Təhsil Nazirliyində “Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
525.az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, artıq 5-ci ildir Azərbaycanın ümumtəhsil məktəblərində tədris yeni fənn kurikulumları üzrə aparılır. Təhsil naziri yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin önəmli rolunu nəzərə çatdıraraq bununla bağlı lazımi işlərin aparılmasının əhəmiyyətini vurğulayıb.
M.Mərdanov ölkəmizin hər bir rayonunda bu işin yüksək səviyyədə təşkilinin vacibliyi məsələsinə toxunub və müvafiq qurumların əməkdaşlarının həyata keçirilən tədbirlərə cəlb olunmasının önəminə diqqət çəkib. Nazir, həmçinin məktəbdaxili qiymətləndirmə üzrə müəllimlər üçün təlimlər keçirildiyini, yerlərdə monitorinqlər aparıldığını və görülən digər işləri nəzərə çatdırıb.
Daha sonra məktəbdaxili qiymətləndirmənin tərkib hissələri barədə danışan nazir əlavə edib ki, kurikulum islahatının uğurla davam etdirilməsi bu qiymətləndirmənin müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx bağlıdır. Ölkənin bütün bölgələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təhsil naziri yeni məktəbdaxili qiymətləndirməni həyata keçirmək üçün işçi qrupunun yaradılmasının zəruriliyini bildirib. M.Mərdanov işçi qrupunun bu sahə üzrə dünya təcrübəsini, eləcə də ölkəmizdə görülən işləri nəzərə alaraq müvafiq tövsiyələr hazırlamasının vacibliyini qeyd edib və bununla bağlı bir sıra tapşırıqlar verib.
Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva “Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri 2003-cü ildə beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlanması, 2008-2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanılması barədə məlumat verib. Yeni qiymətləndirmə sisteminin hüquqi əsaslarından söz açan Təranə Hacıyeva “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın hazırlandığını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edildiyini bildirib. Konsepsiyada məktəbdaxili qiymətləndirmənin prinsipləri, əsas xüsusiyyətləri və mexanizminin təsbit olunduğunu nəzərə çatdıran şöbə müdiri qiymətləndirmənin tərkib hissələri (diaqnostik, formativ və summativ qiymətləndirmələr), ənənəvi və yeni qiymətləndirmənin səciyyəvi cəhətləri, müxtəlif tədris illərində aparılmış monitorinqin nəticələri və digər məsələlər barədə geniş məlumat verib. Təranə Hacıyeva formativ qiymətləndirmə üzrə mövcud olan problemlərin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlərdən, görüləcək işlərdən söz açıb və müvafiq təkliflərini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bu müşavirənin mühüm əhəmiyyətini qeyd edərək yeni məktəbdaxili qiymətləndirmə sistemi haqqında təlimatın hazırlanmasının önəmli olduğunu vurğulayıb və bununla bağlı müəllimlərin üzərinə düşən vəzifələrə toxunublar.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar rəy və təkliflər dinlənilib.
S.QARAYEVA