“Karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək”.
Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, təhsil sektorunda fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir.
C.Bayramov əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu tədbirlərin tətbiq olunduğu ilk sahələrdən idi: “Yumşalma addımları tədricən həyata keçiriləcək. Epidemioloji vəziyyətin təhlilindən sonra qərar qəbul ediləcək. Karantin rejimindən çıxış barədə qərarlar qəbul edilərkən təhsil sektoru ilklərdən biri olmayacaq”.
Nazir deyib ki, ehtiyac olarsa, yay aylarında dəstəkləyici addımlardan istifadə edilə bilər. Nazir əlavə edib ki, “Azercell” şirkəti “Virtual məktəb” layihəsində qeydiyyatdan keçən müəllimlər üçün güzəştli internet paketi təqdim edir: “Bununla bağlı digər mobil operatorlara da müraciət edilib. Yəqin ki, onlardan da müsbət cavab alacağıq”.
C.Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu şəraitdə tələbələrə ali təhsil sahəsində məzmunun çatdırılması əsas hədəflərdəndir: “Karantin müddətində 21 ali təhsil müəssisəsi onlayn formada dərslər keçir. 95 min tələbə bu imkandan istifadə edir. Hazırda bu işin daha da təkmilləşdirilməsi istiqamətində işlər gedir".
C.Bayramov bildirib ki, bu gün ölkədə 50 faiz tələbə dövlət hesabına təhsil alır: "Koronavirusla əlaqədar kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı verilən qərar təqdirəlayiq idi. Müəyyən müddət ərzində tələbələr alt-sistemə daxil olaraq özləri barədə məlumatları qeyd edəcəklər".
Nazir qeyd edib ki, "146-3 qaynar xətti" ilə istənilən şəxsə psixoloji xidmət göstərilir və bu günə kimi 700 mindən artıq müraciət daxil olunub. Həmin şəxslərə də lazımi köməklik göstərilib.
C.Bayramov deyib ki, 1 400 əlavə üz sipəri hazırlanaraq müəyyən hissəsi polis əməkdaşlarına paylanılıb və qalan hissəsi də aidiyyəti üzrə veriləcək.
Nazirin dediyinə görə, təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq. Ehtiyac olsa, dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: "Çalışacağıq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın".
C.Bayramov vurğulayıb ki, Təhsil Nazirliyi buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir: "Əlavə tarixlərlə bağlı konkret məlumatlar müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq"
Nzir əlavə edib ki, son kursda təhsil alan tələbələrin böyük hissəsi istehsalat təcrübəsində olurdu. Karantin rejimi ilə bağlı həmin yerlərdə xidmət göstərilməsi dayandırılmışdı. Onun sözlərinə əsasən, istehsalat təcrübəsi müddəti ilə bağlı bir sıra güzəştlər tətbiq edilə bilər: "Bunun üçün də beynəlxalq təcrübəyə baxılır və yekun olaraq bəzi qərarlar qəbul edilə bilər".
C.Bayramov qeyd edib ki, hərbi xidmətə növbəti çağırışın iyul ayında olması planlaşdırılır: "Bəzi oğlan tələbələr təhsilini müəyyən səbəblərdən bitirə bilmədiyindən bununla bağlı hökumət qarşısında məsələ qaldırıla bilər".
C.Bayramov söyləyib ki, repetitor fəaliyyəti ilə bağlı qəbul edilən qərara əsasən, bu həftədən etibarən onların işləməyinə icazə veriləcək. Bu iş də sanitar təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməlidir. Nazir deyib ki, bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Nazirin dediyinə görə, hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri var: “Ancaq prioritetləri düzgün müəyyən etməliyik. XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar".
Təhsil naziri əlavə edib ki, bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər.
C.Bayramov bildirib ki, 11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il də imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı: “Tədris olunmayan mövzular imtahana, yəqin ki, salınmayacaq: "Son iki ayın dərs proqramlarının qəbul imtahanlarına salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər".
Nazir müavini Məhəbbət Vəliyeva isə əlavə edib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur: "Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmununa çox az yer verilir".
C.Bayarmovun söylədiyinə görə, dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək öz həllini tapa bilər. Bu gün üçün bütün ölkələrin təcrübələri nəzərə alınaraq qərarların qəbul edilməsində rol oynaya bilər. Ümumilikdə isə mövcud real vəziyyət yerli kontent nəzərə alınmaqla müddətlə bağlı qərar veriləcək: “İndidən hansısa tarix barədə məlumat vermək düzgün olmaz. Qərarlar qəbul edilərkən bir sıra yeni normativlər və real şərait nəzərə alınacaq. Qeyd edim ki, dərslər bərpa olunduqda məktəblərdə sanitar qaydalarla bağlı tövsiyələr ciddi şəkildə nəzərə alınacaq. Bəzi ərazilərdə şagird sıxlığı yüksək olan məktəblər var: "Ehtiyac yarandığı təqdirdə həmin siniflərdə şagird sıxlığının aradan qaldırılması üçün xüsusi yanaşma və qərarlar qəbul ediləcək".
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, ilkin mərhələdə tədris digər dillərdə olan məktəbəhazırlıq qruplarına qəbul üçün ölkə üzrə 300 uşağın onlayn müsahibə mərhələsinə cəlb olunması planlaşdırılır. Nazir müavininin sözlərinə görə, bunun nəticəsində texniki imkanlar müəyyənəlşdiriləcək, həm də onlayn müsahibənin uşaqların psixologiyasına necə təsir göstərməsi təcrübəsi öyrəniləcək: "Əgər bu, müsbət effekt verəcəksə, o zaman biz 8000 uşağı da onlayn sistemlə müsahibədən keçirəcəyik".
Qeyd edək ki,Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına uşaqlar müsahibəsiz qəbul olunur.
Sevinc QARAYEVA