|
|
|
|
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə universitetinin rektoru, professor Ədalət Muradov "Şöhrət" ordeni ilə təltif edilib.
Universitetin daha üç əməkdaşı da "Şöhrət" ordeni, dörd əməkdaşı 3-cü dərəcəli "Əmək" ordeni, 27 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunub.
1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.
Bu universitet təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda iqtisad yönümlü ən böyük universitetdir. UNEC yeganə ali məktəbdir ki, 4 dildə - ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. UNEC yeganə ali məktəbdir ki, xarici ölkədə - Rusiyada filialı var.
UNEC-də həyata keçirilən islahatların əsas öncəlikləri kimi əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsini və ölkənin rəqabət qabiliyyətini artıran insan kapitalının formalaşdırılmasına xidmət edilməsini göstərmək olar. Müasir çağırışları nəzərə alaraq, müasir bilikləri mənimsəyən, təkcə öyrənən deyil, həm də tədqiqatçı yanaşması və bacarığı ilə yeni fikir və baxışlar "istehsal edən" mütəxəssis yetişdirən universitet modelini formalaşdırmaq əsas məqsədlərindəndir. UNEC dövlət və özəl sektor təmsilçiləri, nüfuzlu xarici universitetlərlə sıx əməkdaşlıq etməyə başlayıb.
UNEC-in Türkiyə və Avropanın bir sıra universitetləri ilə geniş mübadilə və ikili diplom proqramları var. Yəni UNEC-i seçən tələbə 4 il ərzində həmin universitetlə yanaşı digər nüfuzlu xarici universitetlərin dilomlarını da əldə etmək şansı qazanır. UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Monpelye Universiteti arasında ikili diplom razılaşması var. Bu razılaşmaya əsasən, tələbələr 3-cü kurs təhsillərini Monpelye Universitetində davam etdirə bilırlər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan davam etdirirlər. Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə edən tələbələrə həm UNEC-in, həm də Monpelye Universitetinin diplomları təqdim olunur. Bu proqram UNEC tələbələrinə Monpelye Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir.
Bununla yanaşı, UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Litvanın Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması var. Bu razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Yəni İqtisad Universitetinin magistraturasına qəbul olunanlar həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin magistr diplomunu əldə edə bilirlər. Başqa sözlə, həm Azərbaycanın, həm də Avropanın diplomuna sahib olmaq imkanı qazanırlar. UNEC ilə İsveçrənin Cenevrə şəhərində yerləşən UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (BBTU) ikili magistr dərəcə proqramı aşağıdakı ixtisaslar üzrə həyata keçirilir.
Bir müddət əvvəl yeni istifadəyə verilən UNEC-in 3-cü korpusu isə Azərbaycan təhsili üçün yeni perspektiv sayılacaq örnəklərdəndir. Yüksək səviyyəli infrastruktur və tədqiqat laboratoriyaları Azərbaycan ali təhsil sistemi üçün əsl yenilik sayılmalıdır. Texnologiya istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusdakı laboratoriyalar bu yöndə elmi tədqiqat aparmaq üçün çox vacib resurs rolunu oynayır. UNEC-in yeni tədris korpusunda BP Azərbaycan şirkətinin sponsorluğu ilə yaradılacaq 3 laboratoriya da fəaliyyət göstərəcək: Qida kimyası laboratoriyası, Qida texnologiyası laboratoriyası, Ekologiya laboratoriyası. Bu laboratoriyalar bu ildən UNEC-də açılan yeni ixtisasların - Ekologiya mühəndisliyi və Qida mühəndisliyi ixtisaslarının tədrisinə yardım edəcək.
UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. UNEC öz missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə uğurla irəliləyir. Son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. Əsas hədəf yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək, tədqiqat universitetinə və sahibkar universitetə çevrilməkdir.
Həmçinin, sosial xidmətlərdə aparıcı universitetə və ən əsası yüksək beynəlxalq reytinqli universitetə çevrilmək də əsas hədəflərdəndir. UNEC hazırda strateji hədəflərinə doğru inamla, sürətlə irəliləyir.
Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə UNEC bir çox region universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevirmək üçün yetərincə potensialı var. İnanırıq ki, yaxın illərdə UNEC-in sədası daha mötəbər mövqelərdən gələcək.
S.QARAYEVA