İstanbuldan yazır
Sizə bir hadisə danışmaq istəyirəm. Tam aydın olsun deyə, bir az əvvələ qayıtmağa məcburam. Uşaq vaxtı atamız bizi gəzməyə aparardı. Ən xoşladığımız yer bulvar idi. Çünki cürbəcür əyləncə yerləri vardı. Ən çox da maşın sürməyi xoşlayardıq. Anam da bizimlə maşına minərdi, atam isə karuseldə fırlanardı. Sonralar bir kimsəsiz uşaq görəndə “görəsən, onları kim gəzməyə aparır” deyə ürəyimdə fikirləşərdim və onlara yazığım gələrdi. Kiçik qardaşım Orxanın maraqlı müşahidələri vardı. Bir dəfə o, atama dedi: “Ata, mən uşaq olanda elə bilirdim ki, göydəki ay kökədi, onu qoparıb yemək istəyirdim”. Orxan şirin sevəndi. Qardaşımın adını təsadüfən çəkmədim. Çünki danışacağım hadisənin ona da bir az dəxli var.
Bir axşam atam anama dedi: “Sabah Biləsuvara qaçqın düşərgəsinə gedəcəm, oxucularla görüşə”. Mən: “Ata, qaçqın yox, məcburi köçkün” – deyə onun dediklərinə düzəliş etdim və ata demiş, hüquqşünas məharətimi nümayiş elətdirdim. Anam da mənim tərəfimi saxladı: “Görürsən, başqa vaxt Leylanı bəyənmirsən, amma sənin danışıqlarını redaktə edir”. Ata əvvəlcə acıqlandı, sonra gülümsədi və yenə də qayğılı-qayğılı dedi: “Sabah oxucularla görüşüb, onlara kitab paylayacam, amma orda uşaqlar da var, axı, onlara da nəsə aparmaq istəyirəm”.
Hərəmiz bir təklif verdik. Mən dedim ki, uşaqlara jili-bondan-zaddan al. Ana təklif elədi ki, balacalara uşaq kitabı aparsın. Beşinci sinif ədəbiyyat dərsliyindən də özü ilə götürsün. Çünki orada atamın hekayəsi çap olunmuşdu. Hekayədə körpəsini xilas etmək istəyən bir anadan danışılırdı. Anam o hekayəni oxuyanda əvvəlcə “Buz heykəl”ə oxşayır”, sonra da: “Yox, bu bir az başqa cürdü” – demişdi. Təsirli hekayəydi. Atam cavab verdi ki, bu dərslik satışda yoxdu, özündə isə cəmi bircə dənədi. Hekayədə bir dovşan oyuncağından da söz açılırdı.
Söhbət edən zaman Orxan içəri girdi. Bayaqdan o da bizimləydi, amma o biri otağa keçməsindən xəbərimiz olmamışdı. Orxanın əlində onun çox sevdiyi dovşan vardı. Əslində o dovşan mənim idi, amma universitetə daxi olandan sonra onu Orxana bağışlamışdım. “Uşaqlıq qurtardı” – düşünmüşdüm. Oyuncaq Orxanın çox xoşuna gəlirdi. Universitet tələbəsi olmasına baxmayaraq, onu hər zaman yanında saxlayırdı. Uzanıb televizora baxanda da bəzən qucağında tutub sığallayırdı. “Bu dovşanı niyə bu qədər sevirsən?” sualına, Orxan “onun çox ağıllı gözləri var, həm də səndən fərqli olaraq gülərüzdü” – deyə cavab verirdi və məni cırnadırdı.
Orxan: “Sizi bilmirəm, amma mən bu dovşanı ata getdiyi yerdəki ən körpə uşağa bağışlayardım. Yəqin, orda ata-anasız uşaqlar da var. Ata bu dovşanı birinci gördüyün uşağa verərsən” – dedi. Hamımız məhəttəl qaldıq, hətta kövrəldik də.
Mən o zaman uşaqlığımızı və uşaqlıq düşüncələrimi xatırladım.
İndi demək istəyirəm ki, bir kimsəsiz uşaq görəndə ona oyuncaq hədiyyə edin. Əgər almağa imkanınız yoxdursa, onda evinizdə köhnəlmiş və daha sizə lazım olmayan oyuncağı verin. Bu onun üçün unudulmaz bir hədiyyə olar.