
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ədliyyə generalı, Qarabağ müharibəsi veteranı Akif Rəfiyevin təşəbbüsü ilə "Gəncəyə səyahət" jurnalı nəşr olunub.
Təqdirəlayiq addımlardan başlıcası odur ki, bu nəşr İkinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Gəncədə törədilmiş terror aktı qurbanlarının əziz xatirəsinə həsr edilib. Jurnal Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncənin tarixi, görkəmli şəxsiyyətləri, adlı-sanlı nəsillərin nümayəndələri haqqındadır. "Gəncəyə səyahət" jurnalı Akif Rəfiyev, tarix elmləri doktoru Sevinc Əliyeva, tarix üzrə fəlsəfə doktoru Mehriban Əliyeva tərəfindən tərtib olunub.
Jurnal vaxtilə Ulu öndər Heydər Əliyevin Gəncədəki çıxışı ilə başlayır. Ümummilli liderimiz Heydər Əliyev Gəncənin Sərdar bağında görkəmli şairə Nigar Rəfibəylinin abidəsinin açılışında iştirak etmişdi. Həmin çıxışda Rəfibəylilər nəslinin Gəncənin tarixində mühim yeri olduğunu vurğulayan Ulu öndər xüsusən Nigar Rəfibəyli, Rəsul Rza və Anarın haqqında çox xoş sözlər söyləmişdi.
Jurnalda diqqət çəkən məqamlardan biri də məlumatların üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunmasıdır. Fotoşəkillərin çoxluğu nəşrin zənginliyindən xəbər verir, əyanilik oxucuda maraq yaradır.
Azərbaycanın böyük şairi, dahi Nizami Gəncəvinin "Sevgili canan" qəzəli və şair haqqında kiçik məlumat ilk səhifələrdə yer alıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Tariximizin qeyrət qalası Gəncə" adlı yazısında Gəncənin bütün çətinliklərə sinə gərən qəhrəman şəhər olduğunu qeyd edir: "18 oktyabr Müstəqillik bayramı ərəfəsində Gəncənin xaincəsinə vurulması Füzulinin azad olunması sevincini ürəkdolusu yaşamağa qoymadı. Cəbhə xəttindən çox uzaq olsa da, bu gün Gəncə həmişəki kimi döyüş meydanındadır - öz əzmiylə və şəhidləriylə, qüruruyla və qurbanlarıyla, dağıdılmış evləri və qələbəmizə sarsılmaz inamıyla. İnanıram ki, bütün işğal edilmiş torpaqlarımızın azad olacağı yaxın günlərdə hörmətli Prezidentimiz İlham Əliyevin fərmanı ilə başqa şəhərlərimizlə bir sırada Gəncə də "Qəhrəman şəhər" adına layiq görüləcək. Ona da inanıram ki, öz ad gününə bir gün qalmış və bir daha heç vaxt ad gününü özü qeyd edə bilməyəcək on beş yaşlı Nigarın - anam Nigar Rəfibəylinin adaşı Nigar Əziz qızı Əsgərovanın qanı da bütün şəhidlərimizin qanı kimi yerdə qalmayacaq".
Jurnalda Akif Rəfiyevin "Vətənimin gözəl guşəsi Gəncə" adlı yazısı da yer alıb, Gəncənin qədimliyi və füsunkarlığı barədə söhbət açılıb: "Elə bir ağac, bitki, məhsul yoxdur ki, Gəncə torpağı onu yetişdirməsin. VII əsrin mavzoleyləri, Atabəylər dövründən (XII əsr) yadigar qalmış tarixi binalar şəhərə əlavə gözəllik bəxş edir. Şəhər genişlənmiş, çoxlu gözəl binalar tikilmiş, parklar salınmışdır. Cümə məscidi, hamam, karvansaraylar, şəhərə indi də başqa bir gözəlliklər verir. Azərbaycanın döyünən ürəyi Gəncə! Yaşa, yaşa, çox yaşa, gözəl Gəncə!"
Jurnalın digər bir səhifəsində A.Rəfiyevin Binəqədi rayonunun ağsaqqalları adından yaydığı "Bu əsl Vətən müharibəsidir" adlı bəyanat çap olunub. Bəyanatda Azərbaycan hökumətinin uğurlu siyasəti dəstəklənir və erməni vandalizmi lənətlənir.
Jurnalda Gəncənin tarixi abidələri, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid olan görüntülər öz əksini tapıb. Sonrakı səhifələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında qısa məlumatlar fotoşəkillərlə birlikdə oxuculara təqdim olunub. Gəncənin görkəmli şəxsiyyətlərinin, məşhur nəsillərdən olan nümayəndələrin, xüsusən Rəfibəylilərin haqqında məlumatlar da jurnalda yer alıb.
İkinci Qarabağ savaşı zamanı ermənilər tərəfindən Gəncəyə qarşı törədilmiş amansız terror aktının nəticələri olan dağıntıların da görüntüsü jurnala daxil edilib.
Nadir RZALI



