|
|
|
|
Millətimizin böyük zəfəri ilə başa çatan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Gəncədə ağacəkmə aksiyası keçirilib.
525.az xəbər verir ki, Gəncə şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində, bu məqsədlə ayrılmış 3 hektarlıq ərazidə reallaşdırılıb.
Ağacəkmə aksiyasında şəhərin rəhbəri Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, Gəncəni təmsil edən millət vəkilləri, ziyalılar, gənclər iştirak ediblər. Bu xoş tədbirə Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk də qatılıb. Aksiya zamanı Vətən müharibəsi şəhidlərimizin sayını simvolizə edən 2783 ədəd uzunömürlü ağac əkilib.
"Bu gün ağac əkdiyimiz bu ərazi həm də tarixi bir yerdir. 19-cu əsrin əvvəlində Gəncəni işğal etməyə gələn çar imperiyasının qoşunları ilə bizim şücaətli Cavad xanın igid əsgərləri məhz burada, şəhərin hüdudlarının başlandığı bu yerdə qarşı-qarşıya gəliblər və burada yüzlərlə gəncəli döyüşçü şəhid olub. Tarixin hökmüdür ki, bu gün həmin şəhidlərin, eləcə də şanlı Vətən müharibəsində şəhid olmuş övladlarımızın müqəddəs ruhları burada, Ulu öndərimizin adını daşıyan bu möhtəşəm məkanda qovuşur", - deyə Qafqaz Müsəlmanları İdarəsinin Gəncədəki səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov bildirib.
"Zaman keçəcək, bu gün əkdiyimiz bu ağaclar böyüyəcək, möhtəşəm bir yaşıl xiyaban yaradacaq. Bu məkan neçə-neçə nəsillərin yaddaşına Vətən uğrunda canlarından keçən əsgərlərin ruhuna xatirə abidəsi kimi düşəcək. Bu gün hamı kimi mən də şəhidlərə ehtiram əlaməti olaraq həyata keçirilən bu işə qatıldığıma görə çox xoşbəxtəm", - deyə Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürk təəssüratlarını bölüşüb.
Əlavə edək ki, yeni salınan yaşıllıq ərazisi müvafiq suvarma sistemi ilə də təchiz olunub.
Zakir MURADOV
Gəncə