
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Azərbaycan" jurnalının 7-8-ci sayı işıq üzü görüb.
Jurnal şairə Ay Bəniz Əliyarın "Yenə darıxarsan, bir kimsə gələ" şeiri ilə açılır. Bundan əlavə, "Poeziya" bölməsində Nazim Əhmədli, Ayaz Arabaçı, Fəxrəddin Teyyub, Əli Nəcəbxanlı və Gilə Əliqızının şeirləri çap olunub.
Jurnalın "Nəsr" bölümündə yazıçı-dramaturq Əli Əmirlinin "Mələk əmi" novellası və Günel Natiqin "Gözəl günlər naminə" hekayəsi işıq üzü görüb.
"Yeni tərcümələr" rubrikasında Sadiq Hidayətin "Hacı ağa" romanı Əziz Rzazadənin tərcüməsində təqdim olunub. "Dünya, səndən kimlər keçdi..." bölümündə isə tənqidçi Rüstəm Kamalın "Rübail: Şeirin və ömrün dörd fəsli" rübaili adlı yazısı yer alıb.
Dərginin "Axtarışlar, tapıntılar" bölməsində Möhsün Nağısoylunun "Dədə Qorqud eposunun yeni variantı" yazısı çap olunub. "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində isə oxucular Lalə Həsənovanın "Şairin təntənəsi və ya yaşamaq haqqını itirənlər haqqında elegiya" və Samirə Məmmədlinin "İsmayıl Saryalın "Bakı Rüzgarı" yazısını oxuya biləcəklər.
"Ədəbi portretlər" bölümündə Əzizağa Nəcəfzadənin "Lalə Əlizadə: Məcazdan həqiqətə" yazısı təqdim olunub.
Ənənəvi olaraq jurnalın "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz açılır.
Aytac Aslan



