|
|
|
|
Daşkənddə tanınmış Azərbaycan yazıçı və dramaturqu, fəlsəfə elmləri doktoru Firuz Mustafanın özbək dilində çap olunan "Dəniz köçü" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə çap olunan kitabı orjinaldan Şəhla Qasımova çevirib.
AMM-dəki Heydər Əliyev Muzeyində keçirilən təqdimatda Özbəkistanın şair və yazıçıları, alimlər, diasporumuzun üzvləri iştirak ediblər.
Mərasimi AMM direktorunun müavini Polad Zeynalov açaraq Firuz Mustafanın həyat və yaradıcılığı haqqında məlumat verib. O deyib ki, Firuz Mustafa 40-dan çox kitabın müəllifidir. Yazıçının 30-dan artyıq pyesi Azərbaycanın müxtəlif dövlət teatrlarında tamaşaya qoyulub. F.Mustafanın yazdığı şeirlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov musiqi bəstələyiblər.
Tərcüməçi Şəhla Qasımova Firuz Musrafanın özbək dilinə tərcümə etdiyi povest, hekayə və şerləri haqqında məlumat verib. O deyib ki, Firuz Mustafanın onlarla elmi və bədii əsərləri nəşr edilib, ssenariləri əsasında filmlər çəkilib. O, bir sira xarici filosof, şair və yazıçıların əsərlərini (N.Berdyayev, F.Nitsşe, S.Yesenin, A.Blok, V.Şukşin və s), habelə "Putin. Birinci şəxsdən" kitabını Azərbaycan dilinə tərcümə edib.
Dossent Adxambek Alimbekov, yazıçı və dramaturq Qoşqor Norkabil, Daşkənd Şərqşünaslıq İnstitunun müəllimi Malaxat Qulamova, jurnalist Rüstəm Cabbarov və başqaları Firuz Mustafanın əsərlərinin məziyyətləri haqqında söhbət açıb, onu tanınmış yazıçı, dramaturq kimi xarakterizə ediblər.
Sonda Firuz Mustafa çıxış edərək kitabı çap edən və təqdimatını keçirən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib, gələcək planlarından danışıb.