Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Yaradıcılıq yönümlü təhsil müəssisələrində distant təhsilin aktual problemləri" mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.
İkigünlük vebinarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələrindən mütəxəssislər iştirak ediblər.
Vebinarın birinci günündə Azərbaycanın və Türkiyənin müxtəlif bədii təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq vebinara qatılan mütəxəssislərə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, dünyanı bürüyən pandemiya bütün fəaliyyət sahələri kimi, təhsil sahəsində də ciddi problemlər yaradıb. Distant təhsil rejimə keçidlə bağlı ən çox problemlər dərslərin əsasən canlı ünsiyyət üzərində qurulduğu bədii təhsil müəssisələrində özünü göstərib. Bu vebinarın əsas məqsədi bədii təhsil sferasında tədris prosesini stabilləşdirməyə və yeni şərtlərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək innovativ metod və texnologiyaların tətbiqi, müxtəlif bədii yönümlü məktəblərin praktiki nailiyyətlərinin ümumiləşdirilməsi və təcrübə mübadiləsi kimi aktual məsələləri müzakirə etmək, təcrübə mübadiləsi həyata keçirməkdir.
C.Mahmudova Azərbaycanda tədrisin pandemiya vəziyyətinə uyğun təşkili istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkə rəhbərliyi üçün prioritet məsələ insanların sağlamlığının təmin olunması və əhalinin pandemiya vəziyyətindən minimum itkilərlə çıxmasıdır.
"Azərbaycanda COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən karantin tədbirləri ilə əlaqədar mart ayından etibarən ölkədəki bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Sevindirici haldır ki, tədris prosesi dayandırıldıqdan dərhal sonra universitetin professor-müəllim heyətinin təşəbbüsü ilə dərslər onlayn şəkildə davam etdirilib. Əvvəllər müxtəlif virtual ünsiyyət proqramlarından istifadə edərək tədris prosesini aparan müəllimlər daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Teams" platforması vasitəsilə dərslərini daha rahat və sistemli şəkildə keçmək imkanı əldə ediblər", - deyə rektor bildirib.
Vebinarda, həmçinin, Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyasının tədris-metodiki işlər üzrə prorektoru, professor Qulnar Abdraxman, professor Lyalya Kaliakbarova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tərbiyə işləri və sosial məsələlər üzrə prorektoru Şınqıs Erqobek mövzu ətrafında fikirlərini bildiriblər.
S.QARAYEVA