|
|
|
|
Fevralın 1-dən orta məktəblərdə dərs prosesinin bərpası ilə əlaqədar, Gəncənin binaları xəsarət görmüş məktəblərində bu məsələ ilə bağlı vəziyyət haqda şəhər Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev açıqlama verib.
"Oktyabr ayında ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində ümumilikdə 9 məktəbə ziyan dəyib. Onlardan iki məktəbdə xəsarət daha ciddidir. Yüngül ziyan dəymiş digər məktəblərdə isə pəncərələrinin, qapı və çərçivələrin bərpası işləri başa çatdırılır", - deyə o bildirib.
Müsahib qeyd edib ki, 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və həmin korpus əsaslı təmir üçün saxlanılıb:
"Məktəbin digər korpuslarında tədris davam edəcək. 29 nömrəli məktəbin binası köhnə olduğu üçün terror aktı nəticəsində ora da ciddi ziyan dəyib. Hazırkı an üçün həmin məktəbdə tədris dayandırılıb. Məktəbin 929 nəfər şagirdi dərslərə yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə davam edəcəklər. Yüngül xəsarət görmüş yeddi məktəbdə aparılan təmir işləri fevralın 1-dək başa çatdırılacaq".
A.Qədiməliyev həmçinin, Gəncədə terror aktından sonra psixoloji travma alan şagirdlərlə xüsusi iş aparıldığını da qeyd edib.
"Psixoloji sarsıntı keçirən şagirlərimiz müəyyən olundu və ixtisaslı psixoloqlar həmin uşaqlarla işləyirlər. Həmçinin, bu işə müəyyən dövlət orqanlarından psixoloqlar da dəvət olunub və bu sahədə iş gedir", - deyə, o bildirib.
Zakir MURADOV
Gəncə