|
|
|
|
Dünən Beynəlxalq Muğam Mərkəzində "Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda Respublika müşavirəsi keçirildi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müşavirədə dövlət və özəl sektorun təmsilçiləri və yerli sənaye nümayəndələri, habelə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdilər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda yaradıcı sənayenin inkişafından söz açdı. Qeyd etdi ki, ölkəmizdə yaradıcı sənayenin imkanları çox genişdir. Bu sahənin inkişaf etdirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir: "Ötən ilin dekabrında bir sıra dövlət qurumlarının iştirakı ilə böyük bir tədbir keçirildi, dünən bu sahədə daha bir forum keçirildi. Azərbaycan neçə illərdir ki, Avropa Şurası Mədəni Marşrutları layihəsinin üzvüdür. Hazırda Azərbaycan Avropa Şurasının Mədəni Marşrutlar layihəsinin 5 marşrutuna - "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər" və "Zeytun ağacları" beynəlxalq mədəni marşrutlarına qoşulub".
Ölkəmizin beş mədəni marşrutu haqqından danışan Əbülfəs Qarayev Azərbaycan üçün çox yeni olan "Şərab yolu" marşrutuna daxil olarkən müəyyən sualların yarandığını dedi: "Lakin həmin suallara bizim cavabımız vardı. Çünki Azərbaycanda vaxtilə almanlar tərəfindən bünövrəsi qoyulan şərab istehsalı, onun dünya bazarına çıxarılması mövcud olmuşdu. Sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən üzümçülüyün inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər öz bəhrəsini vermişdi". Naziri Ulu öndərin uğurlu iqtisadi-siyasəti sayəsində şərabçılığın müstəqillik dövründə yeni mərhələyə qədəm qoyduöunu bildirdi: "Bu gün Azərbaycan mətbəxində doşabdan tutmuş sirkəyə qədər istifadə olunur və bu bizim qida mədəniyyətimizin ayrılmaz hissədir. Buna görə də Avropa ilə bu sahədə əməkdaşlıq bizə çox geniş imkanlar yaradır".
Nazir Azərbaycan xalqının tolerantlığının dünyada təqdir olunduğunu dedi. Əlavə etdi ki, ölkəmizin "Yəhudi irsi üzrə Avropa marşrutu"nda təmsil olunması da tolerant və multikultural dəyərlərə rəğbətlə yanaşmağımızın nəticəsidir: "Avropada XIV əsrdən etibarən 300-ə qədər yəhudi şəhərciyi mövcud olub. Bu gün bu şəhərciklərdən bəlkə də yeganə qalanı bizim Qırmızı Qəsəbədir. Bu da bizim tolerantlıq ənənələrinə sadiqliyimizi əks etdirir və bunu lazımınca təbliğ etmək lazımdır".
Qobustanın Azərbaycan xalqının milli sərvəti olduğunu deyən nazir ölkəmizin "Qədim Qayaüstü İncəsənət İzləri" beynəlxalq mədəni marşrutuna daxil edilməsinin təbii olduğunu vurğuladı: "Bu mədəni marşruta cəmi yeddi ölkə daxildir ki, onlardan biri Azərbaycandır. Bu gün biz xalqımızın yaradıcılıq qabiliyyətinin bünövrəsini Qobustanda görürük. Hələ 20 min il bundan əvvəl bu ərazidə yaşayan insanlar bənzərsiz bir miras yadigar qoyublar".
Qeyd olundu ki, "Termal şəhərlər" mədəni marşrutu ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın bu sahədə böyük potensialı var və bu malik olduğumuz imkanlar geniş təbliğ olunmalıdır: "İşğal olunmuş ərazilərimizdə də termal su qaynaqlarımız var. Təəssüf ki, biz onlardan yararlana bilmirik. Bu gün Avropada müalicəvi sulardan istifadə etmək niyyətində olan insanlar bu marşrut vasitəsilə Azərbaycanı da ziyarət edirlər".
Nazir diqqətə çatdırdı ki, ötən il ölkəmizin qoşulduğu "Zeytun ağacları" marşrutu da əhəmiyyət kəsb edir.
Əbülfəs Qarayev dedi ki, qeyd olunan marşrutlar üzrə hər bir region müəyyən layihələr həyata keçirməlidir. Bu mənada müvafiq sahələr üzrə istehsalat, turizm, internet üzərindən reklam və s. fəaliyyət gerçəkləşdirilməli, yeni xidmətlər formalaşdırılmalıdır.
Sonra çıxış edən Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni bildirdi ki, bu müşavirə böyük əhəmiyyət kəsb edir və Azərbaycanın mədəni marşrutlarda iştirakı milli ənənələri inkişaf etdirərək təbliğ etməyə şərait yaradır.
Sonra müşavirə panel iclasla davam etdi.
Şahanə MÜŞFİQ