|
|
|
|
Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır.
İllər əvvəl reallaşdırılması əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bütün ehtimalları, şübhələri alt-üst etdi. Bu layihələr həm də onu sübut etdi ki, Azərbaycan başlatdığı ən çətin işləri, çoxları üçün reallaşması mümkün olmayan kimi görünən ideyaları belə, həyata keçirə bilir. Təbii ki, bunun üçün güclü iradə, uzaqgörən siyasət, hədəfləri, riskləri düzgün müəyyən etmək vacib şərt hesab edilir. Azərbaycanın dövlət başçısı bütün bu xüsusiyyətlərə malik bir liderdir. Şübhəsiz ki, ölkə daxilindəki sabitlik, uğurlu daxili və xarici siyasət, iqtisadi inkişaf beynəlxalq əhəmiyyətli layihələrin həyata vəsiqə almasında vacib rol oynayır. Azərbaycanda neft-qaz, iqtisadiyyatın digər sahələrinə investisiya yatıran beynəlxalq strukturlar, xarici şirkətlər ilk növbədə bu amilləri nəzərə alırlar.
Daha bir nəhəng enerji layihəsi olan "Cənub Qaz Dəhlizi" layihəsi Avropa ilə yanaşı, Qərb tərəfindən də fəal şəkildə dəstəklənir.
"Cənub Qaz Dəhlizi" ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Təxminən, 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən (-"Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) ibarət olan "Cənub Qaz Dəhlizi" layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və onun reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub. "Şahdəniz-2" layihəsinin başa çatması, TANAP layihəsinin istismara verilməsi ilə Cənub Qaz Dəhlizinin əsas layihələri artıq bitmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq.
Fevralın 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dörd seqmentdən - "Şahdəniz Mərhələ-II", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə verilib, ötən il isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə davam edir. Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir.
Toplantıda nitq söyləyən Prezident İlham Əliyev Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin reallaşmasına mühüm töhfə verdiyini vurğuladı. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Azərbaycan Prezidenti layihənin keçdiyi tarixi yola nəzər salaraq deyib ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb. Bu layihə Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib.
Cənub Qaz Dəhlizinə böyük beynəlxalq marağın olduğunu deyən Prezident İlham Əliyev layihənin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsinin əhəmiyyətindən danışıb, hazırda TAP layihəsinin 92 faiz tamamlandığını deyib.
Dövlətimizin başçısı nitqində müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb, Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində görülən işləri xatırladıb. Vurğulayıb ki, bu illərdə Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. Neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrinin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini deyən Prezident İlham Əliyev, Azərbaycanın malik olduğu iqtisadi imkanlardan bəhs etdi və Şuranın işinə uğurlar arzulayıb.
ABŞ-ın Enerji Diplomatiyasi üzrə dövlət katibinin köməkçisinin müavini Kurt Donili isə Birləşmiş Ştatların Cənub Qaz Dəhlizinə verdiyi dəstəyi yenidən vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsini "məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqidir", deyib.
"Bizim buraya toplaşmağımızın səbəbi sözügedən birgə məqsədə sadiq olmağımızın, layihənin uğurla başa çatdırılmasına və birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir".
Dövlət katibinin köməkçisinin müavini Donili, həmçinin Birləşmiş Ştatların layihəyə qatılan bütün tərəfdaşlarla birgə işləyərək, qaz dəhlizinin davamlı uğurunu təmin etmək isləyini bildirib.
Cənab Donili "Cənub Qaz Dəhlizi borusu genişləndirilə bilən bir layihədir və biz ümid edirik ki, digər potensial enerji təchizatçıları enerji təhlükəsizliyinə təkan verərək bu layihədən bəhrələnə biləcəklər".
İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı deyib ki, Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir. Onun birinci hissəsi 2018-ci ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş verdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış olmuşdu. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan ötürülməyə başlandı. Ümumiyyətlə, həmin ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olundu.
Kəmərin keçən ilin noyabrın 30-da Azərbaycan ilə Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Transanadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsilə isə Cənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin də tikintisi başa çatdı. Və bu, layihənin 2-ci və sonuncu mərhələsinin başa çatdığı demək oldu. Yəni, kəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldı, onun yalnız TAP-a birləşdirilməsi ki, bu da yuxarıda qeyd etdiyim kimi carı ilin sonuncu rübünün başlanğıcında həllini tapacaq.
Ekspert deyib ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə aparılan işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi tamamlanıb. Hazırda boru kəməri tikinti mərhələsindədir - TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.
O deyib ki, təbii qazın boru kəməri sisteminə daxil edilməsi "Şahdəniz-2" qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir ki, TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
Bu layihə üzrə kapital xərclər 4,5 milyard avro təşkil edir. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq ki, bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması imkanı var.
"Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə ötürücülük qabiliyyəti 2 dəfəyədək, hətta bundan da çox artmaq imkanına malikdir.
Cənub Qaz Dəhlizi sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.
O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir.
PƏRVANƏ