"Hazırda təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdiriləcək. İmtahanlarımız kütləvi şəkildə həyata keçirilir. Həmin imtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən müəyyən ediləcək".
525-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi brifinqdə deyib. O bildirib ki, keçiriləcək imtahanlarda bir partanın arxasında bir abituriyentin oturması nəzərdə tutulur: “Halbuki əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq».
M.Abbaszadə qeyd edib ki, martın 1-nə qədər bütün məktəblərdə tədris davam edirdi. Mart ayı üçün nəzərdə tutulan 9-cu sinfin proqramı da əvvəldən nəzərdə tutulmuşdu. Aprel ayında isə 11-ci sinfin imtahanları keçirilməli idi və təxirə salındı. Onun sözlərinə görə, imtahana aid bütün proqramlar noyabr- dekabr ayında elan olunmuşdu: "İki ildir ki, online resurslarımız youtube kanalımıza yerləşdirilmişdi. Kimsə hansı mövzunu keçməyibsə youtube kanalımızda o dərslərə yenidən baxa bilərlər. Hər bir mövzu 7-10 dəqiqəni əhatə edir. Vətəndaşların 90 faizində telefon var. Dərsliklər də hamıya məktəbdə verilib. Dərslərin iki ay olmaması psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsənilməsində problem yaranır. İmtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq. Bu məsələlər yenə də müzakirə olunacaq. Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək".
M.Abbaszadə bildirib ki, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfləridir: "Kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Ona görə də bütün alternativ addımları nəzərdən keçiririk".
O əlavə edib ki, imtahanların vaxtı elan olunanda ondan əvvəl sənəd qəbulunun da qrafiki açıqlanacaq. Sənəd qəbulunu indi elan etsək kimin kompüteri var o, qeydiyyatdan keçəcək: «Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq".
M.Abbaszadənin sözlərinə əsasən, məktəblər bağlı olduğundan sənəd qəbulu komissiyaları açıq deyil:
“Ona görə də məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu bitəndən sonra yığılan məlumatların müəyyənləşməsi üçün müəyyən vaxt lazımdır”.
S.QARAYEVA