
Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediasına və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihələri elan edib.
Müsabiqələrdən birində ictimai-siyasi qəzetlər, digərində isə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilərlər. Ekspertlər hesab edirlər ki, yeni müsabiqə qəzetlər, habelə xəbər saytları arasında sağlam rəqabət mühiti yaradacaq. Həmçinin, çap mediasının onlayn mediaya inteqrasiyasına təkan verəcək və media subyektlərində əmək fəaliyyətini gücləndirəcək.
Son aylar Medianın İnkişafı Agentliyinin çox gərgin işlədiyini, həm "Media haqqında" yeni qanun layihəsinin, həm də yeni şərtlərin hazırlanması üzərində iş getdiyini vurğulayan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Report"a açıqlamasında bildirib ki, Medianın İnkişafı Agentliyinin yaranması və medianın fəaliyyəti ilə bağlı yeni sənədlərin hazırlanması məsələsi bu mövzuya diqqəti xeyli artırıb: "Bilirik ki, informasiya texnologiyaları inkişaf edib, öz formasını dəyişib. Artıq media klassik mərhələdən daha dinamik variantlara keçir. Bunlara veb-saytlar, müxtəlif audio-vizual medialar, sosial şəbəkə və yutub kanallarını misal gətirə bilərik. Buna görə də nəyin media hesab olunması, kimin jurnalist sayılması məsələsi gündəmdədir. Bütün bu işlər ətrafında da MEDİA dinamik və fəal işləyir. Həm də çox çətin məsələdir ki, burada kimsə narazı qalmasın, özünü jurnalist adlandıranlar bu prosesdən kənarda qalanda hansısa qalmaqal, qeyri-obyektivlik yaranmasın". Rəşad Məcid hesab edir ki, elan olunan yeni şərtlər keçid mərhələsi üçün vacibdir: "Vaxtilə KİVDF klassik çap mediasının sıradan çıxmaması üçün yaradılmışdı. 10 ildən artıq bir müddətdə ölkədə yazılı mətbuatın yaşaması məhz bu fondun hesabına olmuşdu. İndi yeni şərtlərdə əsas məqsəd klassik medianı, çap mediasını saxlamaq, qorumaq və onlara dəstək olmaq məsələsidir. Bununla da artıq həftəlik və gündəlik qəzetlərə maliyyə ayrılacaq. Mən bunu da məqbul sayıram. Hesab edirəm ki, veb-saytlara, onlayn mediaya keçid mərhələsində qəzetlər artıq həftəliyə keçib, daha sonra elektron variantlarını gücləndirməlidirlər. Qəzetlərin veb-saytlarına ayrıca maliyyə ayrılması da gələcəkdə qəzetlərin diqqətini məhz bu versiyalara üstünlük verməyə yönəldəcək. Eyni zamanda, veb-saytların yenilənməsi üçün də maliyyə ayrılır ki, bu da yenilikdir". Baş redaktor qeyd edib ki, ilkin mərhələdə, keçid dövrü üçün çox məqbul şərtlər irəli sürülüb: "Bu gün media adına, veb-sayt adına iddia edən həddindən artıq çox şəxslər və qurumlar var. Buna görə də ilkin şərt kimi ən az 3 nəfər işçisi olan və normal hüquqi qaydalarda qeydiyyatdan keçən, gündə minimum 20 xəbər yayan saytlara üstünlük verilib. Bu da məqbul variantdır. Hazırda bizdə inkişaf etmiş veb-saytlar var. Güman ki, onlar bu dəstəyə ehtiyac da duymurlar. Amma başqa medialar var ki, 3 min manat onların irəli getməsinə və inkişaf etməsinə kifayət qədər stimul olacaq. Bu baxımdan, mətbuatın gələcək inkişafı üçün təklif olunan şərtləri uyğun hesab edirəm. Düşünürəm ki, zaman keçdikcə, texnologiyalar inkişaf etdikcə bu şərtlərdə də dəyişikliklər baş verəcək".
"Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı SİA-ya açıqlamasında qeyd edib ki, KİVDF-nin öz fəaliyyətini yalnız print mediaya dəstəklə məhdudlaşdırmaması bizim illərdən bəri arzumuz idi: "Biz bu təklifimizi dəfələrlə dilə gətirmişik. Çünki artıq bütün dünyada onlayn media avanqard rolunu oynamaqdadır və print medianın əhəmiyyəti xeyli dərəcədə azalıb". Onun sözlərinə görə, dünyanın ən tanınmış media quruluşları belə öz print versiyasından imtina edərək onlayn versiyaya keçid alıb: "Yəni media sürətlə onlayn müstəvidə inkişaf edir, sürətlə vizuallaşır və təbii ki, bu inkişafla ayaqlaşmaq lazımdır. Əvvəllər KİVDF yalnız print mediaya dəstək verməklə kifayətlənirdi. Artıq hər mənada yenilənən Medianın İnkişafı Agentliyi son addımı ilə göstərdi ki, onlar mediadakı bütün sferaları əhatə edəcəklər". A.Camalqızı vurğulayıb ki, onlayn media üçün belə bir müsabiqənin elan edilməsi həddən ziyadə mühüm və vacib addımdır: "Hesab edirəm ki, bu fəaliyyət davamlı, ardıcıl olacaq və medianın inkişafı üçün Agentlik bizə dəstək verəcək. Çünki bütün dünyada media hər gün inkişaf edir, yenilənir. Artıq dünənki avadanlıqlar, media cihazları bu gün üçün köhnəlmiş sayılır. Bizim də bu templə ayaqlaşmağımız üçün maliyyə dəstəyinə çox böyük ehtiyacımız var. Fikrimcə, Medianın İnkişafı Agentliyi bu cür layihələri həyata keçirməklə medianın inkişafına öz töhfəsini verəcək".



