Gəncənin Bala Bağman adlanan ərazisində yerləşən, şəhərdə "Nizaminin evi" kimi tanınan, vaxtilə "Nizami" bədii filminin çəkilişləri üçün inşa edilmiş, 1984-cü ildən rəsmən Nizami Gəncəvinin Ev-Muzeyi statusu almış, lakin sonralar bərbad hala düşmüş qədim üslublu tikilinin, eləcə də onu əhatə edən həyətdəki yaşıllıq və dekorasiyaların gözdən-könüldən qıraqda qalması haqqında "525-ci qəzet"in 31 mart tarixli sayında yazı vermişdik.
Həmin yazıdan, eləcə də onun sosial şəbəkələrdə yayılmasından sonra dahi şair və mütəfəkkirimizin adı ilə simvolik bağlılığı olan məkanın aqibətinə biganə qalmaq istəməyən gəncəlilər sözügedən ərazidə iməcilik keçirmək təşəbbüsü ilə çıxış etdilər. Əlaqədar rəsmi qurumlar da həssaslıq göstərərək, bu xeyirxah təşəbbüsü dəstəklədilər. Beləliklə, "Nizaminin evi" və onun ətrafında Gəncə şəhərinin, eləcə də Nizami Bələdiyyəsinin abadlıqla məşğul olan müvafiq qurumlarının əməkdaşları, yerli Mədəniyyət İdarəsinin təmsilçiləri, mətbuat və televiziya təsisatlarının və digər yaradıcı peşələrin nümayəndələri, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun fəalları, Gəncə Maarif Evinin gənc könüllüləri və fərdi şəkildə tədbirə qatılan sadə gəncəlilər tərəfindən son qırx il ərzində ilk dəfə olaraq, səliqə-sahman yaradılması yönündə işlər görüldü.
"Nizaminin evi"nin gələcək taleyi ilə bağlı aldığımız xəbərlər də ümid doğurdu. Bu məsələdə "Cavad xan" Tarix Mədəniyyət Fondu da çox əhəmiyyətli təşəbbüsləri ilə seçilib. Fondun rəhbərlərindən biri olan Müzadi Həsənov hələ 2018-ci ildən "Nizami evi"nin əsaslı təmir və bərpası ilə bağlı xüsusi layihələri olduğunu diqqətə çatdırdı. O qeyd etdi ki, bu yöndə Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq əsasında bir sıra işlər həyata keçirilməkdədir və nazirliyin Mədəni irsin Qorunması və Bərpası Agentliyi ilə təmaslar sayəsində sözügedən ərazinin yeni bərpa plan-sxemi hazırlanıb.
"Bu layihə öz təsdiqini tapdıqdan sonra müvafiq işlərə start veriləcək. Düşünürük ki, bu ərazi istər əsas tikilinin Nizami dövrünə, yəni 12-ci əsrə aid olan məxsusi memarlıq üslubu, istər də evin ətrafında, həyətindəki "emalatxana", "su quyusu", "təndir", "at tövləsi" kimi yerləri ilə özü-özlüyündə maraqlı bir tarixi-etnoqrafik məkan halına gələ bilər. Odur ki, biz bu sadalananların hamısını öz orijinal tarixi üslubunda, yəni tipik orta əsr Gəncə evi şəklində bərpa etmək istəyirik. Bu məkanda həmin dövrdəki həyat və məişətimizi, peşə və sənət yaradıcılığımızı, mətbəximizi, o cümlədən, Novruzla bağlı bayram ənənələrimizi və digər milli ruhlu anlayışları təbliğ və nümayiş etdirməklə, insanlarımızda, xüsusən gənclərimizdə, eləcə də Gəncəyə gələn qonaqlarda dərin maraq oyatmaq olar", - deyə M.Həsənov bildirir.
Müsahib həmçinin, bərpa üçün gərəkli vəsaitin fondun xətti ilə donorlar tərəfindən ayrılmasının mümkün olacağını da qeyd etdi.
Zakir MURADOV
Gəncə