|
|
|
|

Son zamanlar mütəxəssislər yeni geosiyasi yanaşmaların formalaşmaqda olduğunu vurğulayırlar. Bu proses dünya miqyasında müşahidə edilən siyasi dəyişikliklərlə əlaqəlidir. Meydana çıxan müxtəlif ziddiyyətlərin aradan qaldırılması qlobal miqyasda əhəmiyyət kəsb edir. Bunun üçün səmərəli elmi yanaşma tapılmalıdır. Tanınmış geostrateqlərin bu aspektdə fikirləri maraq doğurur.
Dövlətdaxili təhlükələr və beynəlxalq aləm
Bir sıra mütəxəssislər müasir dünyanın siyasi transformasiyalarını dərk etmək üçün yeni elmi yanaşmaların hazırlanmalı olduğu qənaətindədirlər. Onlar məsələyə qlobal miqyasda geosiyasi mühitin mürəkkəbləşməsi və qeyri-müəyyənliklərin çoxalması aspektində nəzər salırlar. Həmin kontekstdə daha çox vurğulanan bir neçə məqam mövcuddur (bax: Владимир Карякин. Геополитика третьей волны / ''Российский Институт Стратегических Исследований'', 28 oktyabr 2013).
Hər şeydən əvvəl müasir dünyada dövlətdaxili təhdidlərlə dövlətlərarası münasibətlərdəki təhlükələr arasında daha sıx əlaqənin yaranmasına işarə edilir. Bu həqiqətən də indiki tarixi mərhələdə lokal və qlobal təhlükəsizliyin təmini aspektində olduqca aktual məqamdır. Məsələnin mahiyyəti istənilən ölkə daxilində meydana gələn təhdidlərin həm də beynəlxalq miqyasda əks-səda verməsindən ibarətdir. Belə ki, Mərkəzi Asiya və ya Afrikada hansısa ərazi, demoqrafik, siyasi və ekoloji problemin kəskinləşməsi eyni zamanda qlobal təhlükəsizliyə qorxu törədir.
Son illərin təcrübəsi bu tezisin doğruluğunu tamamilə təsdiq etməkdədir. Suriya və ya Əfqanıstanda müşahidə edilən daxili münaqişələrin kəskinləşməsi dünya geosiyasi mühitində silkələnmələr yardıb. Xüsusilə, Suriya məsələsi hələ də qlobal siyasətin aktual problemi olaraq qalır. Onun həllindən Yaxın və Orta Şərq, Qafqaz, Mərkəzi Asiya və bütövlükdə Avrasiya məkanında sülhün bərqərar olub-olmaması asılıdır.
Başqa bir misal olaraq Mərkəzi Asiya dövlətlərinin içməli su ilə bağlı bir-biri ilə münaqişəyə girməsi ehtimalının yüksəlməsini göstərmək olar. Hazırda Özbəkistan, Tacikistan və Qırğızıstan arasında həmin problemlə əlaqədar qarşılıqlı ittihamların gücləndiyi müşahidə edilir. Bunun dövlətlərarası münaqişəyə çevrilməsi ehtimalını inkar etmirlər. Eyni vəziyyət Yaxın Şərq və Şimali Afrika ölkələri arasında müşahidə edilir. Bəzi ekspertlər hətta Yaxın Şərqdə növbəti müharibənin içməli su ilə əlaqədar olacağını proqnozlaşdırırlar.
Başqa misallar da gətirmək mümkündür. Lakin bununla məsələnin mahiyyəti dəyişmir: dövlətdaxili ziddiyyətlər beynəlxalq miqyasda ciddi əks-səda doğurur. Bu tendensiyaya böyük dövlətlər reaksiya verirlər. O cümlədən onlar ''idarəedilən xaos'', ''yumşaq güc'' və ''dolayı təsirlər'' kimi yeni geosiyasi texnologiyalardan istifadə edirlər (bax: əvvəlki mənbəyə). Bu məqam dünya miqyasında geosiyasi aspektdə qeyri-müəyyənliklərin artmasını şərtləndirən faktorlardan birini ifadə edir.
Problemin həmin tərəfi üzərində geniş dayanmağa ehtiyac vardır. Hazırda Qərb geosiyasətçiləri arasında hansı siyasi kursun seçilməsi ətrafında müzakirələr gedir. Zbiqnev Bjezinski ''qlobal hegemonluq'' dövrünün arxada qaldığı ideyasını irəli sürür (bax: Бжезинский: В сегодняшнем мире глобальная гегемония невозможна / ''Голос Америки'', 23 oktyabr 2013). 85 yaşlı məşhur analitik müasir mərhələdə Amerikanın xarici siyasətdə kifayət qədər ustalıqla hərəkət etmədiyini vurğulayır. O, indi dünyanın yeganə lideri olmaq iddiasının əsassız olduğunu deyir.
Qlobal hakimliyin sonu
Z.Bjezinskinin fikrinə görə, müasir dünyada qlobal hakim olmaq prinsipcə mümkün deyil. 1990-cı illərdən sonra ABŞ 13 il fövqəlgüc olub. Bunu hər kəs etiraf edirdi. ''Ancaq indi biz həmin vəziyyətdə deyilik. Onu bərpa etmək ehtimalı da çox azdır... Bir ölkə olaraq anlamalıyıq ki, dünya müqayisə edilməyəcək dərəcədə mürəkkəb olub, təhlükə potensialı çox yüksəlib. Yaxın onilliklərdə müttəfiqlər yox, bizim maraqları heç olmazsa qismən bölüşən tərəfdaşların mövcudluğu tələb olunacaq'' (bax: əvvəlki mənbəyə).
Onu vurğulayaq ki, 2012-ci ildə işıq üzü görmüş qısaca ''Strateji baxış'' adlanan kitabında tanınmış strateq yuxarıda qeyd edilən məqamlara geniş yer verib. O, ''sönən Qərb'', ''''Amerika arzusu''nun sonu'', ''Çin yox, xaos'' və s. kimi ifadələrlə qlobal geosiyasətin faktiki olaraq yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb (bax: Zbigniew Brzezinski. Strategic Vision: America and the Crisis of Global Power. Basic Books, 2012, 224 s.). Təbii ki, ABŞ XXI əsrdə yalnız ''qlobal siyasi canlanma''ya rəhbərlik edə bilsə, öz liderliyini saxlaya bilər.
Burada söhbət hansı rəhbərlikdən gedir? Z.Bjezinski dünyanın müxtəlif regionlarında siyasi aktivliyin artıq dönməz xarakter aldığını qəbul edir. Bunun əlaməti olaraq ''dünyada qarşılıqlı təsirlər və qarşılıqlı asılılığın artması''nı göstərir. Həmin faktorun meydana gəlməsinin bir səbəbi ''ani vizual kommunikasiya vasitələrinin'' sürətli inkişafı ilə bağlıdır. Digər səbəb isə az inkişaf etmiş ölkələrdə gənclərin üstünlük təşkil etməsi və onların siyasi baxımdan çevik davranmasıdır. Bunlara sosial hüquqları pozulmuş sosial kəsimi də əlavə etmək lazımdır (bax: əvvəlki mənbə, s.43).
Mütəxəssislər bu fikirlərin arxasında Amerikanın Qərbin lideri kimi öz iradəsini dünyaya qəbul etdirməsinin dayandığını iddia edirlər (bax: məs., Борис Межуев. Геостратегия после утраты глобального лидерства / ''Terra America'', 30 oktyabr 2013). Lakin amerikalı analitik burada məzmunca tamamilə başqa liderlikdən danışır.
Onun mövqeyinə görə, ABŞ dünyanın bütün regionlarında müşahidə edilən siyasi fəallığa öz maraqları müstəvisində müdaxilə etməlidir. Konkret olaraq, onu yatırtmaq və ya güc vasitəsi ilə öz maraqlarına yönəltməyə çalışmamalıdır. Sadəcə, prosesə qatılmadan onu idarə etməlidir. Bunun üçün məhz ''üçüncü dalğa geosiyasəti''nin texnologiyası tətbiq olunmalıdır. Onun əsas xüsusiyyəti klassik mənada prosesi idarə etmədən idarəetməyə və onu nəzarətdə saxlamağa nail olmaqdır.
Bu cür yanaşmada qlobal miqyasda bir neçə güclü geosiyasi oyunçunun iştirak etdiyi bir mühit yaranır. Müxtəlif regionların liderləri mövcud olur. Onlar arasında müəyyən mübarizələr gedir. Bütün hadisələrin zirvəsində isə strateji təsir göstərə bilən lider – Amerika dayanır!
Görünür, yuxarıda baxılan kontekstdə ''üçüncü dalğa geosiyasəti'' reallıqda dünya liderliyi uğrunda fərqli məzmunda mübarizənin yeni modelidir. Burada çoxlu sayda aparıcı geosiyasi oyunçuların mövcudluğu qəbul olunur. İndi əsas siyasi gedişlər həmin aparıcı dairələrin idarə edilməsinə yönəlməlidir. Təbii ki, bu şərtlər daxilində klassik anlamda vahid lider olmaq mümkün deyildir.
Bunlardan belə nəticə çıxarmaq olar ki, indi geosiyasət mahiyyətcə yeni məzmun səviyyəsinə qalxır. Lakin bu proses qlobal miqyasda təhlükələrin aradan qaldırılmasına çətin ki, xidmət etsin. Sadəcə, böyük dövlətlər daha mürəkkəb və incə oyunlar qurmaqla yenə hakim olmağa çalışırlar. Bəşəriyyətin bu proseslərdən daha sabit inkişaf və sülhpərvər vəziyyətə keçəcəyini proqnozlaşdırmaq xeyli çətindir.
Onu demək lazımdır ki, ən müasir elmi terminlərdən istifadə edib, təkmil geosiyasi nəzəriyyə yaradılsa belə, o insanın inkişafına xidmət etmirsə, təhlükəlidir. Məsələn, ''idarəedilən xaos'', ''özünütəşkiledən cəmiyyət'', ''bifurkasiya cəmiyyəti'', ''qeyri-xətti və dayanıqlı inkişaf'' və başqa müasir terminologiyadan bol-bol yararlanmaq olar. Ancaq əsas məqsəd yenə hansısa dövlətin və ya dövlətlər qrupunun digərləri üzərində diqtəsini təmin etməkdən ibarət olacaqsa, dünya bundan heç nə qazanmayacaq.
Bu səbəblərdən, müsəlman dünyasında müşahidə edilən siyasi canlanmanı həmin məkanın ölkələrinə qarşı istifadə etmək cəhdləri növbəti böyük səhvdir. Siyasi və geosiyasi aspektdə ədalətsizlik və qərəzlilikdir. Reallıqda isə bəşəriyyəti yeni-yeni təhlükələrin alovuna atmaqdır. Oradan kimsənin, o cümlədən həmin ideya müəlliflərinin salamat çıxa biləcəyi böyük şübhə doğurur. Ədalətli olaraq düşünək!
Newtimes.az



