"Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində Azərbaycan ardıcıl və sistemli yanaşma nümayiş etdirib".
APA-nın məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) layihəsinin nəticələrinə həsr olunmuş konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib. Nazir müavini Baş nazirin müavininin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, bu ilin iyul ayında dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatın Nyu-Yorkda uğurla təqdim olunduğunu deyib. Məqsədlərin icrası sahəsində BƏT-lə əməkdaşlıqdan danışan nazir müavini bildirib ki, BƏT-in yeni gündəliyi Əməyin Gələcəyi üzrə Qlobal Komissiyanın 22 yanvar 2019-cu il tarixli hesabatına əsaslanır: "Komissiya iqtisadi artım və inkişaf üçün insan yönümlü gündəlik təklif edib. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipə əsaslanır və əsasən 2 məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir".
Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, “e-sosial” portalını, “Məşğulluq” alt-sistemini qeyd edib: "May ayında açılan ilk DOST mərkəzi ötən dövrdə 50 mindən çox vətəndaşa xidmət göstərib. Bu il minimum əməkhaqqı 93%, minimum pensiyalar 72%, müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, özünüməşğulluq proqramı genişləndirilərək 10 min nəfərə çatıb".
M. Kərimli Azərbaycanın regionda BƏT üçün uğur nümunəsi olduğunu qeyd edib: "Gənclərin məşğulluğu, özünüməşğulluq və Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı ölkəmizin təcrübəsi BƏT tərəfindən müsbət təcrübələr kimi digər ölkələrə tövsiyə edilib. BƏT-lə əməkdaşlığımızda geniş potensiala malik olan mühüm bir sahə milli təcrübələrimizin ekspertlərimiz vasitəsilə digər ölkələrə ixrac olunmasıdır".
Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin sosial məsələlər sektorunun müdiri Samirə Quliyeva isə deyib ki, Azərbaycanda sahibkarlıqla məşğul olma imkanlarının genişləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilib: "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində indiyədək əldə olunan nailiyyətlər, ortaya qoyulan təkliflər gələcəkdə bu istiqamətdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək. Ölkədə sosial-iqtisadi siyasətin əsasını insan kapitalı hesabına davamlı iqtisadi fəaliyyətin təmin edilməsi təşkil edir. Azərbaycanda bu istiqamətdə çox geniş miqyaslı tədbirlər həyata keçirilir. Bunun da nəticəsində böyük uğurlar əldə edilib. Ötən müddət ərzində əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, layiqli əməyin təmin edilməsi daim diqqətdə saxlanılıb".
Samirə Quliyeva bildirib ki, 2016-cı ilin 6 dekabrında təsdiqlənmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın sahələri üzrə Strateji Yol Xəritəsində" məhz Azərbaycanda əmək ehtiyatlarının səmərəli istifadə edilməsi, əhalinin məşğulluqla təmin olunma, sahibkarlıqla məşğul olma imkanlarının genişləndirilməsi əsas məqsədlər kimi müəyyən edilib: "Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Həmin tədbirlər sabit iş yerlərinin yaradılması, gənclərin məşğulluğunun təmin olunması, qeyri-formal məşğulluğun aradan qaldırılması və gender bərabərliyinin təmin olunmasına xidmət edir".
S.Quliyeva qeyd edib ki, Azərbaycan hökuməti ötən müddətdə Beynəlxalq Əmək Təşkilatı ilə bir sıra uğurlu layihələr həyata keçirib.