
2017-ci ildə Qəbələdə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə keçirilən tədbir çərçivəsində "Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu" adlı kitab çap olunmuşdu.
Həmin kitabda Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin təşəbbüsü ilə mənim "Əsgər" şeirim də dərc olunmuşdu. Bu xoş xəbəri də həmin ərəfədə Rəşad müəllimin zəngilə öyrənmişdim. İş vəziyyətimi bildiyindən-dedi, tədbirə qatılmağa vaxtım olmasa da, məzuniyyət zamanı Bakıya gələndə Azərbaycan Yazıçılar Birliyindən kitabı götürə bilərəm. Dediyi kimi də, məzuniyyət zamanı AYB-yə getdim, Rəşad müəllimin iş masasının üzərində həmin kitabı görəndə çox sevindim. Kitab həqiqətən də nəfis tərtibatda hazırlanmışdı. Rəşad müəllim özü olmasa da, işçisi məni təbrik edərək kitabı verdi. Kitabdakı "Qəbələ", "Əsgər" sözləri yadıma sevimli komandirim Polad Həşimovu saldı. O sevinclə öncə Allaha, sonra da kitabın çapında zəhməti olanlara təşəkkür etdim. Çünki əsgərlərini övladı kimi sevən komandirim də Qəbələdə doğulub.
Ondan sonra məzuniyyətimin bitməsini səbirsizliklə gözləyirdim. Məzuniyyətdən dərhal sonra həmin kitabı da götürüb ikiqat sevinclə xidmətə yollandım. Belə bir kitabın əsgərin Polad Həşimov kimi komandirinə ən böyük hədiyyəsi olacağını bildiyimdən daha çox sevinir, daha çox həyəcanlanırdım. Kitabı Polad Həşimova təqdim edəndə məni qucaqladı, alnımdan öpüb, "bu, mənim ən yüksək hədiyyələrimdən biri oldu" - dedi. Bunun bir təsadüf, Allahın qisməti olduğunu dedim, çox sevindi və o gündən sonra məni "igid əsgər" deyə çağırmağa başladı. Mən və bütün əsgərlər onun igid, qəhrəman, qayğıkeş, vətənini canından çox sevən, əsgərlərə öz övladı, doğması kimi yanaşan komandir kimi tanıyırdıq. O, bütün insani keyfiyyətlərə malik idi. Mən bir əsgəri olaraq onu hər zaman özümə atam komandirim bilmişəm.
İndi Polad Həşimov ən böyük zirvə olan şəhidlik zirvəsində, Allahın dərgahındadır. Komandirimdən ən böyük istəyim isə mənim də vətən uğrunda şəhid olmaq arzumu Allaha yetirməyidir.
Dəyərli komandirimin ruhu qarşısında baş əyir, böyük hörmətlə haqqında danışdığım "Əsgər" şeirimi onun ölməz ruhuna ithaf edirəm. Tanrı komandirimin və bütün şəhidlərin qisasını almağı bizə qismət eləsin!
Əsgər
Hər əsgər bir hərfdir,
Düzülüşü şeirdir.
Hər addımı tərifdir,
Hər baxışı sehirdir.
Misra-misra görünür,
Heca vəzni içində.
Bir ürəktək döyünür,
Mətin, əzmi içində.
Əynindəki paltarı,
Göy qurşağın andırır.
Çiynindəki qatarı,
Silahını yandırır.
Hər zaman dava edir.
Soyuqlarda üşümür.
Bürkülərdə təntimir.
İrəli! - deyib gedir,
Geri dönmək düşünmür.
Zaur SAHİL



