Vyetnam Çində aşkarlanan koronavirusun yeni növünün yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində bu ölkə ilə hava əlaqəsini dayandırıb.
AZƏRTAC Vyetnam KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya qurumu məlumat yayıb. Qərar ölkənin Çinə uçuşlar həyata keçirən bütün şirkətlərinə, o cümlədən "Vyetnam Hava Yolları" və "Jetstar Pacific" kompaniyalarına aiddir.
Vyetnam hökumətinin bu qərarı ölkədə koronavirusun yeni növünə 6-cı yoluxma faktının qeydə alınmasından sonraya təsadüf edir. Mehmanxana işçisi olan 25 yaşlı qadında çinli turistlərlə yaxın ünsiyyətdən bir neçə gün sonra koronavirusun səbəb olduğu sətəlcəmin əlamətləri müşahidə edilib. Müayinədən sonra onun koronavirusa yoluxduğu təsdiqlənib.
Qeyd edək ki, Çinin Xubey vilayətinin Uxan şəhərində aşkarlanan koronavirusun yeni ştammına (2019-nCoV) yoluxanların sayı dünya üzrə 12 mini ötüb. Yoluxanların əsas hissəsi (11 min 889 nəfər) Çində, qalanı isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə qeydə alınıb. İndiyədək Çində 259 nəfər bu virusun qurbanı olub.