|
|
|
|
"2019-nCoV" adı verilən yeni növ koronavirus bu gün dünyanın ən aktual problemlərindən birinə çevrilib. Əvvəlcə Çində aşkar edilən epidemiya hazırda bir çox ölkələrdə yayılmaqdadır.
Bu səbəbdən koronavirusla bağlı müzakirələr son günlər xeyli aktuallaşıb, mövzuya dair müxtəlif fikirlər, iddialar səsləndirilir, hətta reallığa uyğun olmayan saxta informasiyalar dövriyyəyə buraxılır. Bütün bunlar bir çox KİV və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj həddinə çatdırılaraq informativ manipulyasiyaya yol açır.
Rəsmi statistikaya əsasən, bu günə qədər koronavirusa 82 mindən çox yoluxma halı qeydə alınıb. Onlardan 33 mindən çoxu tam sağalaraq xəstəxanalardan evə buraxılıb. Ölənlərin sayı 2800-dən çoxdur. Bu xəstəlik daha çox yaşlı və immun sistemi zəif olan insanları öz qurbanına çevirir. Azyaşlılar və gənclər arasında virusun yayılma faizi nisbətən aşağıdır.
"Taclı virus"un ölkələrə görə yayılma arealına baxsaq ilk sırada Çin gəlir. Amma son günlər Çində ölüm və yoluxma hallarında azalma müşahidə edilir.
Azərbaycanla qonşuluqda yerləşən İrana kimi gəlib çatan koronavirus müəyyən qədər narahatlıq yaratsa da, Azərbaycanda bu virus aşkarlanmayıb.
Qeyd edək ki, koronavirus dünyada yayılmış ilk epidemiya deyil, son da olmayacaq. Bu günə qədər müxtəlif adlarla yayılmış virusların qurbanları "2019-nCoV"u üstələyir. Hətta rəsmi statistikalar göstərir ki, Çində peyda olan xəstəlikdən ölüm halları dünya əhalisinin sayı ilə müqayisədə təşvişə səbəb olacaq həddə çatmayıb. Ölüm səviyyəsi cəmi 3 faiz təşkil edir.
Məsələn, kiçik bir araşdırma aparaq. 18 il (2002-2003) əvvəl dünyanı qorxuya salan SARS virusuna yoluxma halı 8098 olub, ölümə yoluxanların 10 faiz nisbətində qeydə alınıb.
2012-ci ildən bəri HERS virusuna 2494 yoluxma halı aşkarlanıb. Virus daşıyıcılarının 34 faizi dünyasını dəyişib.
2014-2016-cı illərdə EBOLA virusuna 28616 nəfər yoluxub. Bu virusdan ölüm faktı yoluxanların 40 faizini əhatə edib.
Digər ölümcül virus Zika - ağcaqanad sancması ilə yayılan xəstəlik 2015-ci ildə ən yüksək həddə çatıb və 2016-cı ilin sonuna kimi 175063 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. 500 mindən artıq insanın Zika virusuna yoluxduğu müəyyən edilib. 2439 yeni doğulan körpədə Zika virusuna bağlı anadangəlmə qüsur aşkarlanıb.
2009-cu ildə H1N1 qrip virusuna yoluxma ehtimalının milyonlarla olacağı gözlənilsə də, cəmi 18.500 yoluxma halı təsdiqənib. 284 mindən çox insan həyatını itirib.
Bundan başqa, dünyadakı mövsümi qrip epidemiyalarından hər il 250-500 min arasında insan ölür. Onların əksəriyyəti 2 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlardır.
Başqa bir statistikaya diqqət yetirək: dünyada hər il avtomobil qəzalarında 1 milyon 350 min insan dünyasını dəyişir. Hansı ki, avtomobil qəzalarının səbəb olduğu faciələr yuxarıda qeyd etdiyimiz xəstəlikdən daha çox insan ölümü ilə nəticələnir.
Göründüyü kimi, koronavirus adı ilə sürətlə dövriyyəyə buraxılan informativ virus birbaşa insanların psixologiyasına təsir edir, onları ciddi şəkildə ajiotaja sürükləyir. Nəticədə milyonlarla insan qorxu və təlaşa düşür, fərqində olmadan əvvəlcədən virusdan qorunmağın yolları kimi təqdim edilən məhsulların kütləvi istehlakçısına çevrilir. Bundan qazanclı çıxan isə dərman istehsalçıları, dəqiq desək, "dərman mafiyaları" olur.
Təbii ki, virus varsa, ondan qorunmağın yolları da var. Gündəlik gigiyena qaydalarına riayət etməklə özümüzü infeksiyadan qorumalıyıq. Ehtiyac olarsa, dərhal həkimə müraciət etməliyik.
Yuxarıda qeyd etdiyimiz kimi, koronavirus qripin bir növüdür, həyat üçün təqdim olunduğu kimi də təhlükəli deyil. Virus adətən yaşlı və immuniteti zəif insanlara ciddi təsir edir. Vətəndaşlar fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər.
Azərbaycan dünyadan təcrid deyil və beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilər. Çin, İran, İtaliya və s. ölkələrin təcrübəsi göstərir ki, hətta dünyanın nəhəng, inkişaf etmiş ölkələri belə hallardan sığortalanmayıb. Azərbaycan dövləti infeksiyanın ölkəyə keçməməsi, belə hal baş verərsə, onun yayılmasının qarşısının alınması və xəstəliyə yoluxanların müalicəsi ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirir. Hazırda İranda, Çində və digər ölkələrdə Azərbaycan vətəndaşları var ki, onlar geri, öz vətənlərinə qayıdırlar. Həmin şəxslər ölkəyə buraxılmaya bilməz və Azərbaycan dövləti, hər zaman olduğu kimi, indi də öz vətəndaşlarının yanındadır, onların arxasındadır.
Dövlət səviyyəsində də koronavirusun Azərbaycanda yayılmaması üçün lazımi addımlar atılır, qabaqlayıcı tədbirlər görülür. Bütün dövlət qurumları bu istiqamətdə səfərbər olub, gücləndirilmiş rejimdə çalışırlar. Bu günədək ölkəmizdə təhlükəli hal yaşanmayıb, proses aidiyyatı qurumlar tərəfindən daim diqqətdə saxlanılır.
Artıq Azərbaycanda koronavirus xəstəliyi ilə mübarizə məqsədilə yaradılan qərargah fəaliyyətə başlayıb. Ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahda qaynar xətlər fəaliyyətə başlayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib.
Həkim Əli Nağıyev bildirir ki, koronavirus SARS deyilən viruslardandır, adi qrip viruslarının bir növüdür ki, ağciyəri zədələmək ehtimalı var: "Ehtimal var, lakin bu 100 faiz zədələyəcək demək deyil. Hər xəstədə bu hal baş vermir. Koronavirusdan ölmə faktı, dünyada qripdən ölənlərin faizindən çox da yüksək deyil. Ona görə də xəstəliyin yaratdığı qorxu ilə özünüzə psixoloji əziyyət verməyin. Koronavirusdan dünyasını dəyişənlər əsasən yaşlı və ahıl insanlardır. İmmuniteti güclü və orta olan heç kim bu xəstəlikdən ölmür. Dünyada 80 minə yaxın yoluxan insan varsa, ondan cəmi 2 min nəfər ölməsi, (bu da təxmini 3 faizdən çox deyil) statistik cəhətdən böyük faiz deyil. Əlbəttə ki, koronavirusa qarşı mübarizə aparmaq lazımdır. Karantin vəziyyəti olmalı, virusa yoluxanlar karantinə alınmalıdır. Lakin bu o demək deyil ki, hər koronavirusa yoluxan öləcək. Xahiş edirəm WhatsAapp mesajlarına yox, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatları oxumağa çalışın. Çünki bu xəstəlik barədə oxuduqca, bildikcə qorxunuz da azalacaq. Qorxular bilməməkdən üzə çıxır. Bu xəstəliklə xaos yaratmaq istəyələnləri məqsədləri ola bilər. Beynimizi mənfiyə kökləsək başımıza yalnız o gələcək. Ona görə də beyninizi müsbətə kökləyin. Nəinki koronavirusdan bütün qrip viruslarından qorunmağa cəhd edin. Qrip əlamətləri kimdə görürsünüzsə ona maska taxması barədə xəbərdarlıq edin. Nisbətən məsafəli gəzin həmin şəxslərdən. Bütün bunlar təkcə koronavirus üçün yox, bütün viruslardan qorunmaq üçün sadə, lakin vacib olan önləyici tədbirlərdir. Dünyada QİÇS-ə, hepatitlərə, qaraciyər serrozuna yoluxub ölənlərin sayı bu xəstəlikdən ölənlərin sayından dəfələrlə çoxdur. Bunların hər birini nəzərə alın. Yəni qorxu obyektiv qorxu deyil. Obyektivlik odur ki, tədbir görülsün, özünüzü qoruyun, immunitetinizi gücləndirin. Ən əsası isə qorxularınıza yenilməyin".
Respublikanın baş infeksionisti Cəlal İsayev isə deyib ki, koronavirus elm aləminə 1965-ci ildən məlumdur. Onun çoxsaylı növləri var ki, onlardan 7-si insanda xəstəlik törədir. Lakin 3-nün yaratdığı xəstəlik öz ciddiliyi ilə seçilir. Onlardan biri 2002-ci ildə yayılan Sars virusu, ikincisi 2012-ci ildə Yaxın Şərqdə tənəffüs sindromu ilə baş qaldıran Mers, üçüncüsü isə hazırda yayılan koronavirusdur. O bildirib ki, hazırda koronavirusdan dünyasını dəyişənlərin 80 faizini 60 yaşından yuxarı insanlar təşkil edir: " Cavan yaş qrupunda ölüm 1 faizə bərabərdir. 45-50 yaşlı insanlarda bu faiz yüksələrək 50 faiz təşkil edir. Bu bir daha göstərir ki, virus daha çox yaşlı insanlar üçün təhlükəlidir. Adətən yaşlı insanlar həyat boyu qazandıqları xəstəlik olur ki, bu virusa yoluxma zamanı həmin xəstəlik virusun sağalma ehtimalını azaldaraq ölüm riskini daha da yüksəldir".
Xəstəliyin simptomlarına gəlincə C. İsayev söyləyib ki, koronavirus hava damcı yolu ilə yayılır: "Simptomları adi respirator xəstəliklərdə olduğu kimidir. Halsızlıq, baş ağrısı, öskürək, bədən hərarətinin yüksəlməsi, ümumilikdə zökəm əlamətləridir. Qrip necə keçirsə, koronavirusda o cür gedişə malik olur. Təbii ki ağır formaları da ola bilir. Virus daha çox immun sistemi zəif olan insanlara təsir göstərə bilir. Virusun inkubasiya dövrü 14 gündür və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır".
Baş infeksionist vurğulayıb ki, xəstəliyə yoluxmaq üçün ilk növbədə xəstə ilə təmas olunmalıdır.
İndiki məqamda bizim üzərimizə düşən başlıca vəzifə maksimum təmkinli olmaq, hadisələrə soyuqqanlı yanaşmaqdır. Unutmamalıyıq ki, saxta məlumatlara aldanmayıb, bu cür təxribatçı addımların qarşısını almaqla, həm özümüzü, həm də yaxınlarımızı süni ajiotajın qurbanına çevrilməkdən qorumuş olarıq.
PƏRVANƏ