaşıb.
Nazirliyin tabeliyindəki DOST Agentliyində müsabiqə qaliblərinin mükafatlandırılması keçirilib və sərgi təşkil olunub.
Sərginin təşkilində məqsəd məişət zorakılığı anlayışı, məişət zorakılığı, o cümlədən qadına qarşı zorakılıq hallarının doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılmasına xidmət edir. Eyni zamanda, müsabiqənin məqsədi yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsidir.
Müsabiqənin qalibi gənc rəssam, Bakı Dövlət Universitetinin Gənc İstedadlar Liseyinin müəllimi Türkan Abdullayeva olub. 103 əsər arasında qalib olan şəkildə violançel ifa edən gənc qadın əks olunub. İlk baxışdan ifa və gözəl qadın görüntüsü yaransa da, diqqətlə baxanda əsərin mahiyyəti anlaşılır. Belə ki, ifaçı qadının şiddətə məruz qaldığı, qollarında və üzündə döyülməkdən yaranan izlər görünür. Bununla belə, rəssam, peşəkarlığından istifadə edərək əsərin qəhrəmanını pessimist deyil, zərif olduğu kimi, həm də güclü təsvir edib. Məhz bu baxımdan ilk olaraq qadının üzərindəki şiddət izləri sezilmir. Daha sonra isə görünən izlər şiddətə qarşı güclü baryer yaradır və insanı bir daha düşünməyə məcbur edir.