Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar Penitensiar Xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində baş idarədə seminar-məşğələ təşkil olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən secki-2020.az saytına bildiriblər ki, tədbirdə Penitensiar Xidmətin rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak ediblər.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov iştirakçılara səsvermənin keçiriləcəyi nəzərdə tutulmuş mühafizə alayında və penitensiar müəssisələrdə məntəqələrin yaradılması işlərinə başlanıldığını, əsgərlərin, məhkum və həbs edilmiş şəxslərin maarifləndirilməsi məqsədilə məlumat guşələrinin, seçkilərlə bağlı radio və televiziya verilişlərinin izlənilməsinə müvafiq şəraitin yaradıldığını qeyd edib.
Penitensiar müəssisələrdə və tabe qurumlarda məhkum və həbs edilmiş şəxslər, eləcə də müddətli hərbi xidmət keçən əsgər və çavuşlar arasında səsvermə prosesinin seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli kömək göstərilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə Penitensiar Xidmətin baş idarəsində rəhbər vəzifəli məsul əməkdaşlardan ibarət komissiyanın yaradıldığı vurğulanıb.
Seminar-məşğələdə seçkilərlə bağlı penitensiar müəssisələrdə kompleks profilaktiki tədbirlərin həyata keçirilməsi, nəzarətin daha da gücləndirilməsi, həbs edilmiş şəxslərlə və məhkumlarla Milli Məclisə seçkilərin mahiyyəti və əhəmiyyəti barədə geniş izahat işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində artıq uzun illərdir ki, seçki mədəniyyətinin formalaşdığını və prezident, Milli Məclis, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin təşkili qaydalarına uyğun icra mexanizminin yaradıldığını diqqətə çatdırıb.
MSK katibi Milli Məclisə seçkilərin də Penitensiar Xidmətin tabe qurumlarında mütəşəkkil, demokratik və təhlükəsiz şəraitdə keçiriləcəyindən əminliyini vurğulayıb.
Seminar-məşğələ müzakirələrlə davam edib.