Vətən torpaqlarının bütövlüyü uğrunda canını və sağlamlığını əsrgəməyərək vuruşan oğul və qızlarımızın igidliyi müstəqil Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər üçün bir nümunədir. Xalqımızın vətənsevərlik ruhunun ictimai diqqətdə saxlanılmasına yönələn hər bir təşəbbüs təqdirəlayiqdir. Oxucularımıza bu yöndə təbliğat üçün örnək sayıla bilən "Qarabağ igidləri muzeyi"ndən söhbət açmaq istərdik. Maraqlı burasıdır ki, yüzlərlə sənədli eksponata malik bu muzey bir sadə ailənin evində yaradılıb.
Gəncədə, Sevil Qazıyeva küçəsinin 3-cü döngəsində yerləşən, Tağıyevlər ailəsinə məxsus mənzildə yaradılan "Qarabağ igidləri muzeyi"nin özündə oddan-alovdan keçən yüzlərlə insan taleyinin simvoludur desək, yanılmarıq.
Muzeyin yaradıcısı olan sadə və igid qadının - Elnarə Tağıyevanın da taleyi nankor qonşularımızın torpaqlarımıza təcavüzü nəticəsində uzun illərdir davam edən savaşın qaynar nöqtələrindən keçib. O, 1992-ci ildən Müdafiə Nazirliyinin nəzdindəki Əşya-əmlak Xidməti Kombinatında çalışıb. Müharibənin qızğın vaxtlarında əsgər paltarlarının və yataq ləvazimatlarının yuyulması sahəsində işləyib.
Dünən sağ-salamat olan əsgərlərin sabah döyüş meydanında həlak olmasından təsirlənən qadın, şəhidlərin xatirəsini, eləcə də qazilərin igidliklərini ictimaiyyətə çatdırmaq işini özünə bir borc bilərək, onlardan qalan xatirə əşyaları toplayıb və özünün yaşadığı mənzildə əsl muzey yaradıb. Elnarə xanım sonrakı illərdə də Azərbaycanın hər bir guşəsini qarış-qarış qəzərək, şəhidlər və qazilərə aid məlumatlar yığıb, onların ailələrindən yadigarlar toplayaraq, muzeyi genişləndirib. Hazırda muzey Tağıyevlərin mənzilinin 3 otağını əhatə edir.
"Vaxtilə döyüşçülərimizin mənə bağışladığı əşyalardan başqa, ölkəmizin demək olar ki, bütün bölgələrində 400 nəfərədək şəhid və ya qazimizin ailələrini ziyarət edərək, onlar tərəfindən hədiyyə olunan yadigarları da bu muzeydə qoruyuram. Hazırda burada 2500 ədədədək eksponat var. Həmçinin, içərisində şəhid olanların daha çox olduğu 511 nəfər əsgərimiz isə döyüşlərdən qabaq siqaret dənələrinin üstünə öz adlarını yazıb, mənə bağışlayıblar. Onlar, eləcə də döyüş şəraitində bağışlanan yüzlərlə digər əşyalar da göz bəbəyi kimi qorunmalı yadigarlardır", - deyə Elnarə Tağıyeva bildirir.
Bu muzeydə gəzərkən Qarabağ igidlərinin cəsarət və Vətən eşqi ilə yanaşı, muzeyin yaradıcısının da böyük ürək sahibi olduğunu duyursan. O, buradakı eksponatların hər birinin arxasında yatan tarixi çatdırmağı özünə borc bilir. Həm də bu yadigarları seyr etdikcə, sanki onlar özləri dil açaraq bizimlə danışırlar. Doğrudan da buradakı hər bir əşyanın tarixçəsi bir insan taleyi ilə bağlıdır!
Oxucularımızda muzeyin xüsusiyyətləri barədə təsəvvür yaratmaq üçün biz də bəzi eksponatları sadalayaq:
Milli qəhrəmanlarımızdan Nazim Babayevin nəşi bükülmüş bayraq, naxçıvanlı şəhid kapitan Yusif Mirzəyevin avtomat silahının daraq qutusu - muzey yaradılarkən, o, sağ idi və ilk əşyaları bura o bağışlamışdı, Mübariz İbrahimovun onun anası tərəfindən bağışlanmış papağı, topçu İsgəndər Aznavurovun hərbi vəsiqəsi, Təbriz Xəlil Rza oğlunun uşaqlıq fotoları, Alı Mustafayevin öz xəttilə yazılan şeiri, mərhum baş prokuror İsmət Qayıbovun dəfni zamanı onun məzarının üstünə qoyulmuş gülün bir ləçəyi, şəhid Siyavuş Rüstəmovun öz qanına bulaşmış dəsmalı, döyüşə yollanan əsgərlərimizin "avtoqraflı" siqaret qutu və dənələri, alışqanları, qələmləri, dinlədikləri maqnitofon kassetləri...
Muzeyin bir otağı isə 2016-cı ilin Apel döyüşlərinin qəhrəmanlarına həsr olunub. Bu guşədə uzun fasilədən sonra kükrəmiş döyüş əzmimizin qüdrəti duyulur...
Sevindirici haldır ki, muzeyin tanıdılmasında evin gənc nəslinin nümayəndələrinin də rolu var.
"Mən fəxr edirəm ki, qəhrəmanlıq ruhu ilə dolu bir mənzildə yaşayıram. Öz məktəbli dostlarımla buranın səliqə-sahmanının da qayğısına qalırıq. Şəhidlərimizin, igidlərimizin Vətən naminə keçən həyatı biz gənc nəslə nümunə olmalıdır", - deyə məktəbli Atlas Tağıyeva bildirir.
Doğrudan da Gəncədəki bir həyət evinin ayrıca üç otağında ürəyin hökmü ilə yaradılan və giriş qapısının üstündə üçrəngli müqəddəs bayrağımız dalğalanan bu muzey qəhrəmanlıq salnaməsinin yaşadılması ilə yanaşı, bir sadə qadının yüksək vətəndaşlıq mövqeyinin nümunəsidir.
Zakir Muradov, Gəncə
P.S. Həmrəylik Günümüz ərəfəsində oxucularımızın diqqətinə təqdim etdiyimiz bu yazının, necə deyərlər, "əyani təsviri" kimi, YOUTUBE-də axtarış pəncərəsinə Azərbaycan dilində - Mənzilində "Qarabağ igidləri muzeyi" yaradan sadə qadın. Gəncə - ifadələrini yazmaqla, müəllifin televiziyalarımızın biri üçün hazırladığı videomaterialı izləməyin mümkün olduğunu da qeyd edirik