Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra beynəlxalq ictimaiyyətə inteqrasiya yolunda bir neçə mühüm istiqamət müəyyən edib. Onlardan biri də “mədəniyyət diplomatiyası”nın çoxşaxəli şəkildə həyata keçirilməsidir. Tarixi şəxsiyyətlərimizin və müxtəlif sahələri tərənnüm edən dəyərli əsərlərin tanıdılması, nadir nəsr və poeziya əsərlərinin başqa dillərə tərcümə edilməsi və xarici ölkələrdə nəşri, film və tamaşaların ölkə kənarındakı səhnələrə çıxarılması və s. işləri bu fəaliyyətə növünə nümunə kimi göstərə bilərik. Mübaliğəsiz deyə bilərik ki, bütün bu işlər üçün Azərbaycana münasib olan ən vacib coğrafi məkan türkdilli ölkələrdir. Dil, din və mədəniyyət qohumluğunun türkdilli xalqlarda yaratdığı genetik doğmalığı daim qoruduğu üçün qarşılıqlı olaraq mədəniyyət sahəsində inteqrasiya marağı həmişə mövcud olub. Beləliklə, Azərbaycanın uğurlu “mədəniyyət diplomatiyası” ölkəmizi türkdilli coğrafiyada həm ciddi şəkildə tanıdır, həm də türkdilli xalqların mədəniyyətini özünə cəlb edir. Bu çərçivəli əməkdaşlıq o qədər geniş və çoxşaxəlidir ki, onlar haqqında nə qədər yazılsa da yetərli deyil. Son vaxtlar Azərbaycan-Qırğızıstan mədəniyyət əlaqələrində bir sıra dinamik sıçrayış müşahidə olunur. İki türksoylu xalqın mədəniyyət əlaqələri barədə geniş məlumat almaq üçün Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Kayrat İmanaliyevə müraciət etdik. Kayrat İmanaliyevlə tanışlığımız Qırğız Respublikasının Xalq şairi, Qırğızıstanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevin 60 illik yubileyi münasibətilə Ankarada keçirilən mərasimə təsadüf etdi. Natiqliyi və yüksək intellekti, ən əsası isə sadəliyi ilə ətrafdakıların diqqətini çəkən nazir müavini Azərbaycana olan sevgisini dərhal büruzə verdi. Beləliklə, qırğız nazir müavini Kayrat İmanaliyevlə AZƏRTAC-ın suallarını cavablandırır:
- Kayrat bəy, ötən il TÜRKSOY-un qərarı ilə Qırğızıstanın Oş şəhəri türk dünyasının mədəniyyət paytaxtı oldu. Nəticələri necə dəyərləndirirsiz?
- Qədim Oş şəhərinin ötən il türk dünyasının mədəniyyət paytaxtı seçilməsi hər bir qırğız üçün qürurvericidir. Bizim üçün əlamətdardır ki, TÜRKSOY-un bu qərarı bütün türk dünyası tərəfindən hərarətlə qarşılandı. Oş türk dünyasının mədəniyyət paytaxtı çərçivəsində təkcə bu şəhərdə deyil, həm ölkəmizdə həm də digər türkdilli ölkələrdə çoxsaylı tədbirlər keçirildi. Oş qədim mədəniyyətə, nadir tarixi və təbiət abidələrinə malik olan bir şəhərdir. Ötən il Oşun təkcə türksoylu xalqlar üçün yox, bütün dünyada daha yaxından tanınması üçün böyük imkanlar qazandıq. Fürsətdən istifadə edərək qeyd etməliyəm ki, Oş türk dünyası mədəniyyət paytaxtı açılış və bağlanış mərasimlərində Azərbaycan incəsənət ustalarının möhtəşəm çıxışları ilə yaddaşlarda silinməz iz buraxdı. Qeyd etməliyəm ki, Oşda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da gözəl bir tamaşa ilə iştirak etdi.
-Azərbaycan-Qırğızıstan arasındakı mədəniyyət sahəsində əlaqələri neçə dəyərləndirirsiz?
-İki qardaş ölkə həm Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində, həm də ikitərəfli formada mədəni sahədə əməkdaşlıq edir. Ortada tərəfləri qane edən real nəticələr var. Təbii ki, həm Azərbaycan, həm də Qırğız tərəfini daha böyük hədəflər maraqlandırır. Yaşadığımız il iki qardaş ölkə münasibətləri üçün mühüm hadisələrlə başlayıb. Yanvar ayında paytaxt Bişkekdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Azərbaycanın səfiri Hidayət Orucov Azərbaycan-Qırğızıstan Dostluq Parkının və Heydər Əliyev adına məktəb binasının layihələri ilə tanış olduqdan sonra parkın təməlini qoydular. Əminəm ki, gələcəkdə Heydər Əliyev adına məktəbdə oxuyacaq hər bir şagird Azərbaycan sevgisi ilə türk dünyasının birliyi naminə özünü böyük xidmətlərə hazırlayacaq. Azərbaycan-Qırğızıstan Dostluq Parkına gələn hər bir şəxs bu tarixi işi xoş duyğularla dəyərləndirəcək.
- Qırğız xalqının Azərbaycan mədəniyyətinə marağı necədir?
-Qırğızlar bütün sahələr üzrə yaradıcı olduqları üçün digər xalqların yaradıcılığına da böyük ehtiram göstərirlər. Qırğızıstanda hər zaman Azərbaycan mədəniyyətinə, film, tamaşa və bədii əsərlərinə böyük maraq olub. Beş il əvvəl Azərbaycanın Qırğızıstandakı səfirliyi bizim ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında müsəlman Şərqində ilk operanın, operettanın, musiqili komediyanın yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə yubiley gecəsi və konsert təşkil edib. Sizi əmin edirəm ki, qeyd etdiyim yubiley tədbiri qırğız xalqının yaddaşına əbədiyyətə qədər silinməz xoş xatirələr yaratdı. Qırğız KİV-ləri bu yubileyi geniş şəkildə xalqımıza çatdırdı. Sevindiricidir ki, Azərbaycanın elm və mədəniyyət xadimlərinin qırğız ictimaiyyətinə tanıdılması üçün mühüm addımlar atılır. Əlavə edə bilərəm ki, TÜRKSOY-un nəşr etdirdiyi "İmadəddin Nəsimi dünya dillərində" kitabının ötən il Bişkekdə Qırğızıstan Milli Kitabxanasında və Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən təqdimatlar Azərbaycan ədəbiyyatına, poeziyasına göstərdiyimiz diqqətin təzahürüdür.
-Azərbaycanda qırğız mədəniyyətinə göstərilən diqqət sizin ölkədən necə görünür?
-Mənim müşahidələrimə görə, Azərbaycan bütün mədəniyyətlərə xüsusi bir məhəbbətlə yanaşan ölkədir. Sevinirik ki, burada qırğız mədəniyyətinə xüsusi bir diqqət, tükənməz sevgi və ehtiram vardır. Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinin ən geniş yayıldığı ölkələrdən biri də Azərbaycandır. Yeri gəlmişkən, hazırda Ç. Aytmatovun “Cəmilə” pyesinin Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilməsinə lazımi dəstək veririk. Əminəm ki, Azərbaycanın yüksək intellektli teatr xadimləri bu tamaşanı Çingiz Aytmatovun görmək istədiyi bir ucalıqla tamaşaçı qarşısına çıxara biləcəklər. Çox arzulayıram ki, Azərbaycana səfər etmək, Xəzər sahilinin ən gözəl şəhərlərindən olan Bakını görmək mənə də nəsib olsun.
- Kayrat bəy, ümumilikdə TÜRKSOY-un fəaliyyətini necə dəyərləndirirsiz?
-TÜRKSOY xalqılarımızın mədəniyyət ocağıdır. Əlamətdardır ki, təşkilat getdikcə əhatə dairəsini daha da genişləndirir. Bunun iki mühüm səbəbi var. Birincisi türkdilli xalqlar zəngin mədəniyyətə sahibdirlər. İkincisi isə təşkilatın hədəfləri sağlam və bütün dünya üçün faydalıdır.
-Müsahibə üçün təşəkkür edirik.