Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitetdaxili İkili Diplom Proqramının (UDİD) ilkin təqdimatı olub.
UNEC-dən bildirilib ki, rektor Ədalət Muradovun iştirakı ilə keçirilən təqdimatda tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev UDİD proqramının qaydaları, tətbiqi və icrası haqqında məlumat verib.
Qeyd olunub ki, UDİD proqramının yeni tədris ilindən reallaşdırılması nəzərdə tutulur. UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər. İki ixtisasa yiyələnmək tələbələrin məzun olduqdan sonra əmək bazarının tələblərinə daha çevik uyğunlaşması ilə yanaşı, onların rəqabət qabiliyyətini də artıracaq.
Təqdimatdan sonra UDİD proqramının daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və təkliflər səsləndirilib.
SEVİNC