
20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə “525-ci qəzet”in keçirdiyi, vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsində 3-cüi mükafata layiq görülmüş Nərgiz Qazi və Simran Qədimin esselərini təqdim edirik.
Nərgiz Qazi
19 may 1998-ci ildə Bakıda doğulub. Hal-hazırda İsveçdə yaşayır. Lund universitetinin Logistics Service Management fakültəsində oxuyur. Helsinqborq şəhərində yerləşən İkea mağazasının logistika departamentində işləyir. Eyni zamanda da Birləşmiş Millətlər Təşkilatının Helsinqborq şəhərindəki filialının sədridir.
Vətəni qürbətdə yaşamaq
“525-ci qəzet”in, 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi haqda elanı vaxtın bitməsinə bir gün qalmış internetdə gözüm aldı. İki ay imiş elan olunduğu.
Baxıram, 21 saat qalıb müsabiqə vaxtının bitməyinə. 21 illik vətən duyğularımı 21 saata necə sığışdırım axı, mən yazıq! Cəhd edəcəm, dedim.
Məncə, vətənin kökü insanın ruhunda, qəlbindədir! Onu hərə bir cür duyur. Vətən tək torpaq, dağ-daş deyil, birinə ana qucağı, ata ocağı, birinə sadəcə doğulduğu yer, böyüdüyü evdir. O birinə uşaq vaxtı üstündə min oyundan çıxdığı xalı, gəbədir vətən. “O biri” dediyim özüməm elə. Saathesabı işlədiyim İKEA satış mərkəzində xalılar satılan bölmədən hər dəfə keçəndə uşaq vaxtı nənəmizin Qarabağda toxuduğu gəbəni xatırlayıram. İndi rəngi qaçmış, neçə yerdən süzülmüş o xalının dəyərini İKEA-nın palazları anlatdı mənə.
Vətən bizi biz edəndir. Şəxsimizi, kimliyimizi formalaşdıran, tamamlayandır. “Qürbət görməyən vətən qədri bilməz”. Məncə, qürbət görməyən vətən anlayışını tam dərk edə bilməz!
İndi 21 yaşım var, ömrümün çoxunu, 14 ilini Azərbaycanda yaşamışam. Geri qalan 7 ilini isə İsveçdə. Filosofların bir çoxu düşünür ki, vətən özünü aid etdiyin yerdir. Mənimsə özümü aid hiss etdiyim yer yoxdur. Azərbaycanda böyüdüyüm ev yoxdur artıq, İsveçdə də köçhaköçlərimiz çox oldu.
Özümü aid hiss etdiyim vətənim xatirələrimdir. Bərdədə qohumlarımızın təndirdə bişirdiyi çörəyin ətrini İsveçdəkilərə necə anlada bilərəm axı? Qubada getdiyimiz hamamlardı mənim vətənim, di gəl Avropalıya hamam kültürünü izah elə. Mənim vətənim Xızı yollarındakı qırmızı dağlardır, Mars planeti tam bu dağlar olması gərək. O qırmızı dağların arasında yerləşən Mikayıl Müşfiqin evidir vətən.
Vətən yaddaşımın bir güncündə Beşbarmaq dağı şəklində qalıb. Bura dua etməyə gəlir adamlar. Sanki tanrı adamı dağ başında daha aydın eşidirmiş. İlk dəfə ora gedəndə mənə dedilər ki, ziyarətdi bura, çoxlu dua elə. Sözün düzü, onda içimdən dua etmək gəlmədi, o gün ilk dəfə günəşin batmasını seyr elədim sadəcə, dua yerinə. Dağın başına çatanda anlamışdım bu dağla bağlı çoxlu əfsanələrin haradan doğduğunu.
Mənim vətənim Xınalıqdır - nə qədər qonaqpərvər olduğumuzu mənə anladan yerdir bura. Xatırlayıram, Xınalığa gələndə təsadüfən toy üstünə çıxdıq, yüz ilin doğmasıymışıq kimi böyük bir səmimiyyətlə bizi toya dəvət elədilər. Tanımadığım insanların arasında özümü bir ailənin üzvü kimi hiss elədim. Avropalıya bu insani istiliyi duydura bilərəmmi? Anlayarmı məni?
Mənim üçün vətən “Razin”də yaşayan xalamgildə keçirdiyim Novruz bayramıdır. Xalam uşaqları ilə qapı pusmağımdı vətən. Məndən yaşca böyük olan uşaqların məni kiçik gördükləri üçün küsdüyüm şıltaqlıqdır vətən.
Burnumun ucunun göynədiyi ən gözəl anılarımdan biri də məktəb illərimdir. İncəsənət gimnaziyasından ruhuma hopdurduqlarım. İmtahan vaxtı hər riskə rəğmən bir-birimizə kömək etdiyimiz anlardı vətən! Birliyin, birgəliyin gördüyüm ən böyük təntənəsi idi bu. İsveç məktəbində isə hər şey fərqlidir.
Yayda bəzən qohumlar Xızıdakı balaca evimizə yığışardı, 30-40 nəfər olardıq. Yer olmadığından o gecələr yatdığım stolun altı idi yurd yerim. Bəzən dünyaları dəyişmərəm o gecəyə, o balaca küncə.
Mənim üçün vətən babamın dinlədiyi Qədir Rüstəmovun səsidir. Babam sağ olanda anlamazdım bunu, indi vətən olub o səs mənə. Əslində, mənim stilim deyil onun oxumaları, bəs, niyə hər dəfəsində ətim ürpəşir?!
Mənim üçün Ağcakənddir vətən! Buranı mənə Qarabağ deyə göstərdilər. Atamın, anamın gənclik oylağı Şuşanı, Ağdamı gəzən kimi gəzdim oranı. Niyə hər dəfə Qarabağın adı gələndə nənəmin, babamın köks ötürdüyünü bu gözəlliklər anlatdı mənə.
Ömrümdə ən dadlı çiyəni, qaymağı və bir də kababı yediyim yerdən danışıram sizə. Azərbaycana gəldiyimizdə işlərini kənara qoyaraq, neçə yüz kilometr yol sürüb bizə Ağcakənd qarışıq vətənin necə gözəl yerlərini gəzdirən dayımın bizə sevgisidir vətən.
Çox uzatdım deyəsən! Demək istəyirəm ki, mənim vətənlə bağlı olan bütün anılarım Azərbaycandadır, çünki vətənimdir ora!
İsveçdə məni başqa gəlmələr kimi “köçkün” yox, “Azərbaycandan olan qız” deyə çağırırlar. Bu, mənə olmazın fərəhin verir. Baxmayın yaşımın azlığına, BMT-nin Helsinqborq şəhər nümayəndəliyinin rəhbəri təyin olunmuşam bir ildir. Stokholmdan üzü bəri neçə şəhərdə keçirilən tədbirdə qlobal iqlim dəyişikliyi, gender bərabərliyi, miqrasiya problemləri və başqa dünya problemləri öz yerində, Qarabağın işğalından da söz salıram yeri gəldikcə. Bəzən lap yeri olmasa belə. Niyə? Niyəsi haqda heç vaxt düşünməmişəm. İndi, məhz bu sətirləri yazanda düşündüm - mənə bunları etdirən nədir? Elə bilirsiniz, bilirəm?
Bir gün İsveçin Karlskrona şəhər bələdiyyəsi Çindən gəlmiş nümayəndə heyəti üçün konsert proqramı təşkil eləmişdi. Məni də ora pianoçu olaraq dəvət etmişdilər. O gün Vaqif Mustafazədənin doğum günü idi. Mən çinli müsafirlərə Vaqifi qısaca tanıdıb onun “Bayatı Şiraz” əsərini ifa etdim. O alqışlar mənə yox, Mustafazadə üçün idi. O an o səhnədə vətənim Vaqif Mustafazadə idi.
Bir il keçdi. Bleking Torpağı üzrə musiqi müsabiqəsinin qalibi oldum. Dünya klassikləri ilə yanaşı, bizim Tofiq Quliyevin “Sənə də qalmaz”ını ifa elədim. O gecə dinləyicilər məni yox, Azərbaycanı soraqlayırdı. Həyatımda yaşadığım ən sınaq dolu bir axşamda gücü mənə vətən verdi - Tofiq Quliyevin simasında.
İndi 20 yanvarda şəhid olmuş Ülvi Bünyadzadənin adına elan olunmuş müsabiqənin bitməsinə dəqiqələr qalıb... Və mən vətən haqda nəsə yazmalıyam.
Nədir vətən? Bilmirəm axı! Vətəni bilməklə anlada bilmərəm! Vətəni duymaqla duyduraram. Bilmirəm, bu dar macalda duydura bildimmi vətəni sizə?!
Helsinqborq, İsveç
Simran Qədim
1991-ci ildə anadan olub. “Əcəl düyünü” və “Hesab vaxtı” adlı romanları çap edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür (2015). Mütəmadi olaraq yazıları Azərba
ycan və Türkiyənin ədəbiyyat saytlarında, qəzet və jurnallarda dərc olunur.
İşığa toplaşanlar
Bütün zamanlarda olduğu kimi, bu günün də ən önəmli tələblərindən, şərtlərindən biri insanın sual vermək bacarığına, arayıb-araşdırmaq, öyrənmək qabiliyyətinə yiyələnməsidir. Ta uşaqlıqdan hər kəsin cavabını tapmağa borclu olduğu çox vacib bir sual var: Vətənpərvərlik nədir? Bu sualın ardında hansı mətləblərin, anlamlarin gizləndiyini axtarıb tapmaq bir insan kimi, həm də bizim insanlıq vəzifəmizdir. Mövzunun nə qədər çözələnib, hansı dərinliklərəcən enilə bilinməsindən asılı olmayaraq, hər bir vətəndaş bundan ötrü əlindən gələni etməlidir. Tez-tez ətrafımızda vətən barəsində gedən odlu-alovlu söhbətlərin, danışıqların şahidi oluruq: yüksək səslə deyilən gəlişigözəl, təmtəraqlı sözlər, qəlibləşmiş ifadələr, ucuz, bayağı, pafoslu, əksər hallarda isə saxta, ikiüzlü, riyakar fikirlər... Çox vaxt eşitdiklərinin reallıqla uzlaşmadığını görüb təəccüblənməli olursan, istər-istəməz, sözün bu qədər cılızlaşdırılması, hörmətsizləşdirilməsi adamda acı təəssüf və məyusluq hissləri doğurur.
İnsanlarda özlərini əziyyətə salmamaq, bir sıra hallarda səhlənkarlıq etmək kimi bəlli bir xüsusiyyət var. Məhz bu xüsusiyyətin təsiriylə bir çoxları, hətta həyati önəm daşıyan vətən, millət, ölkə, xalq kimi taleyüklü məsələlərdə də ərincəklik edirlər, başa düşmədikləri mətləblərə cavab axtarmaqdan boyun qaçırırlar. Tədricən heç özləri də anlamadan sual vermək özəlliyini yadırğayıb unudurlar. Sanki bu qabiliyyət heç onlara xas olmalı deyilmiş, ümumiyyətlə, əzəldən yerli-dibli yoxmuş kimi.
Əsl vətənsevərliyin - milli ruh, tarixi, mədəni irs, adət-ənənələrə, dilə hörmət kimi məfhumların mahiyyəti hələ uşaqlıqdan açılmalıdır. Bu mövzunun müqəddəsliyi söz halında qalmayıb, yetərincə mənimsənilsə, gerçək, həqiqi vətənpərvərlər yetişər. Axı dəblə ayaqlaşırmış kimi, belə bir obraza bürünüb, görüntü yaratməqla nə əldə etmək olar? Yalançı, süni vətən təəssübkeşliyi, patriotluğuyla gözdən pərdə asmaq, əslində, özünü gözdən salmaq deyilmi?! Halbuki vətən sevgisi səssiz-səmirsiz, dinməz-söyləməz də ola bilər: heç dilə alınmadan ürəklərin dərinliklərində, zehinlərin işıq tutmayan ən gizli, toxunulmaz guşələrində... Bir də baxarsan ki, həmin o səssizlik kükrəyərək bütün dünyanı lərzəyə salan mübarizə harayına, tam məxfi qorunan, işıq görməyən sevgi isə hər yanı aydınladan sönməz bir məşələ çevrildi.
Vətənə məhəbbət tək qəlblərin dərinliklərində deyil, eyni zamanda, təfəkkürün, şüurun ən əlçatmaz qatlarında, səddi aşılmaz qalın, hündür divarlar ardında özünə kök salmalıdır. Bu hissi, sadəcə bir duyğu kimi başa düşmək yetərli deyil, vətən həm də ağılla, zəkayla təhlil edilib, dərk olunmalıdır. Ən son hüceyrəmizəcən bütün varlığımıza hakim kəsilməsi, layiq olduğu dəyərin hər bir vətəndaşın mənliyinə yol tapması üçün.
Həyatda insanın iradəsinə, istəklərinə bağlı hədsiz çox məqamlar var. Vətənpərvərlik də kiminsə, ya hansısa qüvvənin gəlib bizdə oyatmalı olduğu bir hiss deyil, əlini-qolunu sallayıb, bunu başqalarından gözləmək öz məsuliyyətlərindən, öhdəliklərindən qaçmaq deməkdır. Vətəni sevmək heç bir təmənna güdmədən getdiyin hər yerdə, atdığın hər addımda varlığının bir parçası kimi, içində bu sevgini özünlə gəzdirməkdir. Xalqına, millətinə bağlı olub, cəmiyyətə fayda vermək, bir sözlə, özünü yetişdirib, insan kimi insan olmaq...
Çoxlarının içində torpağının qədrini bilmək, vətənin qayğısını çəkmək, xalqına laqeyd qalmayıb, ölkəni qorumaq kimi hisslər lap əzəldən var. Amma hər kəsmi bu duyğunun gücünü yetərincə anlayıb, düzgün səmtlərə yönəldə bilir? Yanlış istiqamətlərə atılan oxlar hədəfdən yayınıb, açılan atəşlər boşa çıxmırmı? Vətən hissi ürəklərə əkilən ağac kimi sevgiylə, məhəbbətlə böyüdülüb, parlaqlığıyla, saflığıyla göz qamaşdıran bir almaz kimi ağılla cilalanmalıdır. Belədə, bir də görərsən ki, bu sevgidən güc alan bütün arzular, xəyallar gerçəkliyə qovuşdu.
Bu mövzu təkcə xüsusi hadisələrlə bağlı, təqvim əlamətdar bayramları, ya matəm günlərini nişan verəndə yada düşməməlidir. Yeri gəldikcə, gərək hər kəs açılması müşkül olan möhkəm, sıx bir yumruq kimi, vətənin ətrafında birləşsin, hamılıqla onun dərdlərinə şərik çıxılıb, səsimiz dünyaya yayılsın. Uçqun zamanı yuvarlanıb böyüyərək hər yanı silkələyən nəhəng bir qar topası, ya yoluna çıxan hər şeyi qabağına qatıb aparan burulğanlı bir fırtına kimi.
Sürətlə qloballaşan dünyada sərhədlər get-gedə itməyə başlasa, elmi-texnoloji tərəqqinin təsiriylə dünya “kiçilib”, dəyərlər transformasiyalara uğrasa da, vətən, millət, xalq kimi anlayışlar həmişə olacaq. Dünyaya açılmaq, təfəkkürdə dünyəviliyə yiyələnmək vətəndən uzaqlaşmaq anlamına gəlmir, əsas olan dayaq nöqtəsini, istinadgahı məhz vətəndə tapmaqdır. Harada, yer kürəsinin hansı ucunda yaşamağından, ölkəndən neçə müddət uzaq qalmağından asılı olmayaraq.
Vətənin inkişafında böyükdən kiçiyə hər kəsin - alimindən həkiminə, müəlliminə, fəhləsinə kimi hamının rolu var. Alın təri töküb zəhmət çəkmək, məsuliyyət hiss edib, işini vicdanla görmək ölkəyə fayda verməkdir. Dolayısıyla, keçmişdən alınan miras layiqincə gələcəyə, növbəti nəsillərə ötürülmüş olar. Vətən tək xəritədəki ərazi, yaşadığımız torpaqlar deyil, həm də mədəniyyətimiz, tarixi keçmişimiz, milli kimliyimizdir; vətən incəsənətimiz, ədəbiyyatımız, musiqimizdir; qardaşlıq, paylaşmaq, birlikdir.
Sözün anlamları açıldıqca zehinlərdəki duman da çəkilib, şüurlar saflaşar. Vətən əsl mahiyyətinə - ucsuz-bucaqsız kainat kimi, sonsuz böyüklüyünə, möhtəşəmliyinə qovuşar. Vətənin səsini eşitmək ana dilində oxunan nəğmələrini, bəstələnən musiqilərini dinləmək, üzünü görmək təbiətindəki gözəlliklərə, daşına-qayasına tamaşa etməkdir. Tarixini, ədəbiyyatını, dilini bilmək, insanıyla ünsiyyətdə olmaq isə danışmaqdır Vətənlə!..
Vətənpərvərlik, ölkəni hər cəhətdən irəli aparıb, adını yüksəklərə qaldırmaq, digərlərinin yanında qürur mənbəyinə çevrilməkdir! Tək müharibədə, savaşda deyil, nəfəs aldığın hər anda - təfəkküründə, danışığında, əməlində örnək biri olmaqdır! Milliyətçilik, ya başqalarını aşağılayıb, özünlə qürrələnmək deyil, səhviylə-düzüylə keçmişinə, əcdadlarına, bu gününə dəyər vermək, qüsurlarını aradan qaldırmaqdır! Tarixindən dərs çıxarıb gələcəyə baxmaq, qorxmadan, inamla, cəsarətlə irəli addımlamaqdır!
Vətənpərvərlik, bütün qəlbinlə onu sevib bağlı olmaq, bu sevgidən bitib-tükənməz bir güc alıb, savadla, biliklə, elmlə silahlanmaqdır! O, sənə səslənəndə özünə aid hər şeydən - bütün maraqlarından, malından-mülkündən, canından-qanından vaz keçib ölümün üstünə yerimək, şəhidlik zirvəsinə ucalmaqdır! Xalqınla, millətinlə birləşib dünya boyda bir alov qalamaq, onun işığında toplaşmaqdır Vətənpərvərlik!..



